Niyə sülh sazişi deyil, bəyanat imzalandı?

Azərbaycanla Ermənistan arasında otuz iki il ərzində mövcud olan münaqişənin ən son aktiv fazasının yekunu ilə bağlı bəyanatın mətni kimin qalib və kimin məğlub olmasını açıq göstərir. Bir çoxları bu bəyanatı müəyyən məqamlarda sülh sazişi və ya müqaviləsi ilə qarışdırır. Əslində bu, belə deyil, hazırkı sənəd Rusiya dövlətinin iştirakı ilə tərəflərin müharibənin dayandırılmasına və ondan sonra baş verəcək proseslərə aid mövqelərinin bəyan edilməsinə aiddir.

Bəyannamənin mətninə aid detallara toxunmaq fikrində olmasam da, müəyyən əhəmiyyətli məqamlara dair fikrilərimi qeyd etmək istərdim. Sənədin bəyannamə olduğunu vurğulamaqda əsas məqsədim ondan ibarətdir ki, Ermənistan üçün dəhşətli nəticələrə səbəb olan bu müharibəni, məhz təcili şəkildə bəyannamə ilə durdurmağa ehtiyac var idi. Daha sonra işğalçı tərəf üçün ən acınacaqlı reallıq odur ki, özü özünün kapitulyasiyasının bəyan edilməsində iştirak etməyə və o bəyannaməni imzalamağa məcbur oldu.

Təbii ki, onu da qeyd edim ki, bu qədər uzunmüddətli münaqişənin nəticələrinə dair mürəkkəb prosesin nizamlanması ilə bağlı bütün detalların əks olunacağı əlavə sənədlər də olacaq. Ancaq həmin prosesin ilkin və əsas mahiyyətini özündə əks etdirən bu bəyannamə özü-özlüyündə həqiqətən də bütün dünyaya bir çox vacibləri bəyan etdi.

Ümumiyyətlə, bu bəyannamə ilə yekunlaşan 44 günlük proses Azərbaycana, Ermənistana və xalqlarımıza nə verdi?!

Bu son müharibədə Azərbaycan bütün dünyaya, o cümlədən də düşmənə və onun havadarlarına nəyə qadir olduğunu nümayiş etdirdi. Bu günlər ərzində faktiki olaraq işğalçı Ermənistanın altı il ərzində işğal etdiyi ərazilərin əhəmiyyətli hissəsini azad etdi. Digər hissəsini də, döyüşsüz və müharibəsiz qaytarmaq öhdəliyini Ermənistan öz üzərinə götürdü.

Bəyannamənin ən əhəmiyyətli məqamlarından və Azərbaycan tərəfinin lehinə olan hissələrindən biri işğala məruz qalmış ərazisinə görə çox böyük və mürəkkəb coğrafi mövqeyə malik olan Laçın və Kəlbəcərlə yanaşı, həm də ən böyük rayonlarımızdan biri Ağdamın heç bir qan tökülmədən geri qaytarılmasına aiddir. İşğala məruz qaldığı zaman Azərbaycan hərbçiləri ilə yanaşı düşmənin də, yüzlərlə, bəlkə də minlərlə hərbçisinin həlak olduğu üç böyük rayonun bir güllə atılmadan və bir şəhid vermədən, sadəcə bir imza ilə boşaltmağa məcbur edilməsini düşünün.

İşğalçı Ermənistan, otuz ildən çox uğrunda mübarizə apardığı, insanlarını qurban verdiyi, xalqını məhrumiyyətlərə düçar etdiyi və bütün daxili və xarici siyasətini səfərbər etdiyi Dağlıq Qrabağın statusunun müzakirəsindən imtina etməyə də məcbur edildi.

Regionun bütün əhəmiyyətli enerji və nəqliyyat qovşaqlarını özündə birləşdirən ölkəmiz, həm də Naxçıvana və oradan da Türkiyə vasitəsilə dünyaya, Avropa və Türkiyə də öz növbələrində, əks istiqamətdə Azərbaycan üzərindən Xəzər dənizinə və Mərkəzi Asiyaya nəqliyyat çıxışları əldə etmiş oldular.

İkinci Qarabağ müharibəsindəki qələbəmiz təkcə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnmədi. Bu qələbə işğalda olan milli-mədəni irsimizin, müqəddəs məbədlərimizin, arxitekturamızın, ekologiyamızın, faunamızın, floramızın, keçmişimizin, milli qürurumuzun, dik duruşumuzun və muğamımızın beşiyi olan bütün Qafqazın incisi Şuşamızın azad edilməsi ilə yekunlaşdı. Bu müharibə xalqımızı adına heç vaxt yaraşmayan məğlubiyyət yükündən azad etdi. Həm brinci Qarabağ müharibəsi dövründə, həm də iyirmi altı illik atəşkəs dövründəki düşmənin təxribatları nəticəsində həyatlarını itirən hərbçi və mülki vətəndaşlarımızın intiqamını almaq öhdəliyindən azad etdi. Bir çox digər mühüm əhəmiyyətli amillərlə yanaşı, ikinci Qarabağ müharibəsi və əldə etdiyimiz möhtəşəm qələbə bizi lazımsız ATƏT-in Minsk qrupundan azad etdi.

Bu 44 günlük dövr ərzində dünya azərbaycanlıları ilə yanaşı, ölkəmizdəki bütün insanları, hətta bu günə qədər əsaslı və ya əsassız iqtidarın fəaliyyətini tənqid edən müxalif cəbhəni də, bütövlükdə Prezident və Ali Baş Komandan kimi öz ətrafında sıx birləşdirən İlham Əliyev bu istiqamətdə də bir ilkə imza atdı.

Prezident və Ali Baş Komandan İlham Əliyevin özünə gəldikdə isə əminliklə demək olar ki, xalqımıza bəxş olunan əvəzolunmaz və möhtəşəm qalibiyyətin və zəfərin memarı kimi, ötən əsrin əvvəllərindəki 23 aylıq dövr də daxil olmaqla, bütün müstəqilliyimiz dövründə heç bir sələfinin edə bilmədiyini bacardı. Hətta deyərdim ki, bundan sonra da xələflərinin etməsi üçün də mümkünsüz olan bir işi gördü. Çünki bizim ikinci bir Şuşamız və ya işğalda qalan digər ərazimiz qalmadı ki, onu kimsə, hətta bacarsa belə gələcəkdə azad etsin.

Bu gün Rusiya sülhməramlılarının münaqişə ərazisinə cəlb olunması ilə bağlı qeyd edim ki, ilk öncə həmin missiyanı onlar tək deyil, Türkiyə hərbçiləri ilə birgə həyata keçirəcəklər. Bu da Azərbaycanın əsas məqsədlərindən biri olan prosesin qeyri-döyüş mərhələsinə Türkiyənin cəlb olunması ilə bağlı uğurunu göstərir. Məramı sülh olmayan kimsəni dövlətimiz o ərazidə bir gün belə saxlamaz.

Həm də, hazırda ermənilərin bir neçə gün ərzində boşaltmalı olduqları rayonlarımızdakı evlərdən çıxmaq istəməmələri bir daha təsdiq etdi ki, bu addım da düzgün atılıb.

Düşünürəm ki, bu prosesdə əslində bütün tərəflər qazanmış oldular. Hətta çox böyük sayda hərbçilərinin itkisinə məruz qalmasına baxmayaraq, erməni xalqı da qazanclı çıxdı. Özünə adi olmayan ərazilərdən çıxmaqla, daha çox gec olmadan özünün əsl reallığına qayıtmış oldu və uzun illər ərzində ona yalan nağılları danışan hakimiyyətinin iç üzünü gördü. Bu prosesdə yeganə uduzan tərəf isə Ermənistanın cinayətkar rəhbərliyi və onun Dağlıq Qarabağdakı oyuncağı olan qondarma rejim oldu. Böyük ehtimalla bu acı məğlubiyyət cinayətkar Paşinyan rejiminə hakimiyyəti və azadlığı bahasına başa gələcək.скачать dle 10.6фильмы бесплатно
12-11-2020, 18:31
Baxıs: 33 550
Reyting: