Paşinyanın təxribatçı bəyanatları onun Azərbaycanla danışıqlara hazır olmadığını sübut edir

Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” bəyanatı heç bir məntiqə sığmır. Bunu Trend-ə politoloq Fikrət Sadıxov deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də Avropa İttifaqının yüksək vəzifəli şəxslərinin danışıqlar prosesinin formatının dəyişilməz olması ilə bağlı son bəyanatı Ermənistan üçün ciddi siqnaldır: "Bu ondan xəbər verir ki, dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində birmənalı mövqeyi danışıqlar prosesində Azərbaycanın dəstəklənməsinə yönəlib. Bununla belə, erməni baş nazirin hərəkətdləri onu göstərir ki, o, nəinki siyasətdə diletantdır, həm də bu münaqişənin mahiyyətini başa düşmür. Paşinyan işğal altında olan Dağlıq Qarabağa səfərlər edir, münaqişənin həlli ilə bağlı əsassız bəyanatlar səsləndirir".

F.Sadıxov hesab edir ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatları Ermənistan cəmiyyətində də qıcıq yaradır: "Ermənistanda Paşinyanın özünə münaqişənin nizamlanması üzrə Azərbaycanla aparılan danışıqların nəticələri, onun gələcək planları və münaqişəyə baxışı ilə bağlı çoxsaylı suallar mövcuddur. Paşinyan sabiq prezidentlərin adlarını çəkərək onlardan məsləhət ala biləcəyini bəyan edir. Mən təsəvvür etmirəm: o, həbsdə olan eks-prezident Robert Koçaryanla necə məsləhətləşə bilər?! Bütün bunlar onu sübut edir ki, Paşinyan danışıqlar prosesinə hazır deyil, özünü Azərbaycanla necə aparmaq qaydasını bilmir, nizamlanma prosesi ilə bağlı dəqiq mövqeyə malik deyil".

Politoloq güman edir ki, N.Paşinyanın dolaşıq bəyanatları onun Azərbaycanın işğal altında olan torpaqların qaytarılmasının qaçılmaz olduğunu anlamasından irəli gəlir:

"Paşinyan münaqişənin həllinə ciddi yanaşmalı, xarici siyasətin konturlarını düzgün müəyyən etməli, Azərbaycanla razılığa gəlməlidir. Qollarını çırmalayıb küçələrdə çoxsaylı vədlər verməkdənsə, o, ATƏT-in Minsk qrupunun Madrid, Kazan və digər şəhərlərdə qəbul etdiyi qayda və prinsiplərini nəzərdən keçirməlidir. Paşinyan isə əksinə, münaqişənin həlli ilə bağlı heç bir əməli addım atmır. Buna görə də düşünürəm ki, o, hər hansı bir əlverişli situasiyanın ortaya çıxmasını gözləyir ki, erməni ictimaiyyətinə ümidlər versin. İctimaiyyət isə ondan konkret və real addımlar gözləyir".

F.Sadıxov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyib və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib:

"Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir. Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən əsassız iddiaların axtarılmasına sərf edilən vaxt sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir".скачать dle 10.6фильмы бесплатно
22-03-2019, 17:59
Baxıs: 85 743
Reyting: