Bu cərrahi əməliyyatlar PULSUZDUR-AÇIQLAMA

Böyrək çıxarılması əməliyyatı nefrektomiya adlanır və icbari tibbi sığorta təminatına daxildir. Həmin əməliyyat açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, xəstənin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəli çıxarılması ilə bağlı 3359 əməliyyat icra olunub.



Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması, böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və sair kimi patologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər. Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda, həyati təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqda və böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyin olunur.



Əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəs müayinəsi, böyrəklərin kompüter tomoqrafiyası və digər müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır. Həmin tibbi xidmətlə bağlı reanimasiya və stasionarda qalma, müalicə və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.



Nefrektomiya əməliyyatından sonra qalan böyrəyin funksionallığını qiymətləndirmək üçün xəstə mütəmadi olaraq uroloq tərəfindən müayinə olunmalıdır.



Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında icra olunur. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.скачать dle 10.6фильмы бесплатно
23-04-2024, 08:57
Baxıs: 778
Reyting: