Həmid Herisçinin növbəti karnavalı

Həmid Herisçinin növbəti karnavalıHəmid Herisçi sehrli müəllifdir, o şeirini yazmağa başlayanda dünyadan qopur və bu səbəbdən onun oxucusu həm də canbaza çevrilir, özünü şairin qabağında sərib ikiyə bölünməyə hazır olur.

Kainatda can verməkdə olan poeziya sənətinin bir nəbzi mübaliğsiz Həmidin çal birçəyində döyünür, yaxud da sol döşünün altında.

Lakin şair gərək əşarının sərhədlərini dəqiqləşdirəndə, onu həyata, siyasətə, ictimaiyyətə sıçradanda sol döşü ilə yox, çal birçəyi ilə qərar versin.

Həmid Herisçinin iki gün əvvəl verdiyi müsahibədən sonra uzun illərdir özümə verdiyim sualıma aydınlıq gəldi:

- Niyə bu qədər istedadlı qələm adamlarımız dünya plastına qalxa bilmir?

- Çünki istedadlarını ayaqda saxlayacaq, yaşadacaq ictimai qüdrətləri yoxdur, buna görə də şair şəxsiyyətə çevrilə bilmir. Danışa-danışa söz-söhbətə, ən yaxşı halda nağıla çevrilir.

Həmid Hersiçinin sözügedən müsahibəsində eyni problemi görürük, şair o qədər bəlağətli danışır ki, bir də baxırsan, öz danışdıqlarına aludə olur, mitoman “sadəlöhvlüyü” ilə arvadını tərifləyir... Bilmirəm, mən sadəcə şeir qartalının qanadlarını yerlə sürünən görəndə çox narahat oluram.



...Cəlaləddin, bu işi görən külək

qəm tərəzisinin çəki daşlarını da

yerindən tərpədəcək.

Hər nə var idi,

o sənə yar idi,

qapı da divar idi,

xaneyi – hikmətə

Şəmsin nuru gəlməyincə….

Cəlaləddin, mən sevgilimi yox,

sevgini sevirəm,

siz gedirsiz, mən yol gedirəm...

Azərbaycan televiziya məkanında (son klassik akkordlarını çalan bir platformada) növbəti mövsüm yoldaşı ilə yer almadıqlarından əsəbiləşib deyir ki, ömrümü Şimali Azərbaycana həsr etdiyimə görə peşmanam...

Vətən kimi ləng nəsnəni insanlara sevdirməyi bacaran bir obrazı – şairi insanlar vətəndən küsdürə bilməməlidir. Şairə oyuncağı sındırılmış uşaq incikliyi ilə ağlamaq heç yaraşmır.

Ömrüboyu dərviş kimi göylərdə yaşayan şair siyasi, iqtisadi, sosial müstəviyə qonanda ehtiyatlı olmalıdır, yalnız özünə tanış daşların üstündə gəzməlidir, yoxsa gülməli vəziyyətə düşə bilər. Məsələn, Həmid Herisçi müsahibəsində deyir ki, Cənubi Azərbaycanda proses başlayıb: Şair bu başlanğıcı Təbrizin “Traktor” komandasının oyunçularının ABŞ-yə transferi ilə əlaqələndirir. Davamında da deyir ki, Cəfər Pənahinin (hətta ilk dəfə adını da səhvən Cavad Pənahi deyir) Kann Festivalında qalib olub, “Qızıl Şir” alıb. Davamında bu “qızıl aslanı” Eldəgizlərin hökmdarı Qızıl Arslanla əlaqələndirir, Qızıl Arslandan sonra külək olub Nizamiyə qədər qalxır... Halbuki Pənahinin qalib olduğu Kann Festivalının mükafatının adı “Qızıl palma budağı”dır, “Qızıl aslan” yox. Cəfər Pənahi “Qızıl aslan” mükafatını 20 il əvvəl alıb, Venesiyada. Həmidin yozumuna qalsa, proses 20 il əvvəldə başlamalı idi...

Öz səsində asimana bülənd olan şair az sonra deyir ki, Azərbaycanın İranla sərhədlərinin bağlı qalması PKK-nın işidir...
Bəs, görəsən şair Rusiya ilə, Gürcüstanla sərhədlərinin bağlı qalmasına necə aydınlıq gətirə bilər?

Həmid Herisçinin ayaqları nə qədər ki, səmadadır, heç vaxt özünə şəxsiyyət qazandıra bilməyəcək. Çünki onun özünə və şair adına arzuladığı obraz təkcə şeir yazmalı deyil, inqilab etməlidir – bu gün əlində qələm varsa, sabah qılınc olmalıdır – çiynində bu gün ilham pərisi varsa, sabah nasist qartalı olmalıdır:

...Təbriz bələdiyyə binası üzərindəki nasist qartalı...

ey mənim nasist qartalım,

qadan alım, başına dönüm,

Sən çağırdın, vətənimə döndüm...

Ancaq Həmidin şair üçün biçdiyi bu obraz heç vaxt öz əyninə gəlməyəcək, ətəkləri yerində durmayacaq, çünki Həmidin heç vaxt ayaqları yerə, torpağa dəymir. Həmid öldükdən sonra arzuladığı şairə çevriləcək, çünki məhz öldükdən sonra onun ayağı torpağa dəyəcək, məzar torpağı məcbur ayaqlarını yerə basanda xalqın qəhrəmanına çevriləcək. Danışan Həmid heç vaxt heroik şair ola bilməz. Çünki o, danışa-danışa AYO-nu AYB-yə, Bakını Təbrizə dəyişir...

Əslində bu müsahibədə xeyli ağır mətləblər, ittihamlar və həqiqətlər var... Sadəcə, istəmirəm yazım donos qoxusun. Xüsusilə də Həmid Herisçidən yazarkən.

Hələliksə, bu isti, mənasız, mövzusuz, gündəmsiz yay günlərində əlində buz vedrəsi gəzdirən şairə minnətdarlıq edək.
Karnaval üçün təşəkkür edirəm, ustad!

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçünскачать dle 10.6фильмы бесплатно
Bu gün, 16:36
Baxıs: 0
Reyting: