allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Hər kəsin öz Əsədi - Yubiley təbriki GÖRKƏMLİ SÖZ ADAMI, DOSTUM ƏSƏD CAHANGİRİN 55 İLLİYİNƏ » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Hər kəsin öz Əsədi - Yubiley təbriki GÖRKƏMLİ SÖZ ADAMI, DOSTUM ƏSƏD CAHANGİRİN 55 İLLİYİNƏ


Allahın yaratdığı hər şey gözəldir. Amma bu gözəlliyi görmək və təsdiq etmək yalnız seçilmişlərə aiddir. Uşaqlıqda oxuduğum hansısa bir şeirdə deyildiyi kimi, "sir-sifəti gözəl olan gözəl olmur, gözəlliyi duyan adam gözəl olur". Gözəllikdən ilhamlanıb onu əbədiyaşar sözə çevirməyi yalnız seçilmişlər, sevilmişlər bacarır.
Hər kəsin öz Əsədi - Yubiley təbriki GÖRKƏMLİ SÖZ ADAMI, DOSTUM ƏSƏD CAHANGİRİN 55 İLLİYİNƏ
Müstəqillik dövrü ədəbi mühitimizin ən parlaq simalarından biri olan Əsəd Cahangirdən Tanrı öz sevgisini əsirgəməyib. Ədəbiyyatı həyatının mənası hesab edən Ə.Cahangir ədəbi cameədə bu gün daha çox tənqidçi kimi tanınsa da, nəsrdə, poeziyada da kifayət qədər uğurlar əldə edib. O, "Söz", "Səs", "Dəmirbaşlar" kimi məşhur esselərə, "O Adam", "Namaz", "Xarıgülnar" kimi orijinal poemalara imza atıb. Təsadüfi deyil ki, Xalq yazıçısı Elçin bu günlərdə "Mədəniyyət" kanalındakı çıxışında Ə.Cahangiri sadəcə bir tənqidçi kimi yox, müstəqillik dövrünün yetirdiyi, hərtərəfli istedad malik "görkəmli söz adamı" adlandırdı. Şairlərdən Elxan Zal Qaraxanlı Ə.Cahangir haqqındakı məqaləsini "İstedadın janrı yoxdur", Vəli Qaraçaylı isə ona həsr etdiyi şeirini "Sərhədləri aşan adam" adlandırıb.

Ə.Cahangir ədəbiyyat və incəsənətimizə dair məqalə, portret, resenziya, müsahibə, icmal və sair kimi ən müxtəlif janrlarda qələmə alınan, ümumi sayı 300-ü keçən yazının müəllifidir. O, söz adamlarından incəsənət xadimlərinə, musiqiçilərdən teatr xadimlərinə, filosoflardan elm adamlarına qədər onlarla insanı onların öz "dillərində" dinləmiş, amma öz dilində təhlil və təqdim etmişdir. Oxucular İsa Muğanna, Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Nəbi Xəzri, Məmməd Araz, Anar, Vaqif Səmədoğlu, Elçin, Afaq Məsud, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Lütfü Məmmədbəyov, Süleyman Ələsgərov, Həsənağa Turabov, Həsən Məmmədov, Səyavuş Aslan, Hacıbaba Bağırov, Rasim Balayev, Kamal Xudaverdiyev, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Yaşar Nuri, Zərnigar Ağakişiyeva, Əminə Yusifqızı, Şükufə Yusupova, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Bəhram Osmanov, Nurəddin Mehdixanlı, Telman Adıgözəlov, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Səidə Quliyeva, Sara Qədimova, Rübabə Muradova, Mirzə Babayev, Əlibaba Məmmədov, Habil Əliyev, Ramiz Mirişli, Arif Babayev, İslam Rzayev, Zeynəb Xanlarova, Elmira Rəhimova, Ramiz Quliyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və digər çoxsaylı tanınmış isimlərin sənət dünyasına həm də Əsəd Cahangirin qələmində bələd olmuş, onları və daha neçə-neçə sənətkarı həm də Ə.Cahangirin özünəməxsus təqdimatında sevmişlər.

Yubilyarın ünlü yazıçılarımızdan İsa Muğanna haqqında "Xoşbəxtlik karvanının sarvanı", S.Əhmədli haqqında "Kitabi-Dədə Sabir", Anar haqqında "Platondan Anara qədər", Elçin haqqında "Əbədi düşüncələr", Afaq Məsud haqqında "Yoldan başqa yol yoxdur", məşhur teatr xadimlərimizdən Ağasadıq Gəraybəyli haqqında "Səhnəmizin knyazı, kinomuzun bəyi", Lütfü Məmmədbəyov haqqında "İlahi tamaşanın aktyoru", Kamal Xudaverdiyev haqqında "Şöhrət... və unudulmayan aktyor", Amaliya Pənahova haqqında "Mahnı dağlarda qalmadı", Vaqif İbrahimoğlu haqqında "Vay, dədəm, vay", Bəhram Osmanov haqqında "Bəhramnamə", musiqi sahəsinin sevilən isimlərindən Zeynəb Xanlarova haqqında "Səhnəmizin sultanı", Mənsum İbrahimov haqqında "Məcnunun Məcnunu", Nəzakət Teymurova haqqında "Qarabağın maralı" və digər çoxsaylı məqalələri ədəbiyyat və incəsənət adamlarına dair müstəqillik dövründə yazılan ən yaxşı portret və təhlili yazılar sırasına daxildir.

Ə.Cahangirin yenilikçi məzmunu ilə seçilən və geniş rezonans doğuran yazıları, xüsusən də, postmodernizmə dair "Yeni əsrin ibtidası" silsilə məqalələri son 20 ildə ədəbi-bədii prosesin əsas istiqamətinin müəyyənləşməsində həlledici rol oynayıb. Yeni ədəbi nəslin yaradıcılığının tədqiqi və təbliğində də Ə.Cahangirin xidmətləri əvəzsizdir. O, redaktoru və tərtibatçısı olduğu, AYB-nin hazırladığı "Körpü" (2004), Azərbaycan Tərcümə Mərkəzinin hazırladığı "Yeni səs" (2016) və Heydər Əliyev Fondunun hazırladığı "Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu" (2017) antologiyaları ilə bərabər, neçə-neçə gəncin kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.

Hər kəsin öz Əsədi - Yubiley təbriki GÖRKƏMLİ SÖZ ADAMI, DOSTUM ƏSƏD CAHANGİRİN 55 İLLİYİNƏ

Ə.Cahangirin ədəbi-bədii fəaliyyətinin daha bir yönü filoloji, bədii və siyasi ədəbiyyatın tərcüməsi işidir. Aleksandr Dugin, İrina Adelgeym, İlya İlin, İrina Nikitina, Daniel Andreyev və digərlərindən elədiyi elmi və siyasi, Con Patrik, Artur Rembo, Robert Minnullin və çağdaş amerikan şairlərindən elədiyi bədii tərcümələr bunlara örnəkdir. Bu gün olduqca aktual olan qondarma "erməni soyqırımı" problemini ifşa edən "Erməni genosidi: mif və həqiqət" kitabının ruscadan ana dilimizə tərcüməsi də Ə.Cahangirə aiddir. Onun bir sıra yazıları rus, gürcü, türk, özbək və sair dillərə çevrilərək müvafiq ölkələrdə işıq üzü görüb. O, Moskvada dərc olunan "Drujba narodov" jurnalının Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi sayında (2006, 3) milli ədəbiyyatımız haqqında "Qloballaşma, yoxsa millilik: dilemmadan çıxış yolu nədədir?" adlı geniş icmalla çıxış edib. AYB rəhbərliyinin təklifi ilə Türkiyənin Tokat şəhərində keçirilən "Yaşıl irmaq şeir şöləni"nin (2004), Mədəniyyət Nazirliyinin təklifi ilə Gəncədə keçirilən ümumrespublika teatr festivalının (2009) iştirakçısı olan Ə.Cahangir festival barədə "Bir çarə var ancaq - yeniləşmək" adlı silislə yazılarla mətbutada çıxış edib.

Görkəmli söz adamı olan Ə. Cahangirin ədəbi-bədii fəaliyyəti dövlətimiz və Azərbaycan Yazıçılar Birliyi tərəfindən yüksək qiymətləndirilib. 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin və 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə yazıçılar üçün nəzərdə tutulan Prezident təqaüdünə Əsəd Cahangir də layiq görülüb. O, Qarabağ probleminə həsr olunmuş "Səs" (1999) essesinə görə AYB-nin təsis etdiyi "İlin tənqidçisi" adını almış, sufi-mistik məzmunlu "Namaz" (2007) poemasına görə Beynəlxalq Cəlaləddin Rumi Poeziya müsabiqəsinin qalibi olub. Ə.Cahangirin "Kim yatmış, kim oyaq" esselər və məqalələr kitabı Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Yaşar Qarayev (2012) və Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına (2013) layiq görülüb.

Ə.Cahangir "Qədim türk ədəbiyyatının linqvistik poetikası" (2001), "Ağ saç, qara saç" (2006), "Nəğməli yarpaqlar" (2010) "Kim yatmış, kim oyaq" (2012), "Erməni genosidi: mif və həqiqət" (2012), "On üçüncü gecə" (2016) kimi orijinal və tərcümə olmaqla 6 kitabın və xeyli sayda poema və essenin müəllifidir. Onun 2001-ci ildə işıq üzü görən "Qədim türk ədəbiyyatının linqvistik poetikası" kitabı Azərbaycanda Mahmud Kaşğarlının "Divanü lüğat it türk" əsərinə həsr olunmuş ilk monoqrafik araşdırmadır. O, Azərbaycan Yazıçılar Birliyinin 2004-cü ildə keçirilən qurultayında poeziya, 2014-cü ildəki qurultayında dramaturgiya üzrə məruzə edib. Respublikada ilk ədəbi-tənqid jurnalı "Körpü"nün də, ilk teatr jurnalı "Teatral"ın da baş redaktoru da Ə.Cahangir olub. O, "Mədəniyyət" kanalında yayımlanan "Məclisi-üns" musiqili-ədəbi proqramının daimi iştirakçılarından biri kimi klassik bədii irsimizin təbliğində fəal və ardıcıl iştirak etməkdədir.

İstər elmi-publisist, istərsə də bədii yaradıcılığında Azərbaycan dövlətçiliyi Əsəd Cahangirin əsas mövqeyi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği başlıca məqsədidir. Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş "Möhtəşəm məktub", Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dair "Çiyninə Pikassonun göyərçinləri qonub" və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şeir yaradıcılığından bəhs edən "Dərin hisslərdən doğulan poeziya" kimi esse və məqalələri bunun bariz ifadəsidir...

Ə.Cahangirin bir ziyalı, vətəndaş, insan kimi mövqeyi aydındır. O, müsahibələrinin birində deyir: "Mənə elə gəlir ki, hər bir qələm adamı qloballaşma, yaxud millilik dileması önündə qaldığımız bir zamanda öz yolunu müəyyənləşdirməlidir. Bəziləri qloballaşmanın, digərləri milliləşmənin tərəfdarlarıdırlar. Amma mənim düşüncəm budur ki, hansısa tərəfə meyl etmək həqiqətdən sağa, yaxud sola sapmaq deməkdir. Həqiqət isə bunların ikisinin ortasındadır. Biz ancaq milliliyə qapılıb qalmamalıyıq, kənara çıxmalı və oradan özümüzə baxıb daha dəqiq qiymət verməliyik. Yəni özümüzü dünyanın fonunda dərk etməliyik. Mənim bir tənqidçi, bir vətəndaş, bir insan kimi mövqeyim budur"

Bu, Ə.Cahangirin təkcə istedadlı, intellektual bir tənqidçi, bir ədəbiyyatçı kimi deyil, bir insan kimi də öz vətəndaşlıq borcunu dərindən dərk etməsindən xəbər verir. Hansı sahədə olursa-olsun Əsəd Cahangir üçün bir əsas meyar var - həqiqət. Onun haqqında yazdığı əsərə münasibəti sənətə, ədəbiyyata, haqqa söykənir. "Tənqidçi obyektiv olmalıdır!" prinsipi Əsəd Cahangirin əsas prinsipidir. Məhz bu üzdən: "Məni bu dünyada qoyacağım iz yox, o dünyada qarşılayacaq üz düşündürür" - deyə müsahibələrinin birində deyir.

Ə.Cahangir haqqında çox yazmaq olar. Mən bu yazımda onun haqqında demək istədiklərinin az bir hissəsini qələmə aldım. Əslində, qələmə almadım, onun bu dünyadakı yerini axtarmağa çalışdım. Və, deyəsən, tapdım da, amma yalnız öz düşüncələrimə görə... Çünki hər kəsin öz Əsədi ola bilər. Bu, mənim ilk dəfə 30 il öncə universitetdə tanış olduğum, sonra müxtəlif mətbu orqanlarda yazılarını oxuduğum, çıxışlarını ekrandan, efirdən izlədiyim, tanışlığımızın dostluğa, dostluğumuzun əməkdaşlığa çevrildiyi Əsəd Cahangirdir.

Ömrünün 55-ci baharına xoş gəldin, dostum!

55 yaşın mübarək, Əsəd Cahangir!

Etibar MURADXANLI
08:51
Baxıs: 53760
Reyting: