Qanlı yanvar qətliamı: Milli azadlıq hərəkatının qəhrəmanlıq zirvəsi

XX əsr Azərbaycan xalqı üçün böyük siyasi-ideoloji ilklər - milli dövlət yaranması və qəhrəmanlıq salnamələrinin yazılması ilə bərabər, siyasi təbəllüatlarla xarakterizə olunan bir dövrdür. Bu dövrdə istər Cənubi, istərsə də Şimali Azərbaycanda baş verən siyasi mübarizə və ideoloji hərəkatlar fonunda Azərbaycan xalqının əsas hədəfi müstəqillik və suverenlik olmuşdur. Türk-müsəlman dünyasında ilk milli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti, Güney Azərbaycanda yaranan “Azadistan dövləti” və 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə yaradılan Cənubi Azərbaycan Milli hökuməti bu hədəflərin məntiqi nəticəsi idi.

Leqal.info xəbər verir ki, təəssüflər olsun tarixən xalqımızın azadlıq və müstəqillik istəkləri irticaçı və işğalçı qüvvələr tərəfindən aqressiv qarşılanmış, bu təşəbbüslərə qarşı işğalçılıq fəaliyyəti və qeyri-insani davranışlar sərgilənmişdir. Bunun nəticəsi idi ki, XX əsr boyu öz müstəqilliyi, suverenliyi, siyasi və mədəni hüquqları uğrunda mübarizə aparan Azərbaycan xalqı çoxsaylı mərhumiyyətlərə, soyqırımlara, deportasiya hərəkətlərinə məruz qalmışdır.
1828-ci ildə Türkmənçay sazişi ilə Şimali Azərbaycanı işğal edən çar Rusiyası və onun varisi olan sovet Rusiyası bu mürtəce davranışların başında dayanan əsl aktorlardan olmuşdur. Xüsusilə də XX əsrin əvvəllərində dünyada və regionda baş verən milli-demokratik hərəkatlar fonunda Rusiyanın hakimiyyət dairələri öz irticaçı mövqeləri və aqressiv hərbi-siyasi addımları ilə Azərbaycan xalqını uzunmüddətli fəlakətlər girdabına düçar etmişdir.
XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərindən etibarən Azərbaycanda başlayan böyük maarifçilik hərəkatına qarşı aqressiv münasibət, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində yorulmadan mübarizə aparan Azərbaycan aydınlarının təqib edilməsi, Azərbaycan xalqının milli dövlətçilik yolunda fədakar addımlarının qarşısını almaq üçün ənənəvi metodlardan istifadə edərək soyqırımlar, etnik münaqişələr törətmək kimi fəaliyyətlər çar Rusiyasi və onun varisi sovet Rusiyasının siyasətinin tərkib hissəsi idi.
Məlumdur ki, Azərbaycan xalqının XX əsrin əvvəllərində olduğu kimi sonlarında da qəhrəmanlıq, milli oyanış, Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatı kimi addımları tarixin yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Təəssüflər olsun ki, iki yüz ilə yaxın bir dövrdə “xalqlar həbsxanası” funksiyasını məharətlə yerinə yetirən ikibaşlı (Çar və sovet Rusiyası) Rus imperiyası əsrin sonlarında da öz ənənəvi irticaçı mahiyyətini büruzə verərək Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını beşikdə boğmaq, xalqımızın dövlət yaratma istəklərinin qarşısına “Berlin səddi” çəkmək niyyətindən əl çəkməmişdir. Bu dövrdə imperiyanın çürümüş kökləri üzərində yenidən fidan kimi boy atan Azərbaycanın müstəqilliyə gedən yolu üzərində hərbi – siyasi maneələr yaradan sovet imperiyası mürtəce davranışları ilə öz irticaçı mahiyyətini açıq şəkildə göstərməkdə idi. Məhz sovet Rusiyası tərəfindən törədilən 20 yanvar qətliamı da Azərbaycan xalqının milli-azadlıq məfkurəsinə, dövlətçiliyinin bərpasına qarşı yönəlmiş sui-qəsd, gerçək düşmənçilik idi. Necə ki, bu irticaçı davranışı Azərbaycan xalqı 1918-ci ilin mart soyqırımlarında da görmüş və faciəvi şəkildə yaşamışdır. 1918-ci ilin mart ayının son günlərində bolşevik-rus və erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti nəticəsində on minlərlə soydaşımız qətlə yetirilərək şəhid olmuşdur.
Zaman və forma fərqli olsa da məkan və mahiyyət eyni idi. 1918-ci il mart soyqırımını bolşevik qiyafəsi geymiş rus və ermənilər, 1990-cı il 20 yanvar qətliamını isə sovet qiyafəsi geymiş rus və ermənilər törətmişdir. Hədəf isə ənənəvi olaraq Azərbaycan və Azərbaycan xalqı idi.
Qanlı yanvar faciəsi zamanı Sovet ordusu tərəfindən Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər qətlə yetirilərək şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçilərinin olması bu qətliamın böyük bir qəddarlıqla törədilməsindən xəbər verir.
20 yanvar faciəsi Azərbaycan xalqının 70 illik sovet işğalına qarşı dirəniş göstərən milli azadlıq hərəkatının qəhrəmanlıq zirvəsi idi. Sovet hərb maşını qanlı yanvar hadisələrində Azərbaycanın vətənpərvər oğul və qızlarını tankların tırtılları altında əzməklə xalqımızı daha uzun illər imperiya əsarətində yaşamağa məcbur etmək istəsələr də, niyyətləri baş tutmadı və bunun tam əksi baş verdi. Sovet imperiyası bu cinayəti ilə təkcə Azərbaycanın istiqlal şəhidlərini deyil, həmçinin sovet ideologiyasını və “Xalqlar həbsxanası”nın Azərbaycanda çürüməkdə olan təsisatlarını da tanklar altında əzərək məhv etdi.
20 yanvar hadisəsi Azərbaycanın milli dövlətçiliyinin bərpasına gedən yolda dönüş nöqtəsi idi. Bu faciədən sonra Azərbaycan xalqının sovet Rusiyasına olan inamı bir daha param-parça oldu. Necə ki, bu inam 1918-ci il mart soyqırımında da alt-üst olmuşdur. Həmçinin bu dövrdə milli-azadlıq hərəkatının siyasi xadimləri və təşkilatlanmış şəkildə mübarizə aparan xalq hərəkatı, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində konkret şəkildə siyasi və hüquqi addımlar atmağa başladı.
21 may 1990-cı il tarixində 28 Mayın “Azərbaycan Dövlətçiliyinin Bərpası Günü” elan edilməsi barədə Prezident fərmanının elan edilməsi, 5 fevral 1991-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Azərbaycan Respublikası adlandırılması, 30 avqust 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbul olunması Azərbaycan Respublikasının müstəqilliyinin bərpası istiqamətində atılan ən ciddi addımlar idi. Xüsusilə də 30 avqust “Bəyannaməsi”ndə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğunun vurğulanması və Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etməsi dövlətçiliyimizin bərpasının hüquqi əsaslarının yaradılmasında mühüm amilə çevrildi. Nəhayət 1991-ci ilin 18 Oktyabr tarixində “Azərbaycan Respublikasının Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi Azərbaycan Respublikasının müstəqilliyinin hüquqi və siyasi əsaslarının rəsmi olaraq təsbiti idi.
Azərbaycanın müstəqilliyini həzm edə bilməyən Sovet Rusiyası özünün ənənəvi irticaçı metodundan istifadə edərək etnik münaqişə amilindən yararlanmağa başladı. Hələ Sovet imperiyası dövründə etnik münaqişə ocağı kimi formalaşdırılan “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə erməni separatizminin hər an münaqişəyə çevrilməsi üçün bütün istiqamətlərdə hərbi-siyasi zəmini hazırlanmışdır. 1985-ci ildə M.S.Qorbaçovun Sovet imperiyasında birinci şəxs elan olunması bu prosesi daha da sürətləndirdi. Bu dövrdə Şəmkirdə yerləşən 366-cı motoatıcı alayın Xankəndinə dislokasiya edilməsi, qısa bir müddətdə müxtəlif bölgələrdə xidmət edən bir çox erməni zabitlərinin bu alaya ezam edilməsi baş verəcək etnik münaqişənin qığılcımları idi. Məhz sonrakı mərhələlərdə bu alayın Azərbaycanın Qarabağ bölgəsinin işğalında oynadığı mürtəce rolu və Xocalı soyqırımında birbaşa iştirakı deyilənlərin təsdiqidir.
20 yanvar faciəsinin əsas səbəbkarlarından biri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olmuş erməni millətçisi Abel Aqanbekyanın 1987 – ci ilin sonlarında Parisdə Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində “Qarabağın Ermənistana verilməli olduğu fikrini” bəyan etməsi xain düşmənin və havadarlarının Azərbaycan xalqına qarşı açdığı ilk yaylım atəşi idi.
Bölgədə etnik münaqişəni alovlandırmaq və Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda SSRİ Ali Soveti Rəyasət heyətinin 1989-cu il yanvarın 12-də verdiyi fərmanla ermənipərəst A.İ.Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsinin (XİK) təşkil edilməsi, bununla da Azərbaycan SSRİ-nin bütün dövlət və ictimai orqanlarının DQMV-dəki səlahiyyətlərinin dayandırılması Moskva tərəfindən Azərbaycana qarşı həyata keçirilən mürtəce siyasətin tərkib hissəsi idi. Bu irticaçı siyasət nəticəsində 90-cı illərdə ermənilərlə etnik münaqişə zəminində minlərlə azərbaycanlı qətlə yetirildi və torpaqlarımızın bir hissəsi erməni işğalçıları və onların havadarları tərəfindən ələ keçirildi.
Bu dövrdə müstəqilliyi və sərhədləri təhlük ilə üz-üzə qalan Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlaya bilsə də, erməni mənfurları və onların havadarları ilə 4 illik qeyri-bərabər döyüşdə 25 min nəfərə qədər şəhid verdi. Lakin torpaqlarının bir hissəsini müvəqqəti də olsa itirdi.
Otuz ilə yaxın müstəqillik dönəmində, xüsusilə də 90 - cı illərdə hələ kövrək olan müstəqilliyimizə qarşı dəfələrlə qəsdlər edilsə də, xalqımız fədakarlıq göstərərək öz suverenliyini və müstəqilliyini qoruya bildi. Zaman keçdikcə hərbi-siyasi gücümüz və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmlənməsi 90-cı illərdən yarımçıq qalan işimizi başa çatdırmağa münbit imkan yaratdı. 44 günlük II Qarabağ savaşında müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu erməni işğalçılarına və onların havadarlarına ölümcül zərbə vuraraq torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla da vətən torpaqlarımızı erməni ünsürlərindən azad edərək yarımçıq işimizi tamamladıq, 20 yanvar şəhidlərimizin, ümumilikdə bütün şəhidlərimizin qisasını aldıq.
20 yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq və şərəf tarixi, bu hadisələr zamanı şəhid olanlar Azərbaycanın istiqlal şəhidləri, yaralananlar istiqlal qaziləridir. Bütövlükdə isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsi minilliklər boyu zəngin dövlətçilik tarixinə sahib olan bir xalqın öz müstəqilliyi uğurunda apardığı qəhrəmanlıqla dolu bir mübarizə tarixi idi. Bu qəhrəmanlıq tarixi yüzillər boyu anılacaq və yad edilcəkdir.скачать dle 10.6фильмы бесплатно
20-01-2022, 17:06
Baxıs: 35 164
Reyting: