Karta səhvən gələn pulu xərcləmək olar? Bank hesablarına səhvən böyük məbləğdə vəsait köçürülməsi halları nadir olsa da, zaman-zaman müxtəlif ölkələrdə baş verir və ciddi hüquqi suallar yaradır. Son günlər Türkiyədə yaşayan soydaşımızın hesabına milyardlarla vəsaitin köçməsi ilə bağlı yayılan məlumatlar da bu mövzunu yenidən gündəmə gətirib.Bəs vətəndaşın kartına və ya bank hesabına səhvən külli miqdarda pul daxil olarsa, onun üzərinə hansı hüquqi öhdəliklər düşür? Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, vətəndaşın hesabına və ya kartına səhvən pulun köçməsi həmin vəsait üzərində ona mülkiyyət hüququ vermir: "Yəni hesabınıza milyonlarla və ya milyardlarla vəsaitin daxil olması o demək deyil ki, həmin pul artıq sizindir və istədiyiniz kimi istifadə edə bilərsiniz. Əgər şəxs hesabına daxil olan vəsaitin ona aid olmadığını anlayırsa və buna baxmayaraq həmin pulu çıxarır, xərcləyir, başqa hesablara köçürür və ya gizlətməyə çalışırsa, bu zaman hüquqi məsuliyyət məsələsi yarana bilər. Çünki qanunvericilik əsassız əldə edilmiş əmlakın qaytarılmasını tələb edir. Belə vəsaitdən istifadə nəticəsində vurulan zərərin ödənilməsi də vətəndaşın üzərinə düşə bilər". Digər tərəfdən, əgər şəxs hesabına pulun səhvən köçürüldüyünü bilmirsə və adi qaydada hesabından istifadə edirsə, burada hər bir hal ayrıca araşdırılır. Hüquqi məsuliyyətin yaranması üçün adətən şəxsin niyyəti, hadisədən məlumatlı olub-olmaması və vəsaitdən necə istifadə etməsi nəzərə alınır. Hüquqşünas deyib ki, texniki və ya sistem xətası isə avtomatik olaraq vətəndaşı cinayətkar etmir: "Cinayət məsuliyyətindən danışmaq üçün vətəndaşın bilərəkdən qanunsuz hərəkət etməsi, ona məxsus olmadığını bildiyi vəsaiti mənimsəməyə çalışması sübuta yetirilməlidir. Sadəcə bankın səhvi nəticəsində hesaba pulun daxil olması şəxsin cinayət törətdiyi anlamına gəlmir. Praktik baxımdan vətəndaş hesabına mənşəyi məlum olmayan və ya gözlənilmədən böyük məbləğdə vəsait daxil olduqda həmin pulu xərcləməməli, dərhal bankla əlaqə saxlamalı və vəziyyəti dəqiqləşdirməlidir. Bu həm sonradan yarana biləcək hüquqi mübahisələrin, həm də mümkün məsuliyyət risklərinin qarşısını alır. Ümumilikdə, belə hallarda əsas meyar pulun hesaba necə düşməsi deyil, vətəndaşın bundan sonra necə davranmasıdır. Şəxs səhvi anlayandan sonra vəsaiti qaytarmaq üçün əməkdaşlıq edirsə, bu, hüquqi qiymətləndirmədə mühüm rol oynayır. Əksinə, vəsaiti mənimsəməyə və ya gizlətməyə cəhd göstərilməsi həm mülki, həm də müəyyən hallarda cinayət-hüquqi məsuliyyət məsələsini gündəmə gətirə bilər", - deyə o qeyd edib. Əfsanə Kamal |
XƏBƏR LENTİ
Bu gün, 10:40
Bu gün, 10:27
Bu gün, 10:12
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46



































