allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Sona Abbasəliqızı-"KÖNÜLLƏRƏ GÜZGÜ TUTAN POEZİYA" » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Sona Abbasəliqızı-"KÖNÜLLƏRƏ GÜZGÜ TUTAN POEZİYA"


(Mahirə Nağıqızının Türkiyədə çap olunan «Konuşan Taşlar» kitabı haqqında qeydlər).
Sona Abbasəliqızı-"KÖNÜLLƏRƏ GÜZGÜ TUTAN POEZİYA"
Arazxeber.az xəbər verir ki, Şairin ərsəyə gətirdiyi hər bir poetik toplu onun düşüncələrinin, duyğularının bədii aynasıdır. Əlbəttə, şair kitabdan-kitaba öz yaradıcılıq dünyasının sərhədlərini genişləndirməli və yeni poetik ovqatı ilə oxucu marağını qazanmalıdır. Poetik topluların başqa bədii kitablardan fərqli cəhətləri də var. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlə də müəllifin poetik gücünü, iqtidarını görmək mümkündür. Bəzən bir şeir bütöv bir yaradıcılığın, bir şair taleyinin poetık indeksinə çevrilir və bu uğur müəllifə sənətkar etiketi qazandırır. Tutduğu vəzifə mövqeyindən, qazandığı titullardan, fəxri adlardan asılı olmayaraq hər bir şair şeirindən, misrasından boylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıca məharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərə bilməsidir. Digər ədəbi janrlar kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsi şairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür. Mahiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlı qələm sahibləri, “köhnə” mövzulara da öz poetik nəfəsi ilə yeni ruh verə bilir, məhz poetik ruhun canlılığı, təravəti şairin özünəməxsusluğunu şərtləndirən amillər sırasındadır.
Müasir poeziyamızda ənənəvi şeirin inkişafına və bədii məziyyətlərinin yeni mahiyyət kəsb etməsinə, mənəvi-əxlaqi dəyərlərin poetik vüsətlə qorunmasına özünəməxsus dəst-xəttlə, səmimi ovqatla xidmət göstərən, Uca Tanrı sevgisinə tapınan, qəlbindəki iman işığında yol gedən istedadlı şairlərdən biri Mahirə Nağıqızıdır.
Poeziya aləmində elə şairlər vardır ki, onların istedadının mayası xalq təfəkkürünün zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi dünyasını rəvan, səmimi və aydın əks etməsindədir.

«Konusan Taşlar» seirlər kitabı sənət müstəvisində ədəbi-bədii nümunənin mahiyyətindəki ictimai-fəlsəfi fıkrin dolğunluğu, poetik özünüifadənin, özünütəsdiqin yetkinliyinə dəlalət edir. Çağdaş poeziyamızda öz səmimi ahəngdarlığı, bədii-ictimai mündəricəsi, forma və məzmun tamlığı, həmçinin poetik ümumiləşdirməsi ilə diqqət çəkən sənət nümunələri sırasında Mahirə Nağıqızının şeirlərini səciyyələndirmək olar.
Istedadli sairin Türkiyədə «Berikan Yayınevi»ndə işıq üzü görmüş «Konuşan Taşlar» seirlər kitabı poetik sanbalıile yanaşı,həm də nəfis tərtibatı ilə diqqət çəkir.Azərbaycan ədəbiyyatşünaslığında ,həmçininin çagdaş türkşünaslıqda tanınmış imzalardan biri olan professor Elman Quliyevin kitaba yazdığı geniş və müfəssəl «Ön söz» şairin bədi-ictimai və poetik təfəkkürünün genişliyindən ədəbi-elmi rakursdan çox səciyyəvi mahiyyət daşıyır.İstedadlı şairin poetik dünyasına prof.Elman Quliyevin poetik mətnə istinadən verdiyi dəyər ədəbi fakt olaraq çox önəmlidir.Bununla yanaşı «Konusan Taşlar»kitabını Türkiyə türkcəsinə uygunlaşdıran dəyərli qələm və irfan sahibi Kenan Çarboğanın «Yazarla tanışlıq» meqaləsi də öz səmimi təhkiyəsi və mündəricəsi ilə təqdirəlayiqdir.
Maraqlıdır ki, Mahirə Nağıqızı "Konusan Taşlar"poetik toplusundakı şeirlərinin hamısında kövrək, həzin və dərin fəlsəfı poetikaya xas olan dil estetikasını sərgiləyir.
Seirlerin poetik tutumundan ,orijinal bədii səciyyəsindən duyulur ki,muəllif öz məzmunu ilə seçilən maraqlı və mənalı bir yaradıcılıq yolu keçib. Mahirə xanımın şeirlərində millətə, yurda, vətənə, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, intizar, həsrət dolu sevginin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Onun şeirlərində zaman, təbiət, insan amili bədii təfəkkürün tərkib hissəsi kimi çıxış edir və hər bir poetik nümunəsi bu kontestdən səciyyəvidir. İstedadlı şairin poetik məfkurəsi milli düşüncənin geniş üfüqlərini əhatə edir. Mahirə xanımın poetikasının lokomativi vətənpərvərlik mövzusudur və bu fakt bədii-fəlsəfi dəyəri ilə onun yaradıcılığına böyük sanbal gətirib. Onun şeirləri bədii-ictimai siqləti ilə sevilir və oxucunu düşündürür.

«Konusan Taşlar» seirlər kitabındakı şeirlər Mahirə xanımın püxtələşmis qələm sahibi olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesı üçün peşəkarla yanaşı, şair ovqatının “sarı sim”də gəzişməsi vacib şərtlər sırasındadır. Bu mənada da Mahirə xanımın öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyacanlandıran mövzuları, hadisələri qəlbinin poetik işığında təqdim edir. Çağdaş poeziyamızda öz sanbalı ilə diqqət çəkən "Vətən" şeirinin bir neçə bəndinə nəzər yetirək.

Bitər sərhədlərin bu yer üzündə,
Qəlbimdə sərhədin nədən bitmədi?
Gəmisən, üzürsən eşq dənizimdə,
Sənə məhəbbətim, Vətən, bitmədi.

Əlimin qabarı, alnımın təri,
Köksünə atdığım bircə dən olsun.
Canımı verərəm səndən ötəri,
Ruhum sağılığınnan xətircəm olsun!

Ana harayımı eşidir hamı,
Qadınlar, qızlar da bir ərə dönər.
Oğullar seçəcək dost-düşmanını,
Hər biri uğrunda səngərə dönər.

Düşman tapdağında qalmaz bir qarış,
Onlarsız yaşamaq olar dan bizə.
Danış olanlardan, bizə sən danış,
Əmrini verəcək Komandan bizə.

Şair düşüncəsinin milli ruhumuzun, genetik yaddaşımızın dan yerindən gələn poetik mündəricəsi heyrət doğurur. Məzmun dolğunluğu, forma rəngarəngliyi bu poetik nümunənin məziyyətlərini daha da zənginləşdirir.
Lirik qəhrəmanın yaşadığı həsrət ağrısının dərinliyi ilə bərabər eşqin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçün istifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravəti şairin poetik bacarığının ehtivasıdır. Şairin obrazlı düşüncəsinə diqqət edək:

Qapını döyməyə qolum qalxmadı,
Adını istədim çəkəm ki, çaşdım.
Sənə deyiləsi ürək sözümü,
Divara danışdım, daşa danışdım.

İllər yük yeriydi, yük dolabıydı,
Sənsiz bilmədim ki, hara düşəm mən.
Dərdləri sən mənə vermişdin deyə,
Doğma balam kimi bəsləmişəm mən.

ve yaxud:

Məcrasız çay imiş, sahilsiz dəniz,
Kilidsiz qapıymış ürək, sən demə.
Bir quş dimdiyində gələn dən kimi,
Hardan gəlib düşdün torpaq qəlbimə...

Qışda isindirdin, soyuq bilmədim,
Yayda sərinlədim mehinnən sənin.
Cadar dodaqlarım sənə toxundu,
Hər səhər ovundu şehinnən sənin.

İnsan dühasının ən böyük tapıntısı və insan həyatının ən dəyərli xəzinəsi sözdür. Sözün təbiətinə xas olan keyfiyyətlər çeşid-çeşiddir. Bədii sözün mahiyyəti daha təravətli və çoxmənalıdır. Bədii söz dərin ictimai mənası, əhatəli və güclü realizmi, estetik keyfiyyətləri ilə dolğun məzmun kəsb edir. Bu mənada bədii təfəkkürün, ədəbi yaradıxılığın yolu mürəkkəb mündəricəsi ilə seçilir. Yalnız əhəmiyyətli mövzunun qələmə alınması əsərin ədəbi uğuruna zəmanət verə bilməz. Əsl sənətin gücü dəyərli ideyanın, böyük fikrin obrazlı ehtivasında, təravətli təcəssümündədir. Mahirə Nağıqızının şeirlərinin lirik qəhrəmanı müşahidə qabiliyyəti ilə fərqlənir. Onun fərdi poetik siması təkcə yazdığı şeirlərin üslub xüsusiyyətlərində deyil, həm də hadisələrə yanaşmasında, onları seçməsində və dəyərləndirməsində, lirik “mən”in əhval-ruhiyyəsini təbii və səmimi poetik boyalarla canlandırmasındadır. Şairin lirik qəhrəmanı həssas müşahidə qabiliyyətilə həmin proseslərdə fəal iştirak edir. Onun poeziyasında yurd sevgisi, vətənsevərlik, el-oba məhəbbəti, milli özünüdərk və yaddaşa qayıdış duyğusu, böyük önəm daşıyır. Şairin vətən ətirli şeirlərində torpaq ağrısı, yurd həsrəti məxsusi bədii detallarla əks olunur və bu seirlerində yurd həsrəti ilə yanaşı ,həm də qələbəyə inam duyğusu misralara işiq, hərarət qatır."Son döyüşə hazır ol" poetik nümunəsi öz bədii-ictimai və məzmun dolğunluğu ilə seçilir

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,
O yürüşün naminə son döyüşə hazır ol!
İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,
Pir görüşün naminə, son döyüşə hazır ol!

Hədəfin düşmən olsun, o silahlı yalquzaq
Get, yolun açıq olsun, xata-baladan uzaq.
Adına layiq olan şeir, mahnılar yazaq,
Uca işin naminə, son döyüşə hazır ol!

Bəxtəvər o anadır, yurdu üçün ər verə
Oğul doğa böyüdə, vətənə əsgər verə.
Millətimin adına Tanrı bəxtəvər verə,
O alqışın naminə, son döyüşə hazır ol!

Artıq bizim səbrimiz doldu, komandan –dedin,
Baş komandan vur- dedi, oldu, komandan –dedin.
Siz göstərən yönüm- yön, yoldu komandan –dedin,
Dirənişin naminə, son döyüşə hazır ol!

İstedadlı şairin vətən torpağının ölməz oğullarına, mübarək şəhidlərimizə həsr etdirdiyi şeiri poeziya nümunəsi kimi səciyyələndirmək olar. Vətənpərvərlik duyğularının səmimi və bənzərsiz ifadəsi şairin poetik uğuruna və sözün bədii dəyərinə güzgü tutur. "Şəhid nəğməsi" seirinde muqəddəs şəhidlərin mənəvi ucalığını Mahirə xanım bənzərsiz poetik detallarla və səmimi duyğularla ifadə edir.

Burdan yavaş gedin, astadan keçin,
Qəbirlər titrəyər, daş dinə bilər.
Bir güllə gücünə sakit olanlar,
Bir addım səsinə diksinə bilər.

Boy vermiş məzarın qəbir daşları,
Bir ömrün daşlaşan arzu-kamıdır.
Onların sağlığı döyüşən əsgər,
Məzarı –Vətənin istehkamıdır.

Hər biri məşəldi qaranlıqlara,
Hər biri vətənin, elin gərəyi.
Bayraq götürmədi hamısı,amma,
Qaldırdı qəlblərdə bayraq dirəyi.

Yenə qan tökdülər, ruh göyərtdilər,
Tarixi yazdılar Vətən daşında.
Minillik xalqlara dərs öyrətdilər,
Bu ərən oğullar cavan yaşında.

Bir ana bətnindən düşüb, böyüyüb,
Min-min analara oğul oldular.
Hərəsi bir ocaq adından gedib,
Vətən ocağını qaladı onlar.

Mübarək Sözün ətrini duyanlar az deyil. Min illərdir söz var, sözə könül verənlər, sözün işığında yol gedənlər var. Bəzən adama elə gəlir ki, deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayan insanlar, onun həyata gəlişi və həyatdan gedişi arasında Allaha, cəmiyyətə, təbiətə sevgiylə bağlı hər şey deyilib və yazılıb. Ancaq insan təfəkkürünün və düşüncəsinin sərhədləri nəhayətsizdir. Dünyanın, təbiətin, cəmiyyətin saysız-hesabsız görüntüsü mövcuddur və bu vizuallığı uşaqdan tutmuş qocayadək hər kəs özünəxas rakursdan qəbul edir. Şairlər bu görüntüləri, bu mövcudluğu özünəməxsus formada poetik duyumla ifadə edirlər. Bununla da insanı həm riqqətləndirən, heyrətləndirən, həm sarsıdan, həm də heyran edən estetik duyğu aləmi yaradırlar. Şairləri yaşadan da bu estetik aləmdir.
O, dilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığı mövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdim edə bilir. Mahirə Nağıqızının yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarından fərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir və bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq səciyyəsi daşıyır. "Aglama" qoşması şairin poetik təfəkkürünün genişliyini,bədii düşüncəsinin zənginliyini və ruhunun zərifliyini,koloritini ehtiva edir.

Ümidlərim kirpiyindən asılıb,
Dözə bilməz göz yaşına, ağlama.
Yorğun ruhum beşiyinə qısılıb,
Yüz yol dönüm mən başına, ağlama.

İllər məndə qəm qatına büründü,
Dərd yanımca ilan kimi süründü.
Göz yaşında günahlarım göründü,
Çevir məni yol daşına, ağlama.

Yağış yağar, sellər axar, qum quru,
Yanağını gülər görüm, qumquru.
O gözlərin həyat eşqi, dumduru,
Dərd eləmə sirdaşına, ağlama.

Rəhmi yoxsa o yarımı, o yarmı,
Yar deyilən ürək deşər, oyarmı?
Rəhmi olan o gözlərə qıyarmı,
Külüm vəsmə çək qaşına, ağlama.

Mahirənin, ana, çəkmə dərdini,
Ürəyində yığma, bükmə dərdini.
Göz yaşınla yerə tökmə dərdini,
Ver mən çəkim, təkbaşına ağlama.

Misralarda özünəməxsus, səmimi bedii dəst-xətt,orijinal poetika aydın hiss olunur. Şairin lirikasında həsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heç vaxt duyulmur. Onun şeirlərində vətənin, valideyn-övlad məhəbbətinin, doğma ocağın tərənnümü, həmçinin xeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimi təbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfi mündəricə gətirir.
Söz həm də güzgüdür. Fikirlərin, duyğuların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olan bütün sevgiləri, gözəllikləri öz mübarək üzündə əks edir. Müqəddəs sözün saf çeşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Yaradanın təbəssümü boylanır. Mahirə Nağıqızı da belə istedadlı qələm sahiblərindəndir. Qeyd edim ki, Türkiyədə çap olunmus «Konusan Taşlar» şeirlər kitabı Mahirə Nağıqızının ədəbi yaradıcılıq uğuru olmaqla yanaşı ,həm də, çagdaş ədəbiyyatımızın poetik nailiyyəti kimi səciyyələndirmək olar . Orijinal və məxsusi poetik təfəkkürü ilə poeziyamızı zənginləşdirən istedadlı şair Mahirə Nağıqızına daha böyük yaradıcılıq uğurları arzulayıram!
Sona Abbasəliqızı
Sona Abbasəliqızı-"KÖNÜLLƏRƏ GÜZGÜ TUTAN POEZİYA"
11:34
Baxıs: 10800
Reyting: