“Ramiz Mehdiyev niyə tövbə edir, bilirsiniz?”

Milli Məclisin vitse-spikeri Adil Əliyev Ovqat.com-a müsahibə verib.
Leqal.info həmin müsahibəni təqdim edir:

- Məlumdur ki, bütün Azərbaycan ictimaiyyəti Ramiz Mehdiyevin əleyhinə danışır. Akademik isə nədənsə yalnız bir neçə nəfərin adını çəkib, onlardan gileylənib. Həmin siyahıda sizin də adınız var. Sizcə, niyə o hesab edir ki, deputat Adil Əliyev akademik Ramiz Mehdiyevi tənqid etməməlidir?

- Əvvəla, ondan başlayım ki, mən bu barədə danışmaq istəmirdim. Sizin müsahibə təklifinizlə ona görə razılaşdım ki, bu adam dayanmadan ittihamlarını, yazılı açıqlamalarını davam etdirir. Onun bu ittihamları qarşısında susmaq isə başqa təəssüratlar yaradır. O gün xaricə sığınmış müxaliflərdən biri mənim akademikə niyə cavab vermədiyimi dilə gətirir və öz aləmində karyerama kölgə salmaq istəyirdi. Mən də bütün bu amilləri nəzərə alaraq sizin təklifinizlə razılaşdım.

O ki qaldı sualınıza, bunu akademikin özündən soruşsanız, daha doğru olar. Mən bir deputat, Milli Məclisin sədr müavini, idmançı, bütün bu statuslarımdan öncə dövlətini sevən vətəndaş kimi ölkəmdə baş verən proseslərə həmişə münasibət bildirmişəm, bildirməliyəm də. Xalqından mandat almış biri olaraq bu, təkcə mənim şəxsi hüququm yox, həm də ictimai vəzifəmdir. Xalqın təmsilçisi olan hər bir millət vəkili siyasi proseslərə, ölkənin taleyüklü problemlərinə öz mövqeyini ifadə etməli, neqativ hallara qarşı çıxmalıdır. Mən də öz məsuliyyətini anlayan bir millət vəkili olaraq həm mənəvi, həm də qanuni vəzifəmi yerinə yetirirəm. Sözsüz ki, fikirlərim, hadisələrə münasibətim hansısa “akademik”lərin, “professor”ların xoşuna gəlməyə bilər. Mən onlar qarşısında yox, seçicilərim qarşısında məsuliyyət daşıyıram. Ölkədə gedən siyasi proseslər birbaşa seçicilərimin, dövlətimin, xalqımın maraqları ilə əlaqədardır. Belə məsələlərə laqeyd yanaşmaq millət vəkilinə yaraşmaz. Ramiz Mehdiyevin onu tənqid edən millət vəkillərini hədəfə alması necə bir dövlət adamı olmasından xəbər verir. Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır...

- Amma deyir ki, adını sadaladığı adamlar ona iftira atır və buna görə həmin şəxsləri məhkəməyə verə bilər.

- Kimisə məhkəməyə vermək və ya verməmək onun vətəndaşlıq hüququdur. Kimliyindən asılı olmayaraq, hər kəs bu hüquqdan istifadə edə bilər. Biz də onun bu hüququna hörmətlə yanaşmalıyıq. Ramiz Mehdiyevin bu sözləri adını sadaladığı şəxslərdən kimə şamil etdiyini deyə bilmərəm. Mən öz fikirlərimə cavabdehlik daşıyıram. Yəqin ki, mənim onun barəsində yazdığım facebook statusumu, mediaya verdiyim açıqlamaları siz də oxuyubsunuz. Mən orda hansı təhqiramiz ifadələri işlətmişəm? Demişəm ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur hüquq mühafizə orqanları qarşısında cavab verməlidir. Necə ki, Ümumdünya Səhiyyə Təşkilatının direktivlərinə uyğun olaraq ölmüş dədəsinə yas saxlaya bilməyən sadə vətəndaşlar bunu etməyə məcburdur. Özünü böyük dövlət xadimi sayan, mənəviyyatdan, əxlaqdan danışan, Qurandan, hədisdən sitat gətirib peyğəmbərlik eşqinə düşən Ramiz Mehdiyev mənim hansı fikrimlə razılaşmır? Axı, Azərbaycan Konstitusiyasına görə, biz hüquqi, demokratik dövlətin vətəndaşlarıyıq və bu cür dövlətlərdə heç kimin heç kimdən üstünlüyü yoxdur. Vəzifəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs qanun qarşısında eyni hüquqludur. Ramiz Mehdiyev isə, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada belə, sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum ulu öndər Heydər Əliyevə, prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.скачать dle 10.6фильмы бесплатно
2-09-2020, 11:15
Baxıs: 29 698
Reyting: