İcbari tibbi sığorta və 5 nəfərlik qəbul…

Ölkədə icbari tibbi sığorta necə işləyir, sualını bir çoxları kimi mən də özüm-özümə verirdim. Axı, şəxsən müraciət edib, nə baş verdiyini görməmişdim. Baxmayaraq ki, hər ay icbari tibbi sığortaya əmək haqqımdan ödəniş edilir. Amma səmimi olaraq deyim ki, ətrafda gəzən söz-söhbətlər heç də ürəkaçan deyil. Bu da bütün ölkə ərazisində tətbiq edilən icbari tibbi sığortanın özünü doğrutmadığı mənzərəsi yaradır.

Düzdür, pilot layihə kimi 3 rayonda tətbiq ediləndə, həmin rayonların sakinləri çox razılıq edirdilər. Lakin bu təcrübə bütün ölkəni əhatə edəndən sonra müəyyən çatışmazlıqların olduğu, hətta vəziyyətin əvvəlkindən fərqlənmədiyi də qeyd olunur.

Bu məqalədə heç kimə vəkillik etmədən, səmimi olaraq fikirlərimi bölüşəcəm sizinlə. Həvəsiniz olarsa, sona kimi oxuyun. Çünki hər şeyi olduğu kimi diqqətinizə çatdıracam. Yeri gəlmişkən bu yaxınlarda sosial şəbəkədə də anons etmişdim ki, icbari tibbi sığortaya müraciət edəcəm və qarşıma çıxan çatışan və çatışmayan məqamları qeyd edəcəm. Əslinə qalsa, səhhətimdə xırda problem olsa da, məqsədim ölkəmizdə tətbiq olunan bu sistemin necə işlədiyini əyani görmək və təcrübəmi oxucularla bölüşməkdir. Beləliklə, sözümü tutub başladım icbari tibbi sığortanın necə işləməsini öz üzərimdə yoxlamağa.

Onu da qeyd edim bəzi şəxslər var ki, icbari tibbi sığortadan necə yararlanmağın yolunu bilmir. Yeri gəlmişkən qeyd edəcəklərimdən bilməyənlər də yararlana bilər. Bildirim ki, səhhətində hansısa problemi olan vətəndaşın görməli olduğu ilk iş, qeydiyyatda olduğu ərazi üzrə poliklinikaya yaxınlaşmaq və sahə həkiminə dərdini deməkdir. Əgər sizin xəstəliyin müayinəsi sahə poliklinikasında mümkün deyilsə, o zaman özünüzün təklif etdiyi dövlət xəstəxanalarının birinə göndəriş verilməsini tələb edin. Qeyd edim ki, bu halda göndəriş verməkdən imtina edilə bilməz. Elə mən də, bu cür addım atdım. Göndərişin hara olmasını isə özüm təklif etdim – 5 saylı şəhər Klinik Xəstəxanası.

Haşiyə çıxaraq xüsusi olaraq bildirim ki, hər bir addım özümüzdən asılıdır. Göndərişin verilməsi üçün heç bir rüsum yoxdur, bu zaman sizdən rüşvət də istənilə bilməz. Haqqınızı tələb etməyi bacarın!

Nə isə, ərazi üzrə poliklinikadan göndəriş əldə etdikdən sonra üz tutdum, qeyd etdiyim kimi 5 saylı şəhər Klinik Xəstəxanasına. Amma buranın qeydiyyatında vaxt itirməli oldum. Səbəb isə, gün ərzində müraciət etdiyim müayinə üzrə 5 nəfərdən artıq sığortalı xəstənin qəbul edilməməsi göstərildi. Əlbəttə, bu məhdudiyyət olmamalıdır. Elə xəstə ola bilər ki, şiddətli ağrılarla xəstəxanaya gələr və o zaman onun geri qaytarılması həyatı bahasına başa gəlmiş olar. Birinci dəfə 5 saylı şəhər Klinik Xəstəxanadan geri qaytarıldıqdan sonra, növbəti gün yenidən yaxınlaşdım. Saat 09.30 və yenə mənə qeydiyyatdan bildirilir ki, gec gəlmisiniz, 5 nəfər adam artıq növbəyə yazılıb. Bir az çək-çövürdən sonra, məlum oldu ki, növbəyə yazılanların sayı 5 yox, 3 nəfərdir. Necə deyərlər, bu dəfə şans üzümə güldü. Beləliklə, qeydiyyatdan verilən vərəqə əsasında müayinə otağına, sonra isə ixtisaslı həkimə yaxınlaşaraq dərdimə çarə tapdım.

Əziz məqalə oxuyan yoldaş, biləsən ki, başqa xəstəxanalarda 70-80 manata keçdiyim müayinə, həmçinin həkim qəbulu tam təmənnasız, bəli düz oxudunuz, heç bir ödəniş edilmədən həyata keçirildi. Necə deyərlər, icbari tibbi sığorta çəkəcəyim xərcləri qarşıladı. Onu da qeyd edim ki, bir vətəndaş olaraq özümüzün də üzərinə məsuliyyət düşür. Bəzən biz hansısa dövlət xəstəxanasında həkim qəbulunda olarkən, ona nəsə hörmət etməyə çalışırıq. Bəlkə də bu alışqanlıqdan irəli gəlir. Amma eyni hal özəl klinikaya müraciət edəndə yaşanmır. Fikirləşirik ki, özəl klinikanın ödənişini qeydiyyatda etmişik. O baxımdan icbari tibbi sığortaya etdiyimiz ödəniş də, bizim əvvəlcədən qeydiyyata ödədiyimiz vəsaitə bəncəyir. Amma özəl klinikadan fərqi ondadır ki, icbari tibbi sığorta bizim bütün xərcimizi ödəyir, tək həkim qəbulunun pulunu yox. Ona görə də, səhhətinizdə hansısa problem yaranarsa, heç nədən çəkinmədən icbari tibbi sığortanın xidmətindən yararlanın. Xidmətin işlədiyini əyani görən biri kimi bunu sizə deyirəm. Di, sağlam qalın.

Ülvin Məhəmmədскачать dle 10.6фильмы бесплатно
16-12-2021, 15:50
Baxıs: 93
Reyting: