Struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib

Struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz bu gün, eyni zamanda, görüləcək işlərlə bağlı fikirlərimizi bildirəcəyik. Proqramların uğurlu icrası deməyə əsas verir ki, onların qəbulu tam məntiqə uyğundur. Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə gedən quruculuq-abadlıq işləri bunun əyani sübutudur. Ancaq hələ də həll olunmamış məsələlər var. Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır”.

Prezident bildirib ki, prinsip etibarilə, infrastrukturla bağlı bütün əsas məsələlər öz həllini tapıb: “Ancaq bu proses davam etdiriləcək. Elektrik enerjisi ilə bağlı, qeyd etdiyim kimi, biz indi özümüzü tam təmin edirik, böyük həcmdə ixrac edirik. Ancaq yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Bu il biz Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırırıq. 400 meqavat gücündə olan “Şimal 2” stansiyasının açılışı gözlənilir”.

İlham Əliyev əlavə edib ki, eyni zamanda, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır: “İndi dəqiqləşmələr gedir və stansiyanın tikintisi bizim enerji potensialımızı daha da möhkəmləndirəcək. Bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra bilərik. İlkin hesablamalar göstərir ki, biz təqribən 500 meqavat əlavə güc əldə edə bilərik.

Beləliklə, əgər bu üç məsələ öz həllini taparsa, - mən əminəm ki, bu, belə də olacaq, - biz əlavə 1500 meqavat elektrik enerjisi istehsal edəcəyik və həm artan daxili tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac edib ölkəmizə valyuta gətirəcəyik. Bununla paralel olaraq, bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində işlər getməlidir. İlk növbədə, su elektrik stansiyalarının, günəş və külək stansiyalarının tikintisi. İndi bu sahəyə xarici investorlardan maraq var. Daha doğrusu, Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha onu göstərir ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar, bu barədə düşünürlər. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Çünki bu gün bu sahədə yeni texnologiyalar yaradılır və bu texnologiyalar səmərəliliyi böyük dərəcədə artırır. Hesab edirəm ki, yerli şirkətlər də bu işlərə mütləq fikir verməlidirlər”.

Dövlət başçısı vurğulayıb ki, ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir: “Ancaq, əlbəttə, bu, o demək deyil ki, bu, bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək. Baxmayaraq ki, dünya miqyasında bu qədər qazlaşdırma aparan ölkələr o qədər də çox deyil. Yəni, biz son illər ərzində qazlaşdırma ilə bağlı əsas problemləri həll etdik. Əsas məsələ indi bu prosesi davam etdirmək və qazın keyfiyyətini artırmaqdır. Bəzi hallarda fasilələr baş verir, bəzi hallarda qaz lazımi həcmdə gəlmir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır ki, burada heç bir çatışmazlıq olmasın.

İçməli su layihələri davam etdirilir. Giriş sözümdə qeyd etdiyim kimi, təminat 70 faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir və qəbul ediləcək dördüncü proqramda da öz əksini tapacaq”.

İlham Əliyev bildirib ki, meliorativ tədbirlərin görülməsi prosesi davam etdiriləcək: “Son iki il ərzində biz hər il 100 min hektar torpağa suyun verilməsini təmin etmişik. Bunların böyük hissəsi o torpaqlardır ki, heç vaxt suvarılmayıb, bir hissəsində suvarma olub, amma lazımi səviyyədə olmayıb. İlkin hesablamalara görə, bu il 80 min hektarda bu işlər aparılacaq. Bu, bizə imkan verəcək ki, məhsuldarlığı və suvarılan torpaqların həcmini artıraq. Bu, çox böyük rəqəmdir və fermerlər, əminəm ki, bunu hiss edirlər.

Son illərdə dörd böyük su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay. Onların tutumu 470 milyon kubmetrdir. Bir neçə anbarda tikinti və bərpa işləri aparılmışdır. Kiçik su anbarlarının tikintisi də gündəlikdə duran məsələlərdən biridir”.

Prezident əlavə edib ki, hər il dövlət vəsaiti ilə minimum 300 subartezian quyusu qazılır, bunun da çox böyük səmərəsi var:

“Giriş sözümdə qeyd etdiyim kimi, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilmişdir və bu proses davam etdirilir. Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir”.

İlham Əliyev vurğulayıb ki, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək: “Baxmayaraq ki, 3272 məktəb tikilib və təmir edilib. Bu məktəblər mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Həmçinin xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Təkcə bu il üç Olimpiya Kompleksinin açılışı gözlənilir. Bu da bölgələrdə idmanın inkişafına xidmət göstərir.

Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir”.

Dövlətimizin başçısı qeyd edib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: “Keçən il 5800 köçkün üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi payı ilə.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri də həll olunur. Keçən il 626 şəhid və Qarabağ müharibəsi əlilinin ailəsinə evlər verildi. Bu il isə 800 ailəyə ev veriləcək. Növbəti illərdə bu proses davam etdiriləcək ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri evlərlə təmin olunsunlar. Bu günə qədər bu qəbildən olan 6650 ailə ev alıb”.

Azərbaycan Prezidenti xatırladıb ki, keçən il 118 min yeni iş yeri yaradılmışdır: “Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.

Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”.

Prezident bildirib ki, özünüməşğulluq proqramının icrası böyük ümidlər verir: “Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Hər il ən azı 7 min ailə, baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər.

Ailə Biznesinə Asan Dəstək - "ABAD" mərkəzləri yaradılır. Bu da çox müsbət haldır. Mən bu mərkəzlərin açılışında olmuşam və bu, "ASAN xidmət"in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur”.

İlham Əliyev qeyd edib ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: “Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər. Hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Biz problemləri həll edə bilərik və əlbəttə ki, buraxılan nöqsanlar tamamilə aradan qaldırılmalıdır”.

Dövlət başçısı deyib ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb: “Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var.

Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər”.

İlham Əliyev bildirib ki, kənd təsərrüfatı və sənaye istehsalı dördüncü proqramda xüsusi yer tutur: “Əlbəttə, infrastruktur layihələri də diqqətdədir. Ancaq qeyd etdiyim kimi, onların böyük hissəsi başa çatıb, yaxud da ki, başa çatacaq. Ona görə iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. Müxtəlif mexanizmlər işə salınıb, müxtəlif təşəbbüslər irəli sürülüb. Onlardan biri investisiya təşviqi mexanizmidir. Biz bu məsələni həll etməyə başlayandan sonra çox gözəl nəticələrlə üzləşdik. İnvestisiya təşviqi proqramı üzrə 107 layihə həyata keçirilib. Ümumiyyətlə, 332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Yəni, əgər investisiya təşviqi mexanizmini biz işə salmasaydıq, bu vəsait də qoyulmazdı. Bu layihələr çərçivəsində əlavə 12 min yeni iş yeri açılacaqdır.

Sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var. Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilibdir. Bu sahədə görüləcək işlər əminəm ki, ölkəmizin qeyri-neft sektorunun inkişafını təmin edəcək, qeyri-neft ixracının həcmini böyük dərəcədə artıracaq.

Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir. Giriş sözümdə qeyd etdim, burada böyük meqalayihələr icra edilir. Ancaq bununla paralel olaraq, daxili istehsal, yəni, SOCAR tərəfindən neft və qaz hasilatı sabit qalmalıdır. Keçən il Azərbaycanda 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil edilib, böyük layihələr icra olunub”.

Prezident əmin olduğunu bildirib ki, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası Azərbaycana əlavə böyük gəlir gətirəcək: “Əlbəttə ki, sənaye sahəsində bizim diqqətimiz, eyni zamanda, qeyri-neft sektoruna yönəlib. Bu sahədə də yaxşı nəticələr var. Keçən il qeyri-neft sənayemiz 9,1 faiz artıb. Bu, onu göstərir ki, həmin sahədə işlər yüksək səviyyədə aparılır. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması bu sahədə atılan çox ciddi addımlardır. Gələcəkdə digər şəhərlərdə də sənaye zonaları yaradılacaqdır.

Biz son vaxtlar ənənəvi xalçaçılıq sənətinin inkişafı ilə bağlı çox ciddi iş aparırıq. Artıq 20 xalça fabriki fəaliyyətdədir. Hər fabrikdə orta hesabla 100, yaxud 150 iş yeri yaradılır, xüsusilə qadınlar üçün. Mən fabriklərin əksəriyyətinin açılışlarında iştirak etmişəm və görmüşəm ki, buna nə qədər böyük ehtiyac var. Bu, qadınları işlə təmin etmək, qədim milli sənətimizi yaşatmaq üçün çox düşünülmüş bir addımdır. Bütövlükdə isə bizdə 31 xalça fabrikinin tikilməsi nəzərdə tutulur və burada təqribən 5 minə yaxın iş yeri açılacaq. Bu il Sumqayıt şəhərində əyirici boyaq fabrikinin açılışı gözlənilir. Beləliklə, biz artıq xalça istehsalında xarici xammaldan asılılığı aradan götürəcəyik”.

Dövlət başçısı əlavə edib ki, iplik və hazır tekstil fabriklərinin tikilməsinə də ehtiyac var: “Bizdə iplik fabrikləri var. Verilən məlumata görə, tədarük edilən pambığın təxminən 50 faizi artıq Azərbaycanda emal olunur və bu, əlavə dəyər yaradır. Bu, çox yaxşı haldır. Ancaq sahibkarlar bilməlidirlər ki, potensial daha böyükdür. Azərbaycanda pambıq istehsalı artır. Ona görə hesab edirəm ki, sahibkarlar iplik fabriklərinin tikilməsinə çox ciddi baxmalıdırlar. Bu, çox gəlirli və ölkəmiz üçün çox faydalı bir işdir. Eyni zamanda, ipəkçiliyin inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Artıq Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzi yaradılır. Bu da imkan verəcək ki, biz idxaldan asılılığı azaldaq və gözəl bir zəncir yaradaq, tingdən hazır ipək parçasına qədər. Yenə də dövlət əsas işi öz üzərinə götürüb. Ancaq sahibkarlar da mütləq bu sahəyə maraq göstərməlidirlər. Hesab edirəm ki, bu, onlar üçün faydalı ola bilər”.

İlham Əliyev vurğulayıb ki, ölkəmizdə yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasına ehtiyac var: “Bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki meyvə və tərəvəz istehsalı artır. Biz bunu daha çox meyvə-tərəvəz kimi ixrac edirik. Ancaq xarici bazarlarda emal olunmuş məhsullara da böyük tələbat var.

Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi”.

Dövlət başçısı kənd təsərrüfatı məhsulları ilə bağlı bəzi rəqəmləri missal gətirib: “Misal üçün, taxılçılıqda 2004-cü ildə 2 milyon ton məhsul yığılmışdı, keçən il 3 milyon 200 min ton. Yəni, artım yaxşıdır. Xüsusilə iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə bərabərdir. Bəzi yerlərdə daha çoxdur. Çox gözəl göstəricidir. Bu, Avropanın inkişaf etmiş ölkələrinin səviyyəsində olan göstəricidir. Ancaq hektardan orta məhsuldarlıq təxminən 29-30 sentnerdir. Bizdə buğdanın məhsuldarlığı ilə bağlı cədvəl qarşımdadır. Dörd rayon - Saatlı, Bərdə, Tərtər, Sabirabad hektardan 40 sentnerdən çox məhsul götürüb. 28 rayon 30 sentnerdən 40 sentnerə qədər. Qalan rayonlar isə 30 sentnerdən az tədarük ediblər. Bu cədvəllər İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası tərəfindən hazırlanıb, var və indi sizə veriləcək. Sahibkarlar bu cədvəllərə baxsınlar və biz də buna fikir verməliyik ki, hansı rayonlarda məhsuldarlığı necə artıra bilərik. Məlumat üçün bildirim ki, dünya üzrə hektardan orta məhsuldarlıq 34 sentnerdir, Azərbaycanda 30, Avropa İttifaqında 53 sentnerdir. Bizdə iri fermer təsərrüfatlarında 50 sentnerdir. Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında”.

İlham Əliyev heyvandarlıqla bağlı bəzi göstəricilərə də toxunub: “2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin istehsalını 15 faiz artırmalıyıq.

Süd istehsalı 2004-cü ildə 1 milyon 200 min ton, 2018-ci ildə 2 milyon ton olub. Burada da artım çox böyükdür. Biz hələ də özümüzü süd və süd məhsulları ilə tam təmin edə bilmirik. Növbəti 5 ildə görüləcək işlər nəticəsində süd istehsalı təxminən 15-20 faiz artmalıdır.

Quş əti - 2004-cü ildə 44 min ton istehsal olunub, keçən il 109 min ton. Tərəvəz - 2004-cü ildə 1 milyon ton, keçən il 1 milyon 500 min ton istehsal olunub. Ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları - pomidor 177 milyon dollar, xurma 114 milyon dollar, pambıq və un məmulatları 108 milyon dollar, fındıq 100 milyon dollara yaxın və alma 38 milyon dollar”.

Prezident əlavə edib ki, meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub: “Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik.

Bildiyiniz kimi, son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir”.

İlham Əliyev qeyd edib ki, son vaxtlar badam və qoz bağlarının salınması geniş vüsət alıb: “Bu məhsullar da çox gəlirlidir və ixracyönümlüdür. Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır”.

Prezident deyib ki, pambıqçılıqda çox ciddi dönüş yaradılıb: “Müqayisə üçün bildirməliyəm ki, 2015-ci ildə cəmi 35 min ton pambıq tədarük edilmişdir, keçən il isə 233 min ton. Görün, biz nə qədər böyük irəliləyiş əldə etmişik. Pambıqçılığın bütün sahələrində 290 min insan işləyir. Məhsuldarlıq bizdə hələ ki, lazımi səviyyədə deyil. Hektardan orta məhsuldarlıq 17,4 sentnerdir. Bu, prinsipcə, bizi qane edə bilməz, biz məhsuldarlığı artırmalıyıq. Ancaq bu məhsuldarlıq orta məhsuldarlıqdır. Harada ki, işlərə ciddi yanaşırlar, məhsuldarlıq yüksəkdir. Məlumat üçün bildirməliyəm ki, “MKT” təşkilatının pambıq tarlalarında məhsuldarlıq hektardan 27 sentnerdir, “Azərpambıq”da 19, amma digər kiçik təsərrüfatlarda aşağıdır. Ona görə bu, orta məhsuldarlığı da aşağı salıb. Ona görə bu sahədə də təftiş aparılmalıdır. Pambıqçılıq üçün yararlı torpaqlar seçilməlidir və harada məhsuldarlıq aşağıdır, orada başqa məhsullar yetişdirilməlidir. Dövlət xətti ilə 470 pambıqyığan kombayn və pambıqçılıq üçün 12 minə yaxın texnika alınmışdır”.

Dövlət başçısı bildirib ki, tütünçülükdə də çox ciddi irəliləyiş var: “Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika - bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər inkişaf edə bilməzdi. Mənim sədrliyimlə tütünçülüklə bağlı xüsusi müşavirə keçirildi. Bütün tapşırıqlar o müşavirədə verilmişdir və onlar icra edilir.

Baramaçılıq üzrə də müşavirə keçirilmişdir. Burada mənzərə, ümumiyyətlə, çox maraqlıdır. Sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir”.

İlham Əliyev digər sahələr üzrə də işlərin getdiyini bildirib: “Mən çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirmişəm. Bu sahədə də irəliləyiş var. Arıçılığın da həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər.

Üzümçülük, şərabçılıq. 2004-cü ildə 55 min ton üzüm yığılmışdır, keçən il 167 min ton, yəni, 3 dəfə çox. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır. Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə çox bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.

Dövlətimizin başçısı əlavə edib: “Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafı məsələlərinə baxanda biz mütləq ekoloji vəziyyətə nəzər salmalıyıq. Biz ekoloji vəziyyəti yaxşılaşdırmalıyıq, ekoloji tarazlığı pozan amillərdən özümüzü qorumalıyıq. Bu sahədə son illər ərzində işlər aparılıb. Hesab edirəm ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Xüsusilə Bakıda, Sumqayıtda, digər böyük şəhərlərdə ekoloji tarazlığı pozan müəssisələrə çox ciddi xəbərdarlıq edilməlidir ki, onlar təmizləyici cihazları quraşdıraraq havanın çirklənməsinin qarşısını alsınlar. Bu, çətin məsələ deyil. Ekologiya ilə bağlı digər məsələlər də öz həllini tapmalıdır.

Dəmir yolu layihələri ilə bağlı mən giriş sözümdə qeyd etdim. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri fəaliyyətdədir, bu işlərə yeni tərəfdaşlar qoşulur. Mənim bir neçə ölkənin dövlət başçısı ilə apardığım danışıqlar nəticəsində indi Orta Asiya respublikalarından əlavə yüklərin Ələt limanına gəlməsi və oradan dəmir yolu ilə dünya bazarlarına çatdırılması təmin edilib. Biz bir neçə ölkə ilə artıq çox səmərəli əməkdaşlıq edirik. Bu ölkələrin sayı artır və biz yeni mənbələrdən yükləri cəlb edib Azərbaycan ərazisindən göndəririk. Ölkə daxilində bir neçə dəmir yolu layihəsi gündəlikdədir. Biz Şimal-Cənub nəqliyyat dəhlizinin bərpası ilə məşğuluq. Düzdür, bu yol var, fəaliyyət göstərir, ancaq bunun sürəti aşağıdır. Ona görə Yalamadan Astaraya qədər yeni dəmir yolu xətləri çəkilməlidir. Artıq keçən ildən bu prosesə start verilib və beləliklə, Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərini birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi yüksək sürətli dəhliz olacaq və yüklərin mənzil başına çatma müddəti də, əlbəttə ki, qısalacaq”.

Prezident bildirib ki, şəhərlərarası dəmir yollarının tikintisi də aparılır: “İndi Ləki-Qəbələ dəmir yolu tikilir. Qəbələ indi turizm mərkəzlərindən biridir və Bakı-Yalama dəmir yolunun tikintisi ilə paralel olaraq, həmin yolun da çəkilməsi təmin edilməlidir. Şahdağ dağ-xizək kurortuna da dəmir yolu çəkilməlidir. Beləliklə, Qusar rayonuna da dəmir yolu ilə getmək mümkün olacaq. Bu da proqramda nəzərdə tutulur.

Tikinti sektoru ilə bağlı biz indi dövlət xətti ilə böyük layihələri icra edirik. Mənzil İnşaatı Dövlət Agentliyi iki böyük layihəni Yasamal rayonunda və Hövsanda icra edir. Bu prosesə də dövlət tərəfindən start verildi. Sosial evlərin tikintisi çox böyük əhəmiyyət daşıyır, vətəndaşlar bundan istifadə edirlər, eyni zamanda, bu, tikinti sektoruna da çox ciddi təkan verir. Həm inşaat materialları sektoruna, həm də tikinti sektoruna bunun çox böyük dəstəyi ola bilər”.

İlham Əliyev qeyd edib ki, son illərdə Azərbaycana gələn turistlərin sayı getdikcə artır və bu, çox müsbət haldır: “Keçən il gələn turistlərin sayı təqribən 6 faizə yaxın artmışdır. Keçən il ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, belə demək olarsa, əlavə 2 milyard dollar ixrac deməkdir. Artıq bu rəqəm göstərir ki, turizmin nə qədər böyük əhəmiyyəti var. Bu pullar xidmət sektoruna gedir, vətəndaşlar, sahibkarlar bundan faydalanırlar. Yəni, bu pullar birbaşa o şirkətlərə gedir ki, onlar bölgələrdə turistlərə müxtəlif xidmətlər göstərirlər. Çünki turistlərin böyük hissəsi artıq Azərbaycanın bölgələrinə gedir. Bütün lazımi şərait yaradılır və turizm sənayesi Azərbaycanda çox geniş imkanlara malik olmalıdır. Bunun üçün bütün lazımi ilkin şərtlər var. Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. İqlimimiz də çox gözəldir və müxtəlif iqlim tipləri var. Müasir infrastruktur yaradılıb, 6 beynəlxalq aeroport, müasir yollar, dəmir yolları, otellər, gözəl təbiət, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm inkişaf edir. Misal üçün, Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ müalicəvi mərkəzinə turistlər çox gəlir, Qalaaltıya müalicəyə gəlirlər. Tarixi abidələrimiz kifayət qədər çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, turizm sənayesi Azərbaycanda çox sürətlə inkişaf edəcək.

Əlbəttə, bir çıxışda proqramda nəzərdə tutulan bütün istiqamətləri əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas istiqamətləri ictimaiyyətin diqqətinə çatdırdım. Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük müvəffəqiyyətdir və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir. Sağ olun”.скачать dle 10.6фильмы бесплатно
29-01-2019, 21:49
Baxıs: 46 878
Reyting: