“Azərbaycanda hər gün təxminən 41 nəfərə onkoloji diaqnoz qoyulur” “Onkoloji xəstəliklərin artmasının əsas səbəblərindən biri qidalanma faktorudur. Xəstəliyin yaranmasında təxminən 50-60 faiz pay məhz qidalanmanın payına düşür”.Aszia.az xəbər verir ki, bunu “Yeni Sabah”a tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Müseyibov bildirib. Onun sözlərinə görə, xüsusilə dönər, kolbasa, sosiska və digər ultra emal olunmuş ət məhsullarının həddindən artıq istehlakı onkoloji xəstəliklərin yayılmasına və cavanlaşmasına səbəb olan əsas amillərdən hesab edilir: “Buna görə də hər zaman qidalanmaya xüsusi diqqət yetirmək lazımdır. İnsanlara maksimum dərəcədə ultra emal olunmuş ət və ət məhsullarından uzaq durmaları tövsiyə olunur”. F.Müseyibov qeyd edib ki, dəfələrlə istifadə edilmiş yağlar da təhlükəlidir: “Bəzən eyni yağdan bir neçə dəfə yemək hazırlanır və bu zaman yağın tərkibində kanserogen maddələr əmələ gəlir. Həkim vurğulayıb ki, onkoloji xəstəliklərin artmasına səbəb olan digər mühüm faktor tütün məhsullarından istifadədir: “Artıq tütün məhsullarından qadınlar arasında onkoloji xəstəliklər daha çox qeydə alınır. Təxminən 6 min kişi ilə müqayisədə 8 minə yaxın qadında onkoloji xəstəlik aşkarlanıb. Bu məsələdə elektron siqaretlərin də xüsusi rolu var. Elektron siqaretlər qadınlar arasında daha geniş yayılıb. Bundan başqa, qadınlar arasında alkoqollu içkilərdən istifadənin artması da risk faktorlarından biridir. Bu amillər süd vəzi xərçəngi, ağız boşluğu xərçəngi, qida borusu xərçəngi və uşaqlıq boynu xərçəngi kimi xəstəliklərin yaranmasına səbəb ola bilər”. F.Müseyibovun sadaladığı üçüncü amil stress və psixoloji travmalardır: “Digər vacib məsələ hava çirkliliyidir. Əvvəllər Bakıda təxminən 1 milyon nəfər yaşayırdısa, hazırda bu rəqəm 4 milyona yaxınlaşıb. Əhalinin artması, bitki örtüyünün azalması və avtomobillərin sayının çoxalması havanın çirklənməsinə səbəb olur ki, bu da onkoloji xəstəliklərin yayılmasına təsir edən amillərdən biridir”. “Azərbyacanda hər gün təxminən 41 nəfərə onkoloji diaqnoz qoyulur. İnsanlar qidalanmalarına xüsusi diqqət yetirməli, sağlam həyat tərzi sürməli, fiziki aktivliklə məşğul olmalı və normal çəkilərini qorumalıdırlar. Bu qaydalara əməl edildikdə onkoloji xəstəliklərin qarşısının alınması baxımından daha yaxşı nəticələr əldə etmək mümkündür, - deyə Fərid Müseyibov vurğulayıb. – Ağrı və ya hər hansı şikayət olmasa belə, ildə ən azı bir və ya iki dəfə “check-up” müayinəsindən və onkoloqun müayinəsindən keçmək məsləhətdir. Təəssüf ki, müraciət edən xəstələrin 70-80 faizi artıq xəstəliyin üçüncü və ya dördüncü mərhələsində olur. Bu mərhələdə imkanlarımız məhdudlaşır. Halbuki xəstəlik vaxtında diaqnoz qoyulduqda həm sağalma şansı xeyli yüksək olur, həm də müalicə xərcləri daha az olur. Bütün bunlara diqqət yetirilməsi tövsiyə olunur”. |
XƏBƏR LENTİ
Bu gün, 12:21
Bu gün, 12:10
Bu gün, 12:07
Bu gün, 11:57



































