Boğazımızdan keçə bilməyən ən böyük tikə

Nərmin Dadaşova

Dünən “milli sevgililər günü” idi. Amma çoxumuz bunun fərqində belə deyildik. Çünki bizim milli sevgimiz olduqca təhükəlidir. Çünki bizim milli sevgimiz məişətdir, qayınanadır, elti, baldız, kürəkəndir. Bizim milli sevgimiz “əl vurma, öldürər” xəbərdarlığıdır. “Səni sevib solduraram”, misrasıdır. Halbuki, səni sevib yaşadaram da ola bilərdi...


Keçənlərdə gənc, gözəl bir qızımız sevgisinin qurbanı oldu. Nişanlısına vida videosu çəkib intihar etdi - kəndirin ümidinə buraxdı taleyini. Psixoloji problemləri var dediniz, dəlidir dediniz, serialların təsirindədir dediniz. Halbuki sadəcə aşiq olmuşdu balaca xanım. Bayatılı Odər təbirincə desək, yupyumru bir eşq ilə vurulmuşdu sevgilisinə. Ayrılar-ayrılmaz qıydı canına. Çünki onun sevgisi bəşəri deyildi. “Nişanı qayıtmış qız” var idi onun məhəbbətinin tərkibində - milli idi yəni.

Təkcə ötən il, Azərbaycanda1286 qadın məişət zorakılığı qurbanı olub. Bu sadəcə fiziki işgəncə görənlərin bizə məlum olan sayıdır, oxucu dost. Bir də mənəvi çəkilən əzablar var. Sevmədiyi adama qadın olan, sevmədiyi adama dovğa bulayan, dolma bükən, həyəcansız yaşayan on minlərlə üzünü görməyib, səsini eşitmədiklərimiz, var bir də.

Nə qəribə həqiqətdir, bizim milli elan etdiyimiz sevgililər gününün də tarixində məhz kədər var, ayrılıq, ölüm var. “Ya mənim olacaqsan, ya da qara torpağın” – fəlsəfəsi var. Halbuki sevgi əzabı ilə də, ehtirası ilə də sevgidir. Sonu ölüm olmamalıdır, uzaq başı ayrılıq olmalıdır. Yəqin dünən boşanmaq üçün məhkəməyə gəlmiş qadını elə oradaca öldürən kişinin “qəhrəmanlığı” haqqında sən də eşitdin, oxucu dost. O kişi qatil olmağı ona görə gözə aldı ki, öldürdüyü qadın onun sevgilisi deyildi, namusu idi. Namus isə boğazımızdan keçə bilməyən ən böyük tikəmizdi xalq olaraq.

Mən bu gözəlim məmləkətin “sevgililər günü”nə həm də bu səbəbdən inana bilmirəm. Kağız-kuğuzla təsdiqlənməmiş sevgini yaşaya bilməyən insanların, öpüşəndə gözünün birini açıq saxlayıb hər an ağac dalından çıxa biləcək polisi gözətləyən, sevgilisindən aldığı çiçəyi atasının qorxusundan məhlənin başında dayanmış zibil qutusundan o yana keçirə bilməyən, ilin-günün bu çağında “yengə” müsibəti yaşayan, “sevgilim” sözündən utanıb “nişanlım”, “ərim” sözləri ilə öyünən insanların belə bir günü qeyd etmələri səncə də absurd deyilmi?

Sosial problemlərin, məişətin, qayğıların bükdüyü belinizi “sevgi” dikəltsin, dostlar. Bizi bütün pisliklərdən bu müqəddəs hiss xilas edəcək, əminəm.

Sizə, hamınıza “yüksək dozada” sevgi arzulayıram.

Ancaq yenə deyirəm, ən saf halını, öldürməyənini…

Sağlıqla qalın, sizi sevirəm…скачать dle 10.6фильмы бесплатно
1-07-2018, 15:47
Baxıs: 137 872
Reyting: