AXCP-nin Rusiyadan qanunsuz yollarla maliyyələşməsi üzə çıxıb

Bu gün Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindiriliblər.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, məhkəmə iclasında Cəmil Həsənli, Əli Kərimli, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, eləcə də KİV-lərin nümayəndələri iştirak edirdilər.

Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərib ki, 1992-ci ilin mayından Rusiya vətəndaşlığını alıb. Sankt Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırır. 2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlirdi. Təxminən 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış etdi. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı.Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin qeyd olunan pul toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi.Daha sonra Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pullarıda qanunsuz yollarla Azərbaycana göndərdiyini dedi. Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcək.

E.Əsgərbəyli məhkəmədə ifadəsində dedi ki, telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb.

Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.

Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Həmin pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olub.

Cavid Məsimli ifadəsində göstərib ki, atası 2005-ci ildən etibarən Moskva şəhərində işləyir, 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına gedib və restoranda aşbaz işləyib.

“Facebook” sosial şəbəkəsindən istifadə etdiyindən “Aqil Əli Məhərrəm” adlı istifadəçi ilə dostlaşıb. Bir müddət sonra Aqil ondan 3000 rubl verməsini xahiş edib və o, həmin pulun necə və hara xərclənəcəyini soruşub. Aqil isə ona bank hesabı kodunu göndərib bildirib ki, pul AXCP üçün lazımdır və pullar Əli Kərimliyə çatacaq.

2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində yerləşən “Sberbank” vasitəsi ilə Aqilin ona göndərdiyi bank koduna göndərib.

Bundan sonra bir müddət “facebook” sosial şəbəkəsində xəbərlərə baxarkən Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutub.

Cavanşir Abuşov ifadəsində bildirib ki, 2018-ci ilin iyununda Moskvada yerləşən “Skarabey” bazarında işləyən azərbaycanlılardan ona məlum olub ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba toplanan pullar əslində Azərbaycan xalq cəbhəsi partiyasının Azərbaycan ərazisində mitinq və toplantılarının maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılıb. Eşidib ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanılmış və qanunsuz yolla Azərbaycana göndərilib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.скачать dle 10.6фильмы бесплатно
29-01-2019, 19:54
Baxıs: 52 324
Reyting: