Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək

Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda sənaye istehsalı artır. Son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı. Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, 2 faiz artmışdır, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, bir daha demək istəyirəm ki, bizim siyasətimizi əks etdirir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək".

İlham Əliyev bildirib ki, sənaye zonalarının, sənaye parklarının yaradılması artıq gözəl nəticələr verib: "Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir. Keçən ilin sonunda Sumqayıtda 4 müəssisə açılıb, 3 müəssisənin təməli qoyulub. Bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək iki nəhəng zavod işə düşəcəkdir – “SOCAR Polymer” və azot gübrələri zavodları. Bu zavodların tikintisinə, ümumiyyətlə, 2 milyard dollara yaxın vəsait qoyulub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var. Ümumiyyətlə, oraya qoyulacaq investisiyaların həcmi 2,8 milyard dollardır. Baxın, əgər biz vaxtilə Sumqayıt Kimya Sənaye Parkını yaratmasaydıq, bu vəsaitlər də qoyulmayacaqdı - 2,8 milyard dollar və investisiya təşviqi sənədində 2,3 milyard manat. Bax, bu vəsaitlər sahibkarların əlində qalacaqdı, yaxud da ki, indi bu vəsaitin əlbəttə, böyük hissəsi kredit resurslarıdır, o götürülməyəcəkdi, investisiya qoyulmayacaqdı və sənaye inkişafı da mümkün olmayacaqdı.

Biz indi bir çox bölgələrdə oxşar zonalar yaradırıq. Mən onların arasında Mingəçevir Yüngül Sənaye Parkını xüsusi qeyd etmək istəyirəm. Mingəçevir şəhəri böyüyür və əhali artır. Mingəçevirdə iş yerləri ilə bağlı problemlər mövcud idi, bu gün də bu problemlər var. Bu şəhərin ətrafında kənd təsərrüfatı sahələri yoxdur. Ona görə, Mingəçevir ancaq sənaye və turizm şəhəri kimi inkişaf etməlidir. Bu istiqamətdə çox önəmli addımlar atılıbdır - infrastrukturla, yollarla, içməli su ilə və digər məsələlərlə, o cümlədən yeni iş yerlərinin yaradılması ilə bağlı. Bu il Mingəçevir Yüngül Sənaye Parkında 2 böyük müəssisə, iplik fabrikləri açılıbdır".

Prezident deyib ki, bu iplik fabrikləri bu günə qədər Azərbaycanda yaradılmış iplik fabriklərinin yarısını təşkil edir: "Burada iyirmi min ton iplik istehsal ediləcək, onun böyük hissəsi ixrac olunacaq. Ən azı 700-750 nəfər işlə təmin ediləcəkdir. Yəni, Mingəçevir Yüngül Sənaye Parkı artıq fəaliyyət göstərir və biz növbəti aylarda yeni müəssisələrin yaradılması ilə bağlı təkliflər gözləyirik.

Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il 10 min avtomobil istehsal edən zavodun açılışı olmuşdur. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər".скачать dle 10.6фильмы бесплатно
9-04-2018, 21:53
Baxıs: 81 616
Reyting: