Cahangir Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun qohumu İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısı davam etdirilib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, prosesdə C.Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.

C.Hacıyev qeyd edib ki, bütün işlərə şəxsən özü ciddi nəzarət edib: "Lakin işlərim çox idi. Hamısını çatdıra bilmirdim. Layihələri Dünyamin Xəlilov və müavinim olmuş Emin Mustafayevə tapşırmışdım. Heç kəs verilən kreditlərdən pul qazanmayıb. Axı Dünyamin Xəlilov bütün layihələrə nəzarət edə bilməzdi. Buna onun fiziki gücü çatmazdı. Ona görə də digər MMC-lər yaradıldı".

C.Hacıyev digər təqsirləndirilən İsmayıl Hidayət-zadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını etiraf edib: "Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib".

Sabiq bank rəhbəri 2006-cı ildə "Pərvanə" MMC-ə 7 milyon 500 min manatlıq kreditin ayrıldığını deyib: "Yağ alınması ilə bağlı kredit ayrılmışdı, ancaq pulun hansı layihələr üçün yönəldildiyini bilmirəm".

Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pullardan Azərbaycana hamısı qayıdıb: "Bu layihələr Azərbaycan üçün xeyir verib".

Hakim isə söyləyib ki, istintaq materiallarında belə bir şey qeyd edilməyib. Prosesdə daha sonra təqsirləndirilən şəxs qismində Zaqatala Olimpiya Kompeksinin sabiq direktoru Arif Ramazanov ifadə verib. O ifadəsində qeyd edib ki, 2008-ci ildə Kompleksin açılışı olub və o vaxtdan direktor vəzifəsinə təyin edilib: "Bütün tapşırıqları Dünyamin Xəlilovdan almışam. Aylıq əməkhaqqım 300-600 manat arasında olub. İşlədiyim dövrdə bütün sənədlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, keçmiş "Simurq" klubunun ev oyunları keçirdiyi stadionun tikilişi də onlar tərəfindən həyata keçirilib: "Həmin tikinti başa çatmadı. Bu səbəbdən Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Krediti götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib. Olimpiya Kompleksinə alınan mebellər də xarici ölkədən gətirilib. Onun sənədləşmə işlərinə, gömrük bəyannamələrinə Dünyamin Xəlilov nəzarət edib".

Təqsirləndirilən A.Ramazanov Dünyamin Xəlilovun ona ünvanladığı suala cavab verərək bildirib ki, Kompleksə direktor vəzifəsinə seçilməsi ilə bağlı namizədliyini C.Hacıyev verib. A.Ramazanov C.Hacıyevin sualına cavab verərkən qeyd edib ki, 2012-ci ildə Kompleksdə vergi yoxlaması aparılıb: "Vergi yoxlaması zamanı bütün sənədləri, hətta möhürü də apardılar. Bildirdilər ki, bu işlə bağlı cinayət işi açılıb. Bir müddət yoxlamalar davam etdi. Yoxlamalar başa çatanda dedilər ki, həmin cinayət işinə xitam verilib".

Məhkəmə prosesi fevralın 11-i saat 10:00-a dək fasilə elan edib.скачать dle 10.6фильмы бесплатно
7-02-2019, 18:00
Baxıs: 44 424
Reyting: