Məhkəmədə Gömrük Komitəsinin sabiq idarə rəisinin həbs edilməsi tələb edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Quliyevin vəkili Bəylər Məmişov vəsatət qaldırıb.

O, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini istəyib: "Çünki onun səhhətində ağır problemlər var. Digər tərəfdən, Əlamət Quliyev ilk gündən istintaqa səmimi etiraflar edib, hərəkətlərində müsbət xarakterizə olunan məqamlar da çoxdur".

Daha sonra digər təqsirləndirilən A.Məmmədovun vəkili Abuzər Mehrəliyev də vəsatətlə çıxış edib. O, müvəkilinin barəsində səhhəti ilə əlaqədar həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini tələb edib.

Təqsirləndirilən F.Məmmədlinin vəkili Gülşən Salmanova vəsatər qaldıraraq bildirib ki, cinayət işi ibtidai istintaqda araşdırılarkən ciddi prosessual pozuntular qeydə alınıb: "Bu səbəbdən cinayət işi yenidən prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmalıdır. Çünki ittihamda məbləğ çox şişirdilib".

Vəkil G.Salmanova daha bir vəsatət verərək təqsirləndirilən şəxs, general-mayor F.Qədiməliyev barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

F.Məmmədlinin daha bir vəkili Ceyhun Məmmədov deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin qaçaqmalçılıq cinayətinin konkret subyekti olmasını göstərən hər hansı bir dəlil cinayət işi materiallarında öz əksini tapmayıb. Vəkil F.Məmmədliyə verilmiş mənimsəmə maddəsinin ittihamdan çıxarılmasını istəyib.

Daha sonra C.Mehdiyevin vəkili Əbil Həsənov cinayət işinə xitam verilərək, işin ibtidai araşdırma orqanına qaytarılması haqqında vəsatət qaldırıb. Vəkil C.Mehdiyevin barəsində həsb qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi istəyib.

Hakim verilən vəsatətlərlə bağlı növbəti məhkəmə iclasında qərar veriləcəyini deyib.

Proses fevralın 14-dək təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 AZN təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə A.Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

DGK-nın rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi F.Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.скачать dle 10.6фильмы бесплатно
11-02-2019, 17:00
Baxıs: 27 926
Reyting: