Amaliya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb

Amaliya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb.

Nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amaliya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amaliya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amaliya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amaliya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amaliya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amaliya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amaliya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov ,Fərəh Əliyeva, Əbülfəs Qarayev, Ceyhun Bayramov, Anar Rzayev, Eldar Quliyev, Azər Paşa Nemətov, Rasim Balayev, Şəfiqə Məmmədova, Hacı İsmayılov, Nurəddin Quliyev imzalayıblar.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaqdır (Füzuli meydanı, 1).скачать dle 10.6фильмы бесплатно
8-11-2018, 16:29
Baxıs: 33 217
Reyting: