"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev əfv olunması üçün prezidentə müraciət etdi

"Gündəlik Bakı" qəzetinin təsisçi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon Şöbəsinin sədri, 125 sayli Zəngilan-Qubadlı seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədri, müharibə veteranı, deputatlığa keçmiş namizəd Habil Vəliyevin Prezident İlham Əliyev cənablarına müraciəti:

Leqal.info-ya daxil olan müraciəti olduğu kimi təqdim edirik

Hörmətli Cənab Prezident!

İlk növbədə sizə bildirmək istəyirəm ki, mən 2016-cı ilin dekabr ayında DTX əməkdaşları tərəfindən həbs olunmuşam. Mənə qarşı 12 epizod üzrə ittiham irəli sürülmüşdü. Məhkəmə istintaqı dövründə sübut olundu ki, həmən şəxslərin heç birinin məndən şikayəti və tələbi yoxdur. Buna baxmayaraq mən Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixi qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edildim.

Hörmətli Cənab Prezident!

Mən məhkəmədəki çıxışlarımdan birində də bildirmişdim ki, özümü hər zaman iqtidar saymışam. Bəli mən hər zaman sizin və dünya şöhrətli siyasətçi olan, Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarını dəstəkləmişəm. Çünki həm atanız həm də siz Azərbaycanımızı inkişafa, tərəqqiyə aparmısınız. Mən canımla, qanımla Sizə və dövlətimə bağlı insanam. Mən Azərbaycanım üçün canımdan keçməyə hazıram. Bunu hələ 18 yaşım olarkən, daha dəqiq desəm Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olarkən sübut etmişəm. Belə ki, təhsilimi yarımçıq qoyaraq könüllü şəkildə cəbhə xəttinə yollanıb doğma torpağımın ərazi bütövlüyü uğrunda ermənilərə qarşı vuruşmuşam. Hazırda da sizin döyüş əmrinizi gözləyirəm ki, yenidən əlimə silah alıb düşməni susdurum.

Hörmətli Cənab Prezident!

Mən sizin əsgəriniz olduğum üçün fəxr edirəm. Siz Azərbaycana ən layiqli şəkildə rəhbərlik edirsiniz. Mənim həbs olunmağım iqtidara qarşı olan düşüncə və fikirlərimə heç bir təsir göstərməyib. Yenə də hazırki iqtidara canla başla xidmət etməyə hazıram. Bunu özüm üçün şərəf sayıram. Hörmətli Prezident! Sizin necə humanist insan olduğunuzu bütün Azərbaycan xalqı bilir. Siz bir müddət əvvəl imzaladığınız Əfv Fərmanı ilə bunu bir daha sübut etmiş oldunuz. Yüzlərlə insanı əfv edib ailəsinə, doğmalarına qovuşdurdunuz. Xalq sizin bu kimi addımlarınızı hər zaman alqışla, boyük rəğbətlə qarşılayır. Mən artıq 1 il 8 aydır ki, zindan həyatı yaşayıram. Ailəmdən, 3 övladımdan, həyat yoldaşımdan, xəstə ata-anamdan və doğmalarımdan uzaq düşmüşəm. Mənim onlara onların da mənə böyük ehtiyacı var.

Hörmətli Cənab Prezident!

Onu da qeyd etmək istəyirəm ki, həyat yoldaşım ağır xərçəng xəstəsidir. Onun müalicəsi davam etsə də, mənim mənəvi dəstəyimə ehtiyac duyur. Mən onun yanında olsam bəlkə də tez sağalar və əvvəlki sağlamlığına qovuşar. Cənab Prezident! qarşıdan Milli Mətbuat Günü gəlir. Mən sizdən xahiş edirəm ki, Azərbaycan jurnalistlərinin bu bayramında məni Əfv edib ailəmə qovuşdurasınız.

Dərin hörmətlə,
"Gündəlik Bakı" qəzetinin baş redaktoru, müharibə veteranı
Habil Vəliyev
скачать dle 10.6фильмы бесплатно
7-07-2018, 17:08
Baxıs: 135 327
Reyting: