"Getcontact" xəyanətin üstünü açdı
Qax rayonunda 1991-ci il təvəllüdlü Cabbar qısqanclıq zəminində yaranan mübahisə zamanı qohumu Qasımı (adlar şərti verilib - red.) güllələyib.
Milli.Az teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il iyulun 18-də Qax rayonunun kəndlərindən birində baş verib. Cabbar həmin gün saat 22.20-də kənddəki "Göllər" adlanan ərazidə olan torpaq yolda qohumu Qasımla mübahisə edib. Mübahisə zamanı Cabbar özünə məxsus ov silahı ilə bir dəfə yerə, bir dəfə isə Qasımın sol diz nahiyəsinə atəş açaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İstintaq orqanı tərəfindən Cabbarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. "Xəyanət etməsindən şübhələndim" Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabbar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Qasım onun əmisinin nəvəsidir: "11 iyul 2020-ci ildə Asiya ilə evlənmişəm. Birgə nikahdan bir qız övladımız doğulub. Arvadımla münasibətlərimiz əvvəllər normal olsa da, sonradan o, səbəbsiz mənimlə mübahisə etdiyi, məndən ayrılacağı, evdən gedəcəyini dediyi üçün onun xəyanət etməsindən şübhələndim. Qeyd olunan səbəblərdən münasibətlərimiz pozulmağa başladı". "Telefonu yoxlayanda məlum oldu ki..." Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin yanvarında arvadı Asiyanın ona xəyanət etməsi haqda məlumat verdikdən sonra qadının valideynləri, qohumları, habelə əmisi nəvəsi Qasım yaşadıqları evə gəliblər: "Məhz Qasımla söhbətindən sonra Asiya məndən boşanmaq fikrindən daşındı. Bu səbəbdən arvadımın Qasımla sevgi münasibəti olmasından şübhələndim. Asiyanın mobil telefonunu yoxlamağa başladım. Telefonda Qasıma məxsus mobil telefon nömrəsinin onun anası Aytənin adı ilə qeydə alındığını gördüm. Bunun səbəbini soruşdum. Asiya Aytənin ona bu mobil telefon nömrəsindən zəng etdiyini, bu səbəbdən nömrəni göstərilən adla qeyd etdiyini dedi. Telefonunun "Getcontact" tətbiqində axtaran zaman Qasıma məxsus nömrənin axtarıldığını aşkar etdim. Bu, Asiyanın Qasımla sevgi münasibəti saxladığına məndə əminlik yaratdı". "Cinsi əlaqədə olduqlarını öyrəndim" Cabbarın sözlərinə görə, bundan sonra Asiyanın xahişilə yeni mobil telefon nömrəsi alaraq Asiyaya verib: "Bir müddət sonra, 2023-cü ilin iyul ayında arvadım Asiya Qax rayonunun Ağyazı kəndində yerləşən MMC-də işləmək istədiyini bildirdi. Mən də razılıq verdikdən sonra arvadım həmin müəssisədə işləməyə başladı". Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 17-də anası Lətifənin deməsinə əsasən, arvadı Asiyanın işlədiyi müəssisədə çalışan Kənanla münasibətinin olmasını öyrənib: "Ətraflı məlumat almaq məqsədilə iyulun 18-də arvadımla söhbət edən zaman onun səsyazısını qeydə aldım. Söhbət əsnasında Asiya Kənanla yazışdığını etiraf etdi. Söhbət zamanı o da məlum oldu ki, 13 fevral 2022-ci ildə Qasım Asiyanın müəyyən şəxslərlə sevgi münasibəti barədə məlumatları yayacağı ilə onu hədələyib, bu səbəbdən Asiya Qasımla yazışmağa, daha sonra danışmağa başlayıb, ardınca məcburi şəkildə görüşüb və cinsi əlaqədə olub". "Silahı hazır vəziyyətə gətirdim" Cabbarın ifadəsinə görə, arvadı Asiyanın etirafları barədə onun valideynlərinə və qohumlarına məlumat verib: "Asiya onların yanında da mənə xəyanət etdiyini etiraf etdi. Mənim tələbimlə Asiya evi tərk etdikdən sonra onun xəyanətindən əsəbləşdim. Münasibətləri aydınlaşdırmaq üçün Qasımla görüşmək qərarına gəldim. Avtomobilimin baqajında ov tüfəngi olduğunu xatırladım. Qasımı əlil etmək məqsədilə diz nahiyəsinə atəş açmağı düşündüm. Baqajdan silahı götürdüm, 19 patrondan 2-sini silaha yerləşdirdim. Qalan patronları maşının baqajına, hazır vəziyyətə gətirdiyim silahı isə maşının arxa oturacağına qoydum. Bir müddət sonra Qasımla əlaqə saxladım və onu avtomobilə əyləşdirdim. Birlikdə "Göllər" adlanan yerə tərəf getdik. Yolun kənarında maşını saxladım. Əvvəlcə avtomobildən çıxaraq silahı arxa oturacağın üzərindən götürdüm. Daha sonra Qasım mənim tələbim ilə maşından çıxdı". "Diz çökməsini tələb etdim" Cabbar qeyd edib ki, söhbət əsnasında Qasımı təhqir edib, arvadı Asiya ilə aralarında baş verənlərdən xəbəri olduğunu deyib, hər şeyi boynuna almağı tələb edib: "Qasımdan qarşımda diz çökməyi tələb elədim. O, məsələnin başqa şəkildə olduğunu deyərək sakitəşməyimi istədi. Qasımın diz çökmədiyini görəndə silahdan yerə atəş açdım. Qaçmaq istəyəndə onu əlil etmək məqsədilə sol diz nahiyəsinə atəş açdım. Qasım yerə yıxıldı. Bundan sonra silahın arxa tərəfi ilə, yumruq və təpiklə Qasımın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Bu vaxt Vüsal və Valid yaxınlaşaraq məni kənara apardılar. Onlardan biri silahı əlimdən aldı. Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək törətdiyim hadisə barədə məlumat verdim". İş üzrə zərərçəkmiş Qasımın sözlərinə görə, təqsirləndirilən Cabbarın arvadı Asiya ilə heç vaxt cinsi əlaqədə olmayıb: "Asiya mənə böhtan atır. İyulun 18-də Cabbar zəng edərək görüşməli olduğumuzu bildirdi. Mən də razılaşdım. Cabbarın avtomobilinə əyləşdim. Bir müddət hərəkət etdikdən sonra saat təxminən 22.30-da o, avtomobili yolunun kənarında saxladı. Məndən avtomobildən çıxmağımı tələb etdi. Mən avtomobildən çıxdıqdan sonra Cabbar arxa oturacağının üzərindən ov tüfəngini götürdü. Məni təhqir edərək arvadı ilə aramızda sevgi münasibətinin olduğunu dedi. Mən bunu inkar etdim. Cabbar bir dəfə atəş açdı. Güllədən çıxan qırmanın bir hissəsi ayağıma dəydi. Silahı Cabbarın əlindən almağa çalışanda sol diz nahiyəmə atəş açdı, mən yerə yıxıldım. Cabbar tüfəngin qundağı və digər hissələri ilə baş, bel nahiyələrimə zərbələr vurdu. Vüsal və Valid oraya gələrək Cabbarı kənara apardılar. Məni Qax Rayon Mərkəzi Xəstəxanasına apardılar". "Cinsi əlaqədə olmağı tələb etdi" İş üzrə şahid qismində dindirilən Asiyanın sözlərinə görə, təqsirləndirilən Cabbar onun əri, zərərçəkmiş Qasım isə ərinin əmisi nəvəsidir: "11 iyul 2020-ci ildə Cabbarla evlənmişəm və bu nikahdan bir qız övladımız doğulub. 2023-cü ilin martından etibarən Qasımın təklifi ilə vatsap vasitəsilə bir-birimizə mesajlar yazmışıq. O mənə sevgi münasibətində olmağı təklif etsə də, mən razılaşmadım. 2023-cü ilin martında yaşadığım evdə tək olan zaman Qasım bizə gəldi. Mənə Telmanla əlaqəm olduğunu bildirərək həmin məlumatları yayacağı ilə hədələdi, cinsi əlaqədə olmağı tələb etdi. Mən də heç nə deməyərək Qasımla könüllü cinsi əlaqədə oldum. Həmin vaxtdan sonra uzun müddət ərzində Qasımla əlaqə saxlamadım. Aprelin 1-də yaşadığım evdə olan zaman Qasım gəldi və onun təklifi ilə cinsi əlaqədə olduq. Qasım bu barədə kiməsə nəsə deyəcəyim təqdirdə məni öldürəcəyi ilə hədələdi. Bu səbəbdən heç kəsə heç nə demədim". "Etiraf etdim" Asiyanın ifadəsinə görə, iyunun 1-dən başlayaraq Qax rayonunun Ağyazı kəndində yerləşən MMC-də işləməyə başlayıb: "MMC-də işləyən Kənanın mütəmadi olaraq mənə tərəf baxmasından rahatsız oldum. İş yoldaşım vasitəsilə bu barədə Kənana bildirdim. Kənanla heç vaxt telefonda danışmamışam, yazışmamışam. Kənanla, habelə Telmanla aramızda sevgi münasibəti olmayıb. İyulun 18-də Cabbarla söhbətdə Qasımla aramızda baş verənləri etiraf etdim. Lakin Kənanla heç bir əlaqəmin olmadığını dedim. Cabbar olanları anama xəbər verdi. Mən də anamla birlikdə həmin evi tərk edərək getdim. Sonradan Cabbarın ov tüfəngi ilə Qasımı vuraraq xəsarət yetirdiyini eşitdim". Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cabbar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş Qasımın aldığı xəsarətlərdən sonra səhhətində yaranmış problemlə bağlı təqsirləndirilən şəxsə qarşı qaldırdığı mülki iddiası qismən təmin edilib. Təqsirləndirilən şəxsdən 10 min 807 manat tutularaq zərərçəkmişə ödənilməsi barədə hökm çıxarılıb. |
XƏBƏR LENTİ
Dünən, 10:22
Dünən, 10:21
Dünən, 10:21
Dünən, 10:21