Koronavirus dövründə imtahanlar belə keçiriləcək
TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.
Leqal.info sözügedən göstərişləri təqdim edir: Sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Aşağıdakılar təmin edilsin: İmtahanlara onlayn qeydiyyatı; İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını; İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsini; İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını; Otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını; Səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanmasını; İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunmasını; Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsini; İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatını; Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsini; İmtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsini; İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalarını; İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsini; Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini; İmtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını; Hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunmasını; İmtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini; İştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını; Məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana buraxılış vərəqəsində əks olunmasını. Təmizlik və dezinfeksiya işləri: Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir: Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır; Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir; Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir; Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir; Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir. Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar: İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır; Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir; Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır; Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır; Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir; Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır; Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir. Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri: Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər); Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər); Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər); Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər); Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər); Döşəmələr (xlor tərkibli məhlul və ya digər); Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər); Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər); Tullantı qabları (spirt tərkibli məhlul və ya digər). İşçi heyətin şəxsi gigiyenası: İşçi heyət imtahan müddətində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır; İşə başlamazdan, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra işçilər əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər. |
XƏBƏR LENTİ
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56
8-05-2024, 08:56