Dondurma istehsalçısı "Camal" LTD-dən AQTA-nın yoxlamasına CAVAB: "Xəbəri sanki işimizdə yanlışlıq varmış kimi yayıblar"
Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Uyğunsuzluq aşkarlanan dondurmalar arasında “Camal” LTD-yə məxsus olan “Qoşa Qapı” və “Oazis” dondurmaları da var.
Arazxeber.az məsələni araşdırmaq üçün “Camal” LTD ilə də əlaqə saxlayıb. Şirkətin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Zəhra Rüstəmova AQTA-nın yaydığı məlumatlara belə aydınlıq gətirib: “Ötən gün bizdə plandankənar yoxlama oldu. Bizə tam protokol göndərməmişdilər ki, hansı tarixdə, hansı satış nöqtəsində, hansı şraitdə nümunələr götürüləcək. Bəlkə, həmin satış nöqtəsində qida zəncirinə riayət edilməyib? Ola bilər, mağazada işıqları söndürüblər, yaxud soyuducunun temperaturu düşüb. Biz bunu tam olaraq bilmirik. Hazırda araşdırma gedir. Şirkətin öz laboratiyası da var. Bütün məhsullarımızı analiz edirik. Nəticə uyğun olduqdan sonra dondurmaları satışa göndəririk. Mütəmadi olaraq AQTA-ya da nümunələr təqdim edirik, bizdən nümunə götürüb yoxlamalar aparırlar”. Z.Rüstəmova “Oazis” dondurmasının tərkibində hansı bitki yağının olması barədə suala isə belə cavab verib: “Dondurmanın tərkibində kakos yağı var. Biz etiketin üzərində ətraflı şəkildə bunu qeyd etmişik. “Oazis”in 120-yə yaxın çeşidi var. Bunları həm AZS-yə (Azərbaycan Standartlaşdırma İnstitutu) görə, həm də texniki şərtə əsasən istehsal edirik. AZS olanlar plombir çeşidləridir. “Oazis" plombirlərdə tam kərə yağından istifadə edirik. Texniki şərtlər də Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qanunvericiliyə uyğun təsdiqlənib. Tərkibində kakos yağı olduğunu etiketdə göstərmişik. “Oazis”in tərkibində hər hansı mənşəyi məlum olmayan bitki yağı işlətmirik. Açıq-aşkar texniki şərtimizi almışıq. Kakos yağının sağlamlığa heç bir ziyanı yoxdur. Əksinə, hətta sağlam qidalanan bir çox insan kərə yağından, heyvan mənşəli yağlardan imtina edir. Əvəzində kakos yağına üstünlük verirlər. Hətta dünya təcrübəsində də belədir. Etiketlə yanaşı, saytımızda da rəsmi açıqlama vermişik. Sosial şəbəkələrimizdə də istehsal olunan dondurmaların etiket məlumatlarını paylaşmışıq. İstehlakçıya daha ətraflı məlumat vermək istəyirik. Dondurmanın üzərini örtən qənnadı qlazurun tərkibində də kakos yağı var. Bu bizə verilən sertifikasiyaya əsasəndir. Bunu da açıqlamada yazmışıq. Kim istəsə, təqdim edə bilərik. Xəbəri sanki işimizdə yanlışlıq varmış kimi yayıblar. Dondurmada cemin də tərkibini etiketdə göstəririk. Bəzi şirkətlər isə bunu etmirlər. “Camal” LTD-nin markalanması tam dünya standartlarına uyğundur. Azərbaycanda belə bir markalanma nə dondurma, nə də digər qida sahələrində var. Allerginləri, məhsulun tərkibinə daxil olan 1% əlavəni belə tam şəkildə, detallı etiketdə yazırıq. Qapımız hər zaman istehlakçılara da, media nümayəndələrinə də açıqdır. Yaxınlaşıb, istənilən vaxt xammallarımıza baxa, istehsal prosesi ilə tanış ola bilərlər. Tam obyektiv, şəffaf şəkildə işləyirik”. Z.Rüstəmovanın sözlərinə görə, şirkətin dondurmaları bir çox ölkələrə ixrac edilir: “İsrail, Türkmənistan, İraq. İxrac zamanı da həm AQTA, həm də həmin ölkələrin Səhiyyə Nazirliyi tərəfindən çeşidlərimizdən nümunələr götürülür. Yəni daim yoxlama var. Ən sərt qanun İsraildədir. İsrailin tələbləri çoxdur. Əvvəlcədən etiketi istəyirlər, araşdırırlar, çeşidlərimizdən nümunə götürürlər. İsrailə məhsul ixrac etmək rahat proses deyil. Biz isə bu proseslərin hamısından keçmişik. Markalanmamız da, məhsulumuzun tərkibi də yerli və beynəlxalq standartlara tam uyğundur”. |
XƏBƏR LENTİ
Dünən, 10:22
Dünən, 10:21
Dünən, 10:21
Dünən, 10:21