Seninem.Az > Siyasət / Manşet Yuxarı > "Bugünkü danışıqlar, həqiqətən, yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib"

"Bugünkü danışıqlar, həqiqətən, yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib"


Tarix: 22-11-2018, 20:08. Müəllif: admin
"Biz bu gün çox yaxşı, konstruktiv danışıqlar apardıq. Prinsipcə, bizim ikitərəfli münasibətlərimizin bütün aspektlərini, yəni onların cari və perspektiv vəziyyətini, regional və beynəlxalq siyasətə dair məsələləri nəzərdən keçirdik. Mən dərhal demək istəyirəm ki, bizim - həm Türkmənistanın, həm də Azərbaycanın beynəlxalq məsələlər barədə baxışları eynidir, yaxud bənzərdir. Bunlar həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması məsələləridir. Buna görə də bu gün biz beynəlxalq aləmdə xarici siyasi kursumuzdan, yəni Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüslərini daim dəstəklədiklərinə görə Azərbaycana minnətdar olmalıyıq. Eyni zamanda biz də qardaş Azərbaycanı daim dəstəkləyirik".

"Leqal.info"nun məlumatına görə, bu fikirləri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir: "Onu da demək istərdim ki, bu gün biz həm də bizi birləşdirən ümumi məsələlərimiz üzrə fikir mübadiləsi apardıq. Bu, Xəzər dənizi məsələsidir. Bildiyiniz kimi, bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul olunub. Biz həmişə bildiririk ki, Xəzər dənizi sülh və mehriban qonşuluq dənizidir. Buna görə də biz gələcəkdə də, əlbəttə, öz siyasətimizi aparacağıq".

Q.Berdiməhəmmədov qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur: "Bu gün biz ticari-iqtisadi məsələlərdən danışarkən çox böyük aspekti, yəni, yaxşı təmasa malik olduğumuz sahələri - kənd təsərrüfatını, tikintini, sənayeni, yeni texnologiyaları nəzərdən keçirdik. Nəqliyyat məsələlərinə, məhz nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunmasına toxunduq. Əlbəttə, əsas məsələlər energetika məsələləri idi. Yəni bu məsələdə biz həmişə həmrəyik. Biz enerji resurslarımızı həm regional, həm də beynəlxalq bazarlara çıxarmaq imkanına malikik. Bu baxımdan mən, əlbəttə, dövlətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinə görə minnətdar olmaq istərdim. Həmin komissiya çox iş görür və yəqin ki, gələcəkdə də görəcək. Mədəni-humanitar sahədən danışarkən, əlbəttə ki, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki həm Türkmənistan, həm də Azərbaycan, bizim xalqlarımız vahid köklərə, adətlərə, milli xüsusiyyətlərə, ənənələrə malikdir. Əlbəttə, bizim üçün sevindiricidir ki, biz müasir mərhələdə də gələcək gənc nəslin vətənpərvər ruhda böyüməsi naminə bu işi davam etdiririk. Buna görə də biz bu sahə haqqında bu kontekstdə danışarkən, bu gün bizim üçün mühüm olan tətbiqi sənət, yəni, xalçaçılığa toxunduq. Həm Türkmənistan, həm də Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Biz bu fikrə gəldik ki, həm Türkmənistanda, həm də Azərbaycanda xalça sərgisi təşkil etmək, həmçinin gələcəkdə beynəlxalq konfransın keçirilməsi haqqında düşünmək yaxşı olardı. Gördüyünüz kimi, biz bugünkü görüşdə çox geniş əhatəli məsələləri nəzərdən keçirdik, xeyli sənəd və saziş imzaladıq".

Prezident vurğulayıb ki, Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var: "Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, buna görə də mən sizin diqqətinizi iki məsələyə yönəltmək istərdim. Birincisi nəqliyyat məsələləridir. Biz dedik ki, tranzit dəhlizləri inkişaf etdirmək, düzgün logistika tərtib etmək istərdik. Bu, avtomobil və bərə nəqliyyatına, hava məkanına, dəmir yollarına aiddir. Ən başlıcası odur ki, indi bizim aramızda məhz nəqliyyat-tranzit dəhlizləri və logistikanın inkişafı məsələləri ilə məşğul olacaq xüsusi komissiya fəaliyyət göstərəcək. Türkmənistanla Azərbaycan arasında xeyli nümunəvi cəhətlər var. Biz Əfqanıstan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Avropaya çıxışla bağlı nəqliyyat sazişi imzaladıq. Bu, artıq Şərq-Qərb xəttinə aiddir, ya da biz burada bütün Orta Asiyanı Avropa ilə birləşdiririk. Biz istər beynəlxalq siyasətə, istər də başqa istiqamətlərə aid bütün məsələlərdə ixtisaslaşdırılmış beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəli addımlar atırıq. İndiki halda biz Bakı-Tbilisi-Qars kimi yaxşı infrastrukturun olduğu TRASEKA, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı xətti ilə gedə bilərik. Belə nümunələr çoxdur. Bunun əsasında noyabrın 28-də böyük beynəlxalq konfrans keçirəcəyik. Düşünürəm ki, bu gün biz həmin iştirakçı ölkələrin üzvlərinə müəyyən güzəştlər edə bilərdik. Deyək ki, güzəştli tariflər və sair. Burada əsas məsələ düzgün logistikanı inkişaf etdirməkdən ibarətdir".

"Demək istədiyim ikinci məsələ odur ki, biz bu gün sənədlər paketi ilə yanaşı, 2019-2021-ci illər üçün ticari-iqtisadi sahənin inkişafı haqqında da əməkdaşlıq proqramı qəbul etdik. Yəni bu, bir daha ondan xəbər verir ki, biz gələcəkdə də əmtəə nomenklaturamızı inkişaf etdirə bilərik. Hərçənd indi bizdə çox yaxşı tendensiya gedir, yəni biz artıq öz statistikamızı bildirdik. Qeyd etdik ki, hər il müəyyən faiz artım var, deyək ki, əvvəlki illə müqayisədə 17 faiz artım olub. Biz elə bu ruhda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyamıza üstünlük veririk. Buna görə də mən xüsusi qeyd etmək istəyirəm ki, bugünkü danışıqlar, həqiqətən, yüksək hörmət və qarşılıqlı etimad fonunda keçib. Ən əsası gələcək əməkdaşlığa doğru yaxşı meyl var", - dövlət başçısı deyib. (Report)скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt