“Forbes”də Vətən müharibəsindəki şanlı qələbəmizlə bağlı məqalə dərc edilib

“Forbes” jurnalında Azərbaycan ilə Ermənistan arasında baş vermiş 44 günlük müharibədən bəhs edən məqalə dərc olunub.

Leqal.info xəbər verir ki, müəllif Pol İddon məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Ermənistan tərəfindən ərazilərimizin 20 faizinin işğala edilməsindən, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən, xüsusilə də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söhbət açıb.

Müəllif vurğulayır ki, bu qısamüddətli müharibə Azərbaycanın parlaq qələbəsi və Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan Ordusunun cəbhədə düşmənə endirdiyi sarsıdıcı zərbələr və qazandığı böyük uğurlar Ermənistanı noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə məğlubiyyətinə dair bəyanatı imzalamağa, işğal altındakı bütün torpaqlardan qoşunlarını çıxarmağa məcbur edib.

P. İddon yazır ki, 2020-ci ildə Qarabağ uğrundakı son müharibə zamanı ən müasir silah və hərbi texnika ilə təmin olunmuş Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradıb. Bununla da Azərbaycan Ordusu pilotsuz uçan aparatlardan, eləcə də müasir hərbi texnologiyadan məharətlə istifadə etməklə, kiçik dövlətlərin döyüş meydanında üstünlüyü necə ələ almasını əyani şəkildə göstərib.

Məqalədə qeyd edilir ki, 2020-ci ildə Qarabağ müharibəsi başlayarkən bir çox erməni hərbçilər 1994-cü il Qarabağ müharibəsində qazandıqları müharibəyə bənzər döyüşlər gözləyirdilər. Əsasən Rusiya istehsallı silahlarla təchiz edilmiş Ermənistan ordusu bu müharibədə də üstünlük qazanacağını və ya ən azından uğurla müdafiə olunacağını düşünürdü. Lakin 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri özünü gələcəyin müharibəsinə uyğun hazırlamış Azərbaycan Ordusu tərəfindən darmadağın edildi.

Məqalədə Azərbaycan rəhbərliyinin ölkədə apardığı böyük ordu quruculuğu, müasir müdafiə sənayesinin yaradılması ilə yanaşı, İsrail və Türkiyədən aldığı müasir silah-sursatlar barədə də ətraflı məlumat verilir. Bildirilir ki, müasir hərbi vasitələrə malik olmayan Ermənistan ordusu böyük və sarsıdıcı məğlubiyyətə uğradı. Müəllif, həmçinin Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemlərinin məhv olunmasında Azərbaycan PUA-larının xüsusi rol oynadığını diqqətə çatdırır.

Azərbaycan Prezidenti İlham Əliyevin müharibə zamanı xarici mətbuata verdiyi müsahibələrindən birində səsləndirdiyi fikrə istinad edən müəllif vurğulayır ki, müharibə zamanı Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları ilə bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edilib.

P. İddon rəsmi statistikaya əsaslanaraq, Vətən müharibəsi zamanı təxminən 240 erməni tankının məhv edildiyini, 40-a yaxın tankın və 20-dən çox piyadaların döyüş maşınının Azərbaycan Ordusu tərəfindən qənimət olaraq ələ keçirildiyini bildirir.

Sonda müəllif bir daha vurğulayır ki, 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə nəticələnib və tərəflər Rusiyanın vasitəçiliyi ilə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına dair bəyanat imzalayıblar. Qazandığı şanlı Zəfərlə Azərbaycan XXI əsrdə kiçik dövlətlərin ən müasir və yüksək keyfiyyətli silah və hərbi sistemlərdən səmərəli istifadə etməklə, hərb meydanında qələbə əldə edə biləcəklərini sübuta yetirdi.скачать dle 10.6фильмы бесплатно
26-03-2021, 18:16
Baxıs: 36 459
Reyting: