Karqolar niyə gecikir?

“Xaricdən poçt göndərişlərinin ölkəyə daxil olduqdan sonrakı gecikməsi ilə bağlı vəziyyət eyni olaraq qalır. 10 gündür ki, gömrükdə yoxlamanı yekunlaşdıra bilmirlər”.

Leqal.info xəbər verir ki, bu barədə “Starex” karqo şirkətinin rəsmisi Sabir Niftəliyev sosial şəbəkədə yazıb. O bildirib ki, bununla bağlı şirkəti cəzalandırırlar: “Əslində isə olan vətəndaşa olur. Vətəndaş da dövlət qurumunun səriştəsizliyini şirkətdən bilir. Düşünürlər ki, hərdən üç-beş kəliməni bir araya gətirib ictimaiyyəti məlumatlandırırlar. Bu barədə şikayət məktubu lazımi qurumlara göndəriləcək”.

“Qafqazinfo” məsələylə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundovla əlaqə saxlayıb. O qeyd edib ki, poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialar tamamilə əsassızdır:

“Sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan bir neçə saat, maksimum 1 gün ərzində həyata keçirilir. Bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir. Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.

Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir. Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir. Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən ona “gömrükdə” statusu verməklə “işgüzar imiclərini” qorumağa çalışırlar. Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşıyıcı şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır. Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər.

Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə gəldikdə isə Dövlət Gömrük Komitəsi qeyd edir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər.

“Onu da qeyd edək ki, fiziki şəxslər tərəfindən poçt və ya daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin gömrük rəsmiləşdirilməsi “Smart customs” mobil tətbiqi və “e.customs.gov.az” elektron portalı üzərindən həyata keçirilir və xaricdən edilən hər bir sifarişin gömrük orqanına bəyan edilməsi zəruridir. Bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri onlayn qaydada həyata keçirilir və vətəndaşların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur. “Smart customs” mobil tətbiqinin əsas üstünlüklərindən biri də məhz, aylıq 300 dollar limiti keçən zaman gömrük odənişlərinin onlayn qaydada həyata keçirilməsidir ki, bu da vətəndaşların gömrük orqanlarına gəlməsi zərurətini aradan qaldırır. Hazırda bəyanetmə prosesində də heç bir problem yoxdur”.скачать dle 10.6фильмы бесплатно
9-02-2021, 11:30
Baxıs: 46 898
Reyting: