Ramiz Tatarov: “Nizaməddin Quliyevin tapşırığı ilə Lalə Eyyubova bağça müdirlərindən rüşvət alırdı”

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısının həbsdə olan sabiq müavini Ramiz Tatarovun istintaqa verdiyi bəzi ifadələr məlum olub.

Leqal.info-nun əldə etdiyi məlumata görə, o, dindirilən zaman deyib ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova Qarayazı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mikayıl Mikayılovun qəsəbənin bağçasına iki nəfər şəxsin gözətçi kimi işə düzəlməsini təklif edib.

O söyləyib ki, L.Eyyubovanın bu təklifini həbsdə vəfat edən Ağstafa RİH-in keçmiş başçısı Nizaməddin Quliyevə çatdırıb: “Nizaməddin Quliyev qeyd olunan şəxslərin Qarayazı bağçasına gözətçi kimi işə düzəlmələri üçün hər birindən 3000 manat tələb etdi. Onun bu tələbini Lalə Eyyubovaya bildirdim. 2019-cu ilin sentyabr ayının ortalarında Lalə Eyyubova həmin qəsəbənin bağça müdiri Rəsmiyyə Əhmədova vasitəsilə Ağakişiyev Fazil Maksim oğlu və Yaqubova Zülfiyyə Hüseyn qızından hərəsindən 3000 alaraq, ümumilikdə 6000 manat pulu mənə təqdim etdi. Mən də həmin pulu Nizaməddin Quliyevə xidməti otağında verdim”.

R.Tatarov ifadəsinin davamında qeyd edib ki, N.Quliyev vəzifəyə təyin olunduqdan bir müddət sonra rayon ərazisində fəaliyyət göstərən bağça müdirlərindən rüşvət tələb etməyə başlayıb: “Nizaməddin Quliyev bəzən bunu rayonda abadlıq aparılması adı altında edirdi. O, bununla bağlı mənə birbaşa göstəriş vermişdi. Rayon ərazisində fəaliyyət göstərən bağçaların fəaliyyətinə Lalə Eyyubova nəzarət edir. Mən də Nizaməddin Quliyevin tələbini Lalə Eyyubovaya çatdırmışdım.

Nizaməddin Quliyevin tapşırığına əsasən, Lalə Eyyubova vasitəsi ilə 2019-cu ilin oktyabr ayının əvvəllərində Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən 1 saylı Körpələr evi-uşaq bağçasının müdiri Fatapur Afaq Bayraməli qızından 2000 manat, 2019-cu ilin avqust ayının sonlarında Ağstafa rayon Vurğun qəsəbəsində fəaliyyət göstərən 2 saylı Körpələr evi-uşaq bağçasının müdiri Qasımova Rahilə Əli qızından 2500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Ağstafa rayon Böyükkəsik kənd uşaq bağçasının müdiri Hüseynova Sədaqət Baba qızından 1700 manat, 2019-cu ilin oktyabr ayında Ağstafa rayon Sadıqlı kənd uşaq bağçasının müdiri Mustafayeva Rəsmiyyə Veysəl qızından 1500 manat, Ağstafa rayon Qırılı kəndində fəaliyyət göstərən bağçanın müdiri Nağıyeva Zahirə Əmiraslan qızından 2000 manat, Ağstafa rayon Poylu qəsəbəsində fəaliyyət göstərən bağçanın müdiri Hüseynova Zərnişan Mığır qızından 1000 manat, 2019-cu ilin sentyabr ayında Qırlı kənd uşaq bağçasının müdiri Allahverdiyeva Xalidə Hidayət qızından 1500 manat, 2019-cu ilin noyabr ayının sonlarında Qarayazı qəsəbəsində fəaliyyət göstərən bağçasının müdiri Əhmədova Rəsmiyyə Xəlil qızından 1800 manat məbləğində rüşvət alınıb. Mən də həmin rüşvəti sabiq icra başçısının xidməti otağında Nizaməddin Quliyevə təqdim etmişəm”.

“Nizaməddin Quliyevin tələbi ilə Köçəsgər kənd 1 saylı uşaq bağçasının müdiri Rəhimova Sevda Fərhad qızının 2500 manat məbləğində rüşvət verməli olduğunu Lalə Eyyubovaya bildirdim. Bir müddət sonra Lalə Eyyubova Sevda Rəhimovanın həmin pulu verməkdən imtina etdiyini dedi. Bu barədə Nizaməddin Quliyevə söylədim. O, bununla bağlı heç bir göstəriş vermədiyi üçün məsələ olduğu kimi qaldı.

Daha sonra Məmmədova Gülsarə Səlim qızı və Mirzəyev Elman Telman oğlu işlə təmin olunmaq üçün icra hakimiyyətinə müraciət etdi. Rayonun Pirili kənd bağçasında iki vakant gözətçi yeri olduğu üçün qeyd olunan şəxslərin həmin bağçalara namizədliyi irəli sürüldü. Nizaməddin Quliyevin tapşırığı ilə Lalə Eyyubovaya həmin şəxslərlə əlaqə saxlamasını və hər birinin 1000 manat məbləğində rüşvət verməli olduğunu bildirdim. 2019-cu ilin avqust-sentyabr aylarında Lalə Eyyubova vasitəsilə Gülsarə Məmmədova və Elman Mirzəyevin hər birindən 1000 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pul vəsaitləri alaraq, Nizaməddin Quliyevə verdim. Alınan pul məbləğlərinin miqdarını Nizaməddin Quliyev müəyyən etmişdi”, - R.Tatarov ifadəsində bildirib.

Qeyd edək ki, N.Quliyev və R.Tatarov 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

2021-ci il sentyabrın 7-də N.Quliyev Gəncə şəhər modul tipli xəstəxanada koronavirusdan vəfat edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.скачать dle 10.6фильмы бесплатно
2-03-2022, 16:30
Baxıs: 37 485
Reyting: