Seninem.Az > Araşdırma / Aktual / Dünya / Gündəm > Moskvanın son təlimatı - İrəvanda QAN düşəcək
Moskvanın son təlimatı - İrəvanda QAN düşəcəkTarix: Bu gün, 08:16. Müəllif: admin2 |
Moskvada yerləşən Erməni Apostol Kilsəsi kompleksində Rusiya-Ermənistan münasibətlərinə həsr olunmuş fövqəladə toplantı region üçün ciddi siqnallar verib.Rusiya mediasının yaydığı məlumata görə, Beynəlxalq Lazarev Klubunun təşkil etdiyi iclas “Rusiya və Ermənistan: Birlikdə, yoxsa ayrı?” mövzusu ətrafında keçirilib. Toplantı formal müzakirə çərçivəsindən kənara çıxaraq, əslində Ermənistanın gələcək siyasi kursu və hakimiyyət dəyişikliyi ssenarilərinin müzakirə olunduğu platformaya çevrilib. Tədbirdə siyasətçilər, ekspertlər və biznes dairələrinin nümayəndələri iştirak edərək rəsmi İrəvanın Qərbə doğru istiqamətlənməsinin yaratdığı riskləri açıq şəkildə dilə gətiriblər. İclasın əsas fiqurlarından biri olan rusiyapərəst deputat Konstantin Zatulin çıxışında açıq mesaj verib: Moskva müttəfiq hesab etdiyi bir ölkənin paralel şəkildə rəqib geosiyasi bloklarla yaxınlaşmasını qəbul etməyəcək. Bu açıqlama faktiki olaraq Ermənistan hakimiyyətinə xəbərdarlıq kimi qiymətləndirilir. Toplantıda Ermənistanın daxili siyasi vəziyyəti də sərt tənqid olunub. Müxalifət nümayəndələri qarşıdan gələn seçkilərin ədalətli olmayacağını iddia edərək hakimiyyətin inzibati resurslardan geniş istifadə etdiyini bildiriblər. Bu isə ölkədə legitimlik böhranının dərinləşdiyini göstərir. Keçmiş baş nazir Vazgen Manukyan isə daha radikal mövqe sərgiləyərək bildirib ki, mövcud şəraitdə hakimiyyət dəyişikliyi seçki yolu ilə mümkün görünmür. Onun sözlərinə görə, Ermənistan siyasi qarşıdurmanın yeni və daha təhlükəli mərhələsinə daxil olur. Proseslər bununla da bitmir. Rusiyaya yaxın siyasi fiqur kimi tanınan keçmiş prezident Robert Köçəryan da Moskvanın mümkün seçki ssenarilərini açıq şəkildə dilə gətirib. O bildirib ki, müxalifət onları qane etməyən seçki nəticələrini tanımayacaq və hakimiyyət saxtakarlığa əl atarsa, “xalq inqilabı” qaçılmaz olacaq. Bütün bu açıqlamalar göstərir ki, Ermənistanda qarşıdan gələn dövr sadəcə seçki mübarizəsi deyil, daha geniş geosiyasi qarşıdurmanın bir hissəsi ola bilər. Moskva öz təsirini itirməmək üçün siyasi proseslərə daha sərt müdaxilə edə bilər. Ekspertlər hesab edir ki, bu tip mesajlar faktiki olaraq Ermənistanda mümkün hakimiyyət dəyişikliyi, hətta çevriliş ssenarilərinin gündəmdə olduğunu göstərir. Rusiya ilə Qərb arasında sıxışan İrəvan isə getdikcə daha təhlükəli seçim qarşısında qalır. kamran-bayramov-31-il-evvel-xocalida-toredilmish-amansiz-soyqirimi-hech-vaxt-unutmaq-olmaz Milli Məclisin deputatı Kamran Bayramov Musavat.com-a bildirib ki, bu, rəsmi İrəvanın geosiyasi vektorunu Qərbə doğru dəyişmək cəhdlərinə qarşı Kremlin cavab mexanizmlərinin artıq tam gücü ilə işə düşdüyünü göstərir: “Moskvadakı erməni kilsəsi kompleksində keçirilən toplantı sadəcə ekspert müzakirəsi deyil, Ermənistanın mövcud hakimiyyətinə qarşı açıq daxili və xarici cəbhənin formalaşdırılması reallığıdır. Konstantin Zatulinin bəyanatı Moskvanın "postsovet məkanında ikili oyunlara dözməmək" doktrinasının növbəti nümayişidir. Rusiya üçün Ermənistan sadəcə coğrafi müttəfiq deyil, Cənubi Qafqazda hərbi və iqtisadi mövcudluğun əsas dayağıdır. Paşinyan hakimiyyətinin Avropa İttifaqı və ABŞ ilə yaxınlaşması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı platformasından uzaqlaşması Kremlin səbr kasasını doldurub. Digər tərəfdən, daxili müxalifətin aparıcı simaları olan Robert Köçəryan və Vazgen Manukyanın çıxışları daxildə dinc siyasi mübarizə dövrünün bitdiyinə işarə edir. Manukyanın "seçki yolu ilə hakimiyyət dəyişikliyi mümkün deyil" tezisi və Köçəryanın "xalq inqilabı" anonsu, İrəvanda yaxın gələcəkdə konstitusiya çərçivəsindən kənar addımların atılacağını bəri başdan qanuniləşdirmək cəhdidir. Proseslərin dinamikası onu göstərir ki, Ermənistanı qarşıda ciddi daxili silkələnmələr gözləyir. Bu situasiyada bir sıra ssenari proqnozlaşdırıla bilər. Birinci ssenari sərt müqavimət və küçə qarşıdurması ilə bağlıdır və ən realı hesab oluna bilər. Belə ki, seçkilər dövründə və ya ondan dərhal sonra müxalifət kütləvi saxtakarlıq iddiaları ilə tərəfdarlarını küçələrə çıxara bilər və Moskva tərəfindən maliyyələşdirilən və idarə olunan media resursları, həmçinin kilsə faktoru daxili narazılığı pik həddə çatdıra bilər. İkinci ssenari hərbi-siyasi çevriliş formasını ala bilər: Ermənistanın güc strukturlarında, xüsusən də orduda hələ də Rusiyaya loyal olan generalların və zabit heyətinin mövcudluğu bu ssenarini aktuallaşdırır. Siyasi böhranın dərinləşdiyini istifadə edən ordu rəhbərliyi və ya xüsusi xidmət orqanlarının müəyyən qanadı "ölkəni xilas etmək və dövlətçiliyin itirilməsinin qarşısını almaq" şüarı ilə Paşinyanın istefasını tələb edə bilər. Üçüncü ssenari isə Qərbin birbaşa müdaxiləsi və Paşinyanın qələbəsi ilə müşayiət oluna bilər. Nikol Paşinyan Moskvanın bu planlarından xəbərdar olduğu üçün daxili təhlükəsizlik tədbirlərini gücləndirə və Qərb tərəfdaşlarından ciddi təhlükəsizlik qarantiyalarını sorğu edə bilər”. Deputatın fikrincə, Moskvadakı iclas Ermənistan üçün "gerisayım"ın başladığını göstərir: “Ermənistan hakimiyyəti üçün Rusiya ilə Qərb arasında balans yaratmaq dövrü rəsmən bitib. İrəvan getdikcə Ukrayna və ya Gürcüstan modelinə bənzər bir geosiyasi poliqona çevrilməkdədir. Əgər Paşinyan komandası daxili təhlükəsizlik rıçaqlarını tam nəzarətə götürə bilməsə, müxalifətin Moskvadan aldığı bu son təlimat ölkəni yaxın aylarda idarəolunmaz xaos və qanlı toqquşmalar fazasına sürükləyə bilər”. Cavanşir ABBASLI Geri Qayıt |