Seninem.Az > Aktual > "Şəhidlərin qanı olan yerdə hospitala gedə bilmərəm" - Zəfəri yazan ƏSGƏR sözü
"Şəhidlərin qanı olan yerdə hospitala gedə bilmərəm" - Zəfəri yazan ƏSGƏR sözüTarix: Bu gün, 11:55. Müəllif: admin2 |
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın hərb tarixində xüsusi yer tutur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Ordusu bu gün yüksək döyüş qabiliyyəti, peşəkarlığı və müasir hərbi imkanları ilə regionun ən güclü ordularından biri hesab olunur.Azərbaycan əsgərinin döyüş ruhu, Vətənə sədaqəti, komandir-əsgər birliyi və Zəfərə aparan yol barədə AZƏRTAC-a Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Amil Mustafayev danışıb. KONKRET.az həmin yazını təqdim edir. Amil Mustafayev 16 il Azərbaycan Ordusunda xidmət edib, bunun 11 ilini Xüsusi Təyinatlı Qüvvələrdə keçirib. O, xidmət dövründə Aprel döyüşlərində, Vətən müharibəsində, qisas əməliyyatlarında, sərhədlərin bərpası və lokal antiterror tədbirlərində iştirak edib. “Hərbi mənim üçün sadəcə peşə deyildi. Bu, uşaqlıq arzum, həyat tərzim və ideologiyam idi. Xüsusi təyinatlı olmaq mənim üçün böyük qürur mənbəyi idi. Geyindiyim formanı, keçdiyim şərəfli və çətin yolu çox sevirdim. Nə qədər ağır olsa da, o yollardan yorulmur, xidmətimi sevərək yerinə yetirirdim. Bu gün dönüb geriyə baxanda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində bir payımın olmasını böyük qürur hissi ilə xatırlayıram. Düşünürəm ki, gələcək nəsillər, zabit və əsgərlərimiz şəhidlərimizin, qazilərimizin və müharibə əlillərimizin bizə əmanət etdiyi bu torpaqları layiqincə qoruyacaqlar”, – deyə o vurğulayıb. Mayor Amil Mustafayev qeyd edib ki, döyüşlər zamanı yaddaşında silinməz iz qoyan hadisələrdən biri Vətən müharibəsi dövründə baş verib: “Bir əsgərimiz var idi – Əli Mehdizadə. Çiynindən qəlpə yarası almışdı. Ona dedim ki, geri qayıtsın, hospitalda müalicə olunsun, sonra yenidən xidmətə davam etsin. Lakin mənə belə cavab verdi: “Cənab mayor, şəhidlərin qanı olan yerdə mənim hospitala getməyim düzgün deyil”. O, növbəti döyüşdə şəhid oldu. Bir əsgərin şəhidlik zirvəsinə ucalmaq arzusu zabitə böyük güc verir”. Onun sözlərinə görə, Vətən müharibəsində Qələbəni təmin edən əsas amillər vahid komandanlıq, xalqın birliyi, şəxsi heyətin Vətən sevgisi və komandirə inam olub: “Texnologiya, silah və təchizat vacibdir. Lakin bütün bunların mərkəzində insan amili, insan gücü dayanır. Əsgərin Vətənə sevgisi və komandirinə inamı yoxdursa, heç bir qələbədən danışmaq olmaz. İnsan evini, ailəsini, sevdiklərini qoruduğu kimi, Vətənini də qoruyur. Bizim əsgərlərimiz də məhz bu hislə döyüşürdülər. Düşmən yüksəklikdə, səngərlərdə olsa da, bizim əsgərlər açıq sahədə irəliləyirdilər. Düşmənin atdığı güllələrdən qorxmur, geri çəkilmirdilər. Əksinə, düşmən əsgərləri silahlarını, təchizatlarını, hətta ərzaqlarını, geyimlərini belə qoyaraq qaçırdılar. Bu, Azərbaycan əsgərində, zabitində olan Vətən sevgisinin və döyüş ruhunun bariz nümunəsi idi. Ali Baş Komandan Prezident İlham Əliyevin bizə olan inamını reallığa çevirdik, bizə inanan komandirlərin inamını gerçəkləşdirdik”. Ehtiyatda olan zabit qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi uğurlar bu gün bir çox ölkələr tərəfindən öyrənilir: “Azərbaycan Ordusu Vətənə sevgi, komandirə inam, dürüstlük üzərində formalaşdırılıb. Bu da hər bir əsgərin və zabitin döyüş meydanında şücaət göstərməsi üçün kifayət edən bir amildir. Bunun nəticəsində də Azərbaycan Ordusu demək olar ki, regionun ən güclü ordusudur. Bir vaxtlar kitablardan öyrəndiyimiz, filmlərdə baxdığımız döyüş nümunələrini başqa ölkələrin hərbçiləri Azərbaycan Ordusunun təcrübəsində görürlər. Azərbaycan əsgəri qanı və canı bahasına tarix yazıb, Vətəni sevən və komandirinə inanan əsgərin necə döyüşdüyünü, sahib olduğun torpağın necə alınmalı olduğunu bütün dünyaya göstərib. Hər kəs yazdığını ssenariyə çevirib, onu bəzəyib ortalığa qoyurdusa, Azərbaycan Ordusu qanı, canı ilə bunu reallaşdırdı. Biz çox səbir etdik, çox gözlədik. Təbii ki, müharibə itkisiz olmur. Şəhidlərimizin qanı, canı bahasına tarixi Zəfərə nail olduq. Düşünürəm ki, bu gün şəhidlərimizin ruhu şaddır. Ərazi bütövlüyümüz bərpa olundu, şəhidlərimizin qisası alındı. Azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır”. Gənc zabit və əsgərlərə tövsiyələrini də bölüşən Amil Mustafayev vurğulayıb ki, hərbi həm peşə, həm sənət, həm də elmdir. “Bu sahədə daim öyrənmək, müasir texnologiyalara və yeni döyüş taktikalarına yiyələnmək lazımdır. Heç kim əldə olunan Qələbə ilə arxayınlaşmamalıdır. Biz əlimizdən gələni etdik. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq bugünkü və gələcək nəsil hərbçilərin əsas vəzifəsidir”, – deyə o qeyd edib. Mayor Amil Mustafayev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçiləri, şəhid ailələrini, qaziləri, müharibə əlillərini və veteranları təbrik edib. “26 İyun Azərbaycanın şərəf tarixidir, vahid Azərbaycan Ordusunun yaradıldığı gündür. Bütün hərbçilərimizi, şəhid ailələrimizi, qazilərimizi və veteranlarımızı səmimi-qəlbdən təbrik edirəm. Allah dövlətimizi və millətimizi qorusun. Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə dalğalansın”, – deyə o bildirib. Geri Qayıt |