Seninem.Az > Aktual > TƏBİB-in 6 tenderi ləğv edildi
TƏBİB-in 6 tenderi ləğv edildiTarix: 11-10-2024, 15:23. Müəllif: admin2 |
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti ilə TƏBİB arasında “soyuq küləklər” əsir. Gedişatdan belə başa düşülür ki, Dövlət Xidməti Birliyi “qara siyahı”sına salıb. Belə ki, dünən Antiinhisar Xidməti TƏBİB-in balansında olan bir çox xəstəxanaların tenderlərini ləğv edib. Rəsmi qaynaqlarda qeyd edilir ki, ləğv edilən tenderlərdən ikisi Qobustan Mərkəzi Xəstəxanası ilə bağlı olub. 49.188,30 manatlıq tikili və avadanlıqların təmiri xidmətinin və 1000 manatlıq yağınsöndürmə balonların dolumu xidmətinin satınalınması prosesini həyata keçirmək istəyən TƏBİB-in qurumuna buna icazə verilməyib. Səbəb olaraq qanunun tələblərinin pozulması göstərilib. Digər ləğv edilən tender isə Akademik M.Topçubaşov adına Elmi-Cərahiyyə Mərkəzinin cari təmir xərclərinin satın alınması və istilik sistemlərinin yenilənməsinə dair satınalma müqaviləsi ilə bağlı olub. Tribunainfo.az xəbər verir ki, 20.000 manatlıq tenderin ləğvinin səbəbi kimi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulması olub. Bundan başqa. TƏBİB-in balansında olan Füzuli rayon Mərkəzi Xəstəxanası da AİİBNX-in “qəzəb”inə tuş gəlib. 88.488,21 manatlıq motor və digər avadanlıqlar almaq istəyən xəstəxana ilə bağlı qərar qəbul edilib. Və bildirilib ki, onlar da qanunların tələblərini görməzdən gəliblər. Xatırladaq ki, avqust ayında Füzuli Mərkəzi Xəstəxanasının bir tenderi də ləğv edilmişdi. Bunun səbəbi isə xəstəxananın labaratoriya olmadığı halda, onun üçün avadanlıq almağa cəhd etməsi idi. Tribunainfo.az xəbər verir ki, AİİBNX TƏBİB-ə aid olan başqa bir xəstəxananın da 23.211 manatlıq tenderinin reallaşmasını dayandırıb. Söhbət Xocavənd rayonunun Mərkəzi Xəstəxanasından gedir. Belə ki, bu qurum həçmin məbləğə dəftərxana, təsərrüfat və mətbəə mallarının satınalınmasını həyata keçirməliymiş. Onu da bildirək ki, Respublika Psixatriya Xəstəxanasının da elan etdiyi tender dünən ləğv edilib. Yeməkxana və mətbəx ləvazimatlarını satın almaq istəyən xəstəxanaya 5.285 manat vəsaiti çox görüblər. Bildiriblər ki, qanunaziddi müsabiqə keçiriblər. Xatırladaq ki, hələ avqust ayında da AİİBNX TƏBİB-in 10-da artıq tenderini ləğv etmişdi./Tribunainfo.az Geri Qayıt |