allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info KİV nümayəndələri mətbuata və jurnalistlərə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

KİV nümayəndələri mətbuata və jurnalistlərə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər

KİV nümayəndələri mətbuata və jurnalistlərə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə KİV nümayəndələri tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanıb. Məktublarda mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunur.

Arazxeber.Az Prezident saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov: “Zati-aliləri.

Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə kollektivimizin üzvlərinin bir qrupunun fəxri adlara, “Tərəqqi” medalına və Prezidentin fərdi təqaüdünə layiq görülməsi haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin yüksək diqqət və qayğınız sayəsində agentliyin işinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Kollektivimiz qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk edərək Sizin müdrik, uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində dünyanın sürətlə inkişaf edən ölkəsinə çevrilən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı Vətən və xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda şərəfli borcu hesab edir. Agentliyimiz üzvü olduğu beynəlxalq media təşkilatlarının saytlarında, eləcə də əməkdaşlıq əlaqələri qurduğu 50 ölkənin 100-dən çox informasiya resursunda düşmənin Tovuz rayonu istiqamətində son hərbi təxribatı barədə xəbərlər yayılmasına nail olub və bu istiqamətdə işimizi davam etdiririk. Sizin rəhbərliyinizlə həyata keçirilən demokratik islahatlar AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutmasında mühüm rol oynayıb. Hazırda öz kanalları ilə 8 dildə informasiya yayan agentliyimiz 5O-yə yaxın ölkənin milli xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, 3 beynəlxalq, 4 regional media qurumunda fəal təmsil olunur. Bütün bu uğurlar məhz Sizin sayənizdə dünya birliyində sayılıb-seçilən müasir müstəqil Azərbaycan dövlətinə, ölkəmizə beynəlxalq aləmdə artan etibarın göstəricisidir. Zati-aliləri, Sizi əmin edirik ki, dövlətçiliyimizə, ulu öndərimiz Heydər Əliyev ideallarına sadiq olan kollektivimiz öz missiyasını yüksək səviyyədə yerinə yetirmək, etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək”.

Real televiziyasının baş direktoru Mirşahin Ağayev: “Möhtərəm cənab Prezident. 22 iyul 2020-ci ili yəqin ki, heç vaxt unutmayacağam. Bu gün mənim şəxsi taleyimin, jurnalist ömrümün ən təntənəli və qürurlu günüdür. Sizin məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni kimi çox yüksək mükafata layiq bilməyinizin, adi bir jurnalistin peşə fəaliyyətinə misilsiz qiymət verməyinizin məndən ötrü mənası bir media mənsubu kimi xüsusidir. Bu qiyməti mən daha əzmli, daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm. Bu qiyməti Sizin mənə etimadınızın, inamınızın üzərimə qoyduğu məsuliyyət nişanı kimi anlayıram. İcazə verin, Sizi əmin edim ki, bundan sonrakı fəaliyyətim, “Real” Təhlil və İnformasiya Mərkəzində çalışan silahdaşlarımla birgə görəcəyim hər bir iş dövlətimizin media qüdrətinin artmasına, ideoloji cəbhənin önündə ləyaqətlə duruş gətirməyimizə həsr ediləcək. Məndən ötrü ən ali məqsəd, cənab Ali Baş Komandan, Sizin etimadınıza layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir”.

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı: “Hörmətli cənab Prezident. Azərbaycan mətbuatının yaranmasının 145 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığınız sərəncamlara, media nümayəndələrinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. APA Media Qrupun əməkdaşları olaraq biz həmişə bu diqqəti hiss etmişik. Sizin sərəncamınızla gənc yaşda “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş azsaylı jurnalistlərdən biri olmağım, indi isə “Tərəqqi” medalı ilə təltif edilməyim tərcümeyi-halımın qürur duyduğum səhifələridir. Mən Sizə həm də baxışından, münasibətindən asılı olmayaraq bütün media sektoruna göstərdiyiniz diqqət, tolerantlıq, dostluq üçün təşəkkür edirəm. Bu günlərdə ölkəmiz üçün strateji əhəmiyyətli qərarlarınız, bütün sahələri əhatə edən islahatlarınız davam edir. Özünüzün ifadə etdiyiniz kimi, Sizin ən yaxın köməkçiləriniz olaraq bu islahat prosesinə işimizlə dəstək verə bildiyimizə inanırıq. Əminəm ki, biz Sizin qoruduğunuz və ən yaxşı təbliğatçısı olduğunuz bu dövlətdə hələ uzun illər proqressiv, kommunikasiyanın daha yaxşı qurulduğu mühitdə əməkdaşlıq edəcəyik”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski: “Hörmətli cənab Prezident. Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban-dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz - müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək olmaz. Məmur - vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.

Mənim üçün Sizin tərəfinizdən “Vətənə xidmətə görə” ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir”.

AzTV-nin informasiya proqramları studiyasının direktoru Tural Məmmədov: “Möhtərəm cənab Prezident.

İyulun 22-də Sizin müvafiq Sərəncamınızla mən də "Tərəqqi” medalı ilə təltif olunmuşam. Fəaliyyətimə verdiyiniz bu yüksək qiymət mənim üçün çox mühüm əhəmiyyət daşıyır. Bu, mənim üzərimə daha çox məsuliyyət qoyur. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da ölkədə baş verən ictimai-siyasi hadisələrin ictimaiyyətə operativ və obyektiv çatdırılmasında səylərimi əsirgəməyəcəm. Cənab Prezident, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi nəticələrindən xüsusi reportajlar, süjetlər, xəbərlər hazırlamaq məhz bizim nəslin payına düşüb”.

“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə: “Möhtərəm cənab Prezident. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına dəstəyinizi vermisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsi, media nümayəndələrinin təltif olunması, jurnalistlərin mənzil-məişət probleminin həlli istiqamətində təqdirəlayiq addımlar atmısınız, sərəncamlar imzalamısınız, mətbuat sahəsində zəhməti olanları mükafatlandırmısınız. Mətbuatımızın 145 illik yubileyi də bu mənada xüsusi qeyd edilməlidir. Dünyanı cənginə alan koronavirus pandemiyasına və Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Sizin mətbuat nümayəndələrini təltif etməyiniz, medianın, televiziya sahəsinin maddi-texniki bazasının gücləndirilməsi haqqında sərəncamlar imzalamağınız böyük sevinc hissinə və sonsuz ruh yüksəkliyinə səbəb oldu. Bu sevincdən pay düşənlər arasında “İki sahil”in əməkdaşları da var. Bu mühüm addımı jurnalist əməyinə diqqətinizin bariz nümunəsi kimi qəbul edir, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “İki sahil” qəzetinin kollektivi bundan sonra da həyata keçirdiyiniz siyasətin ən qabaqcıl təbliğatçısı və sadiq dəstəkçisi olacaq”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Hörmətli cənab Prezident. Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərə fəxri adların verilməsi, media nümayəndələrinin orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına birdəfəlik maddi yardımın ayrılması ilə bağlı imzaladığınız Sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə verdiyiniz yüksək qiymətin bariz nümunəsidir. Hörmətli cənab Prezident, Sizin sərəncamınızla “Əməkdar jurnalist” fəxri adına layıq görülən media təmsilçilərinin sırasında adımın olmasından qürur hissi keçirir, mənə və baş redaktoru olduğum “Xalq cəbhəsi” qəzetinə göstərdiyiniz yüksək etimada və diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

“Trend” Analitik İnformasiya Agentliyinin Baş redaktorunun müavini Sahil Kərimli: “Hörmətli cənab Prezident. Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə '“Əməkdar jurnalist” fəxri adına layiq görülməyim mənə əvəzsiz fəxr və qürur hissi yaşatdı. Fəaliyyətimə böyük qiymət verdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Siz həmişə Azərbaycan mətbuatına xüsusi diqqət və qayğı göstərmisiniz. Kütləvi İnformasiya Vasitələrinin inkişafına ayırdığınız çoxsaylı dövlət yardımları, mətbuat işçilərinin mənzil-məişət problemlərinin həlli, jurnalistlərin fəxri adlar, dövlət mükafatları ilə təltif edilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyil ki, Siz jurnalistləri öz köməkçiləriniz adlandırırsınız. Sizin bu Ali etimadınız üzərimizə böyük məsuliyyət, şərəfli vəzifələr qoyur, daha əzmlə işləməyə yeni stimul və ruh verir. Sizi əmin etmək istəyirəm ki, mən də gələcək fəaliyyətimdə bu etimadı var gücümlə doğruldacağam”.

Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayanlar sırasında Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin əməkdaşı Xatirə Əliyeva, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Xəzər Televiziyasının əməkdaşı Səyyarə Səyyaf, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları Sərvər Bayramov, Elnur Məmmədov, “day.az” saytının redaktoru Leyla Tarıverdiyeva, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov, “Yeni Azərbaycan” qəzetinin əməkdaşları Zahid Cəfərov və Qaşqay Ramazanov, “Azərbaycan” qəzetinin əməkdaşı Allahverdi Mehdiyev, jurnalistlər Vüqar Həsənov, Oqtay Əliyev, Şakir Eminbəyli, İlhamə İsabalayeva, Səbinə Həsənova və başqaları da var.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə ilə imzaladığı sərəncamlara əsasən 3 nəfər Prezidentin fərdi təqaüdünə, 2 nəfər Əməkdar mədəniyyət işçisi, 38 nəfər Əməkdar jurnalist fəxri adlarına layiq görülüb. Bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 nəfər “Dostluq” ordeni, 67 nəfər “Tərəqqi” medalı, 22 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
07:06
Baxıs: 45200
Reyting: