allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan Prezidenti: Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə seçicilərlə daim təmasda olsunlar » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan Prezidenti: Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə seçicilərlə daim təmasda olsunlar

Azərbaycan Prezidenti: Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə seçicilərlə daim təmasda olsunlar Deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə seçicilərlə daim təmasda olsunlar.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Dövlət başçısı deyib:
"Son illər ərzində biz müxtəlif təzyiqlərlə, müxtəlif kampaniyalarla üzləşmişik, ancaq öz yolumuzdan dönməmişik. Ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xalqımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik - əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar.
O ki qaldı, gənc nəslə, yenə də deyirəm, bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər.
Əlbəttə, deputatlara tövsiyəm odur ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək".
20:01
Baxıs: 4320
Reyting: