allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Sayğaclar niyə dəyişdirilir: “Borcların silinməsi üçün alver başlanacaq” - İDDİA » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Sayğaclar niyə dəyişdirilir: “Borcların silinməsi üçün alver başlanacaq” - İDDİA

Sayğaclar niyə dəyişdirilir: “Borcların silinməsi üçün alver başlanacaq” - İDDİA
Məlum olduğu kimi, "Azəriqaz" İstehsalat Birliyinin Bakı şəhərində və regionlarda SMART tipli qaz sayğaclarını mexaniki sayğaclarla əvəzləməsi bir sıra iddiaların yaranmasına səbəb olub.

Xüsusilə pandemiya və əhalinin gəlirlərinin az olduğu dövrdə belə bir addımın atılması narazılığa səbəb olub. Bu prosesin qaz satışında oğurluq və korrupsiya hallarına yol açacağı ilə bağlı iddialar səslənib.

Daha müasir və istismar müddəti başa çatmamış qurğuların dəyişdirilməsi zərurəti hansı səbəbdən doğurub?

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyindən iddialar təkzib olunub. İstehsalat Birliyi sayğacların yenilənməsini maliyyə məsələləri ilə əlaqələndirib. Birliyin açıqlamasında bildirilir:

“Smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. “Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə, bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir. Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.

Qurumun açıqlamasına görə, ilin əvvəlində tərtib edilmiş siyahıya görə, ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti çatır. Bunun 470 minə yaxını Bakı şəhərinin payına düşür.

Ümumilikdə, bu il üçün 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir. Bunun təxminən 200 mindən bir qədər artığı demək olar ki, artıq əvəzlənib.

Göründüyü kimi, İstehsalat Birliyi açıqlama yaysa da, bu, iddiaların qarşısını almayıb.

İqtisadçı Akif Nəsirli Arazxeber.Az-a açıqlamasında “Azəriqaz”-ın əsaslandırmasını tamamilə absurd hesab etdiyini bildirib:

“Bu proses gələcəkdə ciddi problemlərin - qaz satışında oğurluqların və korrupsiya hallarının artmasına səbəb olacaq. Əsaslandırmadakı maliyyəyə qənaət arqumenti isə tamamilə yalandır. Belə ki, "İTRON" firmasının istehsalı olan əvvəldən ödənişli Smartkart tipli diafraqmalı məişət qaz sayğacı təbii, aqressiv olmayan kiçik təzyiqli quru və təmiz qazların uçotunun aparılması üçün istifadə olunur. Sayğacın istifadə müddəti 25 il nəzərdə tutulsa da, Avropa ölkələrində istifadə müddəti keçmiş analoji sayğaclar hələ də əhaliyə xidmət göstərir. Bu sayğacların yeganə problemi onun enerji mənbəyi olan elementin 8-9 ildən bir dəyişdirilməsidir. Sayğacda elekton hissənin işləməsi üçün qida mənbəyi kimi "Saft" firmasının istehsalı olan LS26500 markalı 3,6V gücə malik elementdən istifadə olunur. Elementin işləmə müddəti bir sıra şərtlər daxilində 9 ildir – yəni klapanın işləməsi ay ərzində 4 dəfədən çox olmazsa, istifadə olunmadıqda LCD ekran işləmirsə, kartla əməliyyat həftədə bir dəfədən çox olmayaraq aparıldıqda. Bu isə 8-9 ildən bir sayğacın enerji mənbəyi olan elementini dəyişməklə onu ən azı 25 il işlədilməsinin mümkünlüyü deməkdir”.

İqtisadçı deyir ki, maliyyəyə qənaət məsələsi inandırıcı olmadığı üçün "Azəriqaz" İB sayğacların dəyişdirilməsi prosesini yoxlama müddəti ilə izah edir:

“Əslində isə yoxlama müddətinin başa çatması istismar müddətinin başa çatması demək deyil. Qanunla əhali qrupundan olan abonentin sayğacı beş ildən bir yoxlanılmalı, onun istifadəyə yararlı olub-olmaması barədə abonentin iştirakı ilə akt tərtib edilməlidir. Sayğac istifadəyə yararlıdırsa, problemi həll edilir və sayğac xidmətini davam etdirir. Bu baxımdan da əgər qurum maliyyəyə qənaət etmək fikrindədirsə, smartkart sayğaclarının yoxlamasını həyata keçirməli, ehtiyac olduğu təqdirdə elementini dəyişməli idi. Sayğacın mexaniki sayğacla əvəz edilməsi ən azı 150 manata başa gəlirsə, onun elementinin dəyişdirilməsi 1-2 manata başa gəlir”.

Akif Nəsirli qeyd edir ki, İstehsalat Birliyi smartkart sayğacları 240, mexaniki sayğacları isə 70 manata təklif edir:

“İstismar müddətinin bitməsinə 23 il qaldığı təqdirdə sayğaclar kütləvi olaraq dəyişdirilir. Bunun maliyyəyə qənaətlə əlaqələndirilməsi tamamilə absurdur. Xatırladım ki, smartkart tipli sayğacların quraşdırılmasına 2009-cu ildə başlanılıb, kütləvi quraşdırma isə 2018-ci ildə aparılıb. Bu səbəbdən də bu sayğacların ən gec quraşdırılanlarının 23 il, ən tez quraşdırılanlarının isə 13 il istismar müddəti var. Bu baxımdan da innovativ sayğacların mexaniki sayğaclarla əvəzlənməsinin bir sıra səbəbləri var. Sayğacların alınması və quraşdırılması prosesində ciddi korrupsiya imkanları mövcuddur. Məsələn, tenderlərin necə həyata keçirildiyi arıq ictimaiyyətə sirr deyil, işi həyata keçirən şirkət milyonlarla rüşvət verir və bunu ona ayrılan büdcə vəsaitinin oğurlanması hesabına çıxarır. Şirkətin mənfəəti üçün isə 70 manata təklif olunan mexaniki sayğacların qiyməti 700 dollara qədər şişəcək. Daha sonra isə mexaniki sayğacların göstəriciləri, yəni borcların silinməsi üzərindən alver başlanacaq. Nəzarətçilər abonentlərə müxtəlif şirnikləndirici təkliflər verəcək. Abonentin pulunu alacaq, "silinmə" əməliyyatları isə aparmayacaq. Bir neçə ildən sonra məlum olacaq ki, hər abonentin yüzlərlə, minlərlə manat borcu var və Prezidentə müraciətlər ünvanlanacaq”.

İqtisadçı xatırladır ki, Azərbaycan Prezidenti 2009-cu ildə həm də bu kimi səbəblərdən yaranan 327 milyon manat məbləğində borcların silinməsini qərara aldı:

“Smartkart sayğacların mexaniki sayğaclarla dəyişilməsi əhali və qeyri-əhali abonentlərinin yenidən borclarının yığılıb qalmasına zəmin yaradır. Mən inanmıram ki, dövlət başçısının bu fırıldaqdan xəbəri var, bu baxımdan da fürsətdən istifadə edib, hökumətə müraciət etmək istəyirəm ki, "Azəriqaz" İB-nin yeni fırıldağının qarşısını alsın”.
15:12
Baxıs: 122880
Reyting: