Yeni “Araik hökumət”inə Bakıdan qəzəbli reaksiya

Arzu Nağıyev: “Onun təyinatla bağlı göstərdiyi şəxslər, strukturlar cəfəngiyyatdır”
İşğalçı Dağlıq Qarabağ rejiminin faktiki başçısı Araik Arutyunyan dekabrın 18-də “hökumətin” strukturunu yeniləyib. Yeniliyə görə, hökumət “xarici işlər”,”müdafiə”, “ədliyyə”, “maliyyə”, “iqtisadiyyat və kənd təsərrüfatı”, “əmək, sosial məsələlər və miqrasiya”, “ərazi idarəçiliyi və infrastruktur”, “şəhərsalma”, “səhiyyə”, “təhsil, elm, mədəniyyət və idman” “nazirliklərindən” ibarət olub. “Maliyyə naziri”nə eyni zamanda “hökumətə” rəhbərlik hüququ – “dövlət naziri” statusu verilib. Qondarma hökumətdə bu qurumlar da var: “milli təhlükəsizlik xidməti”, “polis”, “fövqəladə hallar üzrə dövlət xidməti”, “dövlət əmlakı idarəçiliyi və kadastr komitəsi”, “dövlət gəlirləri komitəsi”.

Xakəndində yeni “Araik hökuməti”nin qurulması haqlı olaraq geniş müzakirələrə səbəb olub. İndiyə qədər qondarma “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunan və 44 günlük Vətən müharibəsində cəhənnəmə vasil etdiyimiz qurumu yenidən bərpa etmək cəhdləri hiddət doğurur. Terrorçu rejimin Azərbaycan bayrağı altından nə zaman keçəcəyi, bu hökumət oyununun nə vaxta qədər davam edəcəyi ilə bağlı yaranan çoxsaylı suallara cavab axtarılır. Burada maraqlı bir detal da diqqətlərdən qaçmır. Belə ki, Araik gah istefa verdiyini açıqlayır, gah da yeni “hökumət” qurur. Bu da onu bir daha sübut edir ki, onun ipi müxtəlif əllərdədir.

Azərbaycan bu oyuncaq hökuməti gözardı etməli, yoxsa onların hakimiyyəti qanunsuz mənimsədiyi yönündə təbliğat işi aparmalıdır? Yeni “hökumət” Azərbaycanın bayrağı altında işləyə bilərmi? Azərbaycan Xankəndində öz hökumətini necə qurmalıdır?

Politoloq, deputat Arzu Nağıyev: “Məlum olduğu kimi, dekabrın 18-də yenə də özünü qondarma qurumun qondarma rəhbəri sayan quldurbaşı Araik Arutyunyan belə bir sərəncam imzalayıb və yeni heyətlə yeni dövlət strukturlarını təsdiq edib. 11 nazirlik və 5 komitədən ibarət yeni bir struktur təsdiqləyib. Ayın 16-da bununla bağlı müəyyən açıqlama da vermişdi. Orada göstərirdi ki, işlərin daha effektiv getməsi, müəyyən resurslar az olduğu və qənaət etmək üçün belə bir struktur yaradır. Məlum məsələdir ki, belə bir strukturun yaradılması məhz sülhməramlıların pakranaşı altında keçirilə bilər. Çünki son vaxtlar ora gətirilən humanitar yardımlar, tikililər, sülhməramlılar üçün postların yaradılması, onların yaşamaları üçün model tipli binaların tikilməsi çox mətləblərdən xəbər verir. Guya buna müəyyən qurum tərəfindən nəzarət olunmalıdır. Bunların hamısı cəfəngiyyatdır. Sadəcə, bu gün Araik Arutyunyanı quldur rejimin rəhbəri, icma başçısı kimi qəbul edirlər. Əgər onun cinayətləri ortaya qoyulsa, həmin sülhməramlı qüvvələr tərəfindən o həbs olunacaq. Bunun başqa bir yolu yoxdur. Eyni zamanda onun təyinatla bağlı göstərdiyi şəxslər, strukturlar cəfəngiyyat məsələlərdir. Çünki Arutyunyan Azərbaycan xalqının düşmənidir. O, Azərbaycana qarşı çox böyük cinayətlər törədib. Onun da sonunun nə ilə nəticələnəcəyi məlum məsələdir. Sadəcə olaraq, bu gün dövlətimiz əsas problem olan dövlət sərhədinin demoqrafiyası ilə məşğuldur. Eyni zamanda minalardan təmizlənmə və qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, infrastrukturların yaradılması istiqamətində çox ciddi addımlar atılır. Məlumdur ki, Araik Arutyunyanın da vaxtı gələcək. Mütləq onunla bağlı müvafiq qərarın verilməsinin şahidi olacağıq. Bir detala diqqət edin. Elə ki, 12 min nəfərin Xankəndinə qayıdacağı, sovet dövründə orada yaşayanların geri dönəcəkləri barədə məlumatlar yayıldı, evlərini satışa çıxarmağa başladılar. İndi necə ola bilər ki, həmin qondarma rejim orada qalsın? Burada hər hansı bir statusdan söhbət gedə bilməz. Çünki noyabrın 10-da imzalanmış üçtərəfli müqaviləyə əsasən, orada hər hansı bir strukturdan söhbət getmir. Sadəcə olaraq, bu gün orada müəyyən qədər erməni icması qalıb. Onlar da hələ Araik Arutyunyanın vədlərinə müəyyən qədər inanan şəxslərdir. Təsəvvür edin ki, bu struktur təsdiq olunubsa, hansı maliyyə mənbəyindən maliyyələşəcək? Bunlar necə fəaliyyət göstərəcəklər? Onların məvacibləri və digərləri kim tərəfindən veriləcək? Əgər bunlar bunu Rusiyanın edəcəyinə ümid bağlayırlarsa, çox absurd bir məsələdir. Düşünürəm ki, proseslər öz məcrasına yönəldikcə, onların o strukturları da darmadağın olunacaq, özləri barədə də müvafiq qərarlar veriləcək”.
Yeni “Araik hökumət”inə Bakıdan qəzəbli reaksiya
Arzu Nağıyev

Deputat bir məsələyə də xüsusi diqqət çəkdi: “Araik Arutyunyanın özü də cinayətkar olduğunu bilir. Gah istefa verir, gah istefasından geri qayıdır, gah partiyadan çıxır, gah da müəyyən siyasi gedişlər edir. Kimlə söhbət edilməsi, yaxud masa ətrafında oturulması aydınlaşacaq. Bugünkü gün üçün onlar sadəcə siyasi oyunlar oynayırlar, müəyyən gedişlər edirlər. Təsəvvür edin ki, bu gün meşələrdə gizlənən terrorçuların hamısı həbs olunur, yaxud əsir götürülür. Bu proseslər yekunlaşandan sonra düşünürəm ki, qondarma rejimin bu qondarma strukturlarına da əl gəzdiriləcək. Hər bir məsələ beynəlxalq qanunlar çərçivəsində gedir. Nəyin nə vaxt edilməsini Azərbaycan Prezidenti çox gözəl bilir. Bu haqda da o öz qeydlərində demişdi. Düşünürəm ki, hər bir məsələ plana uyğun şəkildə yerinə yetiriləcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
скачать dle 10.6фильмы бесплатно
22-12-2020, 23:44
Baxıs: 42 157
Reyting: