Arayış almaq istədilər, 3-cü doza peyvənd tələb edildi

Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə arayış almaq üçün üz tutan vətəndaşlar ciddi problemlə qarşılaşıblar.

Bu barədə Leqal.info-ya bir qrup qəsəbə sakini müraciət edib. Şikayətçilər deyir ki, müxtəlif məqsədlərə görə lazım olan arayışları almaq üçün nümayəndəliyə gediblər və onlara sənəd verilməyib. Səbəb isə həmin vətəndaşların 3-cü doza (“buster” doza) peyvənd vurdurmamaqları göstərilib. Onlara deyilib ki, bununla bağlı məlumat sistemdə çıxmır.

Qeyd edilir ki, son günlər Maştağa məktəblərində təhsil alan şagirdlərin valideynlərindən ailə tərkibi haqqında arayış tələb olunur. Məhz bu səbəbdən də sakinlər sözügedən nümayəndəliyə üz tutur. Qəsəbə nümayəndəliyin binasının qarşısında sıxlıq yarandığı bildirilir, buna səbəb isə böyük növbənin olmasıdır.

Valideynlər arayış üçün nümayəndəliyə üz tutanda vaksin problemindən başqa, onların qarşısında torpaq pulu məsələsi də qaldırılır. Sakinlər arayış adı altında nümayəndəliyə çağırıldıqlarını, adlarının sistemə saldırılaraq qanunsuz şəkildə onların şəxsi məlumatlarına baxıldığını iddia edirlər.

Övladı Sabunçu rayonu, 108 saylı məktəbdə oxuyan, adının açıqlanmasını istəməyən valideynlərdən birinin sözlərinə görə, arayışın verilməyi ilə bağlı məktəb vaxt da qoyub: "13 dekabra, yəni bu günə qədər o sənəd məktəbə təhvil verilməli idi, lazımsız gərginliklər yaradırlar. Əsas məsələ qalıb kənarda, vaksin dozası yoxlayırlar. Deyirlər ki, kimin sistemdə üçüncü doza vaksin vurdurmağı haqda məlumat çıxmasa, ona arayış verilməyəcək. Bunun məsələyə nə aidiyyəti var? Bəlkə biri xəstədir, bəlkə biri, ümumiyyətlə, vaksin vurdurmaq istəmir. Axı bu könüllü şeydir, dəfələrlə vurğulayırlar ki, vaksin vurdurmaq könüllüdür. İndi bu nə məcburiyyətdir?!"

Məsələ ilə bağlı 108 saylı məktəblə əlaqə saxladıq. Bildirildi ki, məktəb ailə tərkibi haqqında arayışı tələbetmə haqda göstərişi Sabunçu rayon İcra Hakimiyyətindən alıb.

Problemlə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən isə saytımıza “Bu məsələ bizlik deyil”, - cavabı verilib.

Şikayətlərin ünvanlandığı Maştağa qəsəbəsi üzrə nümayəndəlikdən isə ümumiyyətlə, telefonu açan olmadı. Qəsəbənin əsas qurumlarından biri olan nümayəndəliyin internetdə yerləşdirdiyi bir neçə nömrədən yalnız biri işləyir.скачать dle 10.6фильмы бесплатно
13-12-2021, 14:01
Baxıs: 25 738
Reyting: