Şuşaya, Cəbrayıla 1 saatlıq getməyə tələsmirəm…

Mən Şuşaya, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, hətta doğulub, ömrümün 7 ilini keçirdiyim doğma Cəbrayılıma belə getməyə tələsmirəm. Ona görə yox ki, bu 30 ilə yaxın müddətdə heç darıxmadım, yaxud da ümumiyyətlə getmək istəmirəm o müqəddəs torpaqlara. Əksinə, bəlkə də hər kəsdən də çox istəyirəm gedib uşaqlıq xatirələrimlə dolu olan kəndimi, rayonumu görməyi. Amma oralarda daimi yaşamaq istəyirəm, bir saatlığa getməyə tələsmirəm. Bilirəm o yerlərdə mənfur düşmənlərimiz daşı daş üstə qoymayıblar qalsın. İstənilən halda o torpaqlar üçün burnumun ucu göynəyir.

Siz heç bilirsiniz həsrət necə olur? Torpaq, yurd həsrəti isə tamam başqa hissdir. Onu yaşamayan bilməz. Heç arzulamıram da kimsə bu həsrəti yaşasın. Onsuz da 30 il ərzində bu yolu hamılıqla keçib o həsrətin nə olduğunu gördük. Ağrılı-acılı günləri, çadır həyatını, məktəb, bağça otaqlarında lampa işığında isinməyin necə olduğunu da yaşadıq. Ona yaşamaq desək də, adını yaşamaq qoysaq da, o günlər yaşanılası həyat deyildi. Bu müddət ərzində hər cür sifət belə gördük. Bəzi məqamların xırdalığına getmək istəməzdim. İstənilən halda xoş günlər yaşamadıq.

Qardaşlarımızın – Vətən igidlərimizin şücaəti, Ali Baş Komandanın dəmir yumruğu sayəsində köçkün adı üzərimizdən götürüldü. Ölkəmizin suverenliyi bərpa olundu. 1 ildən artıq müddətdir o torpaqlara əsl sahiblərinin ayağı dəyir, oralar çiçəklənir, abadlaşır, inkişaf edir. Zaman-zaman isə ictimaiyyət nümayəndələri, ziyalılar, QHT rəhbərləri, hətta jurnalistlər hansısa qurumların təşəbbüsü ilə o torpaqlara aparılır, oralarla tanış edilir. Amma yuxarıda qeyd etdiyim kimi oralara 1 saatlıq getməyə tələsmirəm. Özüm də hansısa təşkilata bu barədə rəsmən müraciət etmək niyyətində deyiləm. Yaxud da hər gün sosial şəbəkə vasitəsilə hansısa statuslar paylaşaraq umu-küsü də etmirəm. Əlbəttə dəvət olarsa, böyük məmnuniyyətlə gedəcəm. Niyə də getməyim? Axı, o torpaqlar qan bahasına alınıb. Axı, o torpaqların hər qarışı əzizdi,doğmadı. Amma indiki halda düşünürəm ki, düz 27 il öncə mən o torpağı görmüşəm, oranın havasını udub, suyunu içmişəm. Bir növ dadmışam o ləzzəti. Qoy bu ləzzətin dadını bilməyənlər gedib hiss etsin, oralarda tanış olsun. Görsün ki, bu illər ərzində hansı gözəllikdən, hansı təbiətdən məhrum olunmuşuq. Görsün ki, düşmənlərimiz necə talançılıqla məşğul olublar. Onsuz da bir az tez, ya gec hər birimiz sərbəst şəkildə o torpaqları qarış-qarış gəzəcəyik, dadını çıxaracağıq. Bu həsrətə son qoyan şəhidlərimizin ruhu qaşısında baş əyəcəyik, qazilərimizə can sağlığı arzulayıb, Ali Baş Komandana bir daha minnətdarlıq edəcəyik. Necə ki, hər gün bunu edirik. Amma indiki halda minalanmış ərazilərin olması səbəbindən o ərazilərə getməyə icazə yoxdursa, qaydalara əməl etmək məcburiyyətindəyik.

Təxminən 5 il olar, Naxçıvana məclisə dəvət almışdım. Qayıdanda məhz doğma torpaqlarımızı görmək məqsədi ilə qərara gəldim ki, İran tərəfi ilə Bakıya geri dönüm. Bilirdim ki, İran tərəfindən yol Araz çayı boyunca uzanır. Ona görə də, bu marşrutdan istifadə edərək Xudafərin körpüsünü, Arazın o tayında uzanan düşmən tapdağında olan doğma yurdumuzu seyr etdim. Amma fikirləşdim ki, bu həsrət uzun çəkməz və qısa müddətdə o torpaqlara Arazın o tayından baxmaram. Az keçmədi bu istəyim reallaşdı. Bir neçə gün öncə 150 QHT nümayəndəsinin Xudafərin körpüsünə təşkil olunmuş turunu görəndə bir daha bu günə şükür etdim. Şükür etdim ki, Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı dalağalanır. O Xudafərin körpüsü ki, onun üzərindən 1993-cü ildə məcburiyyət qarşısında keçmişəm. O keçid isə böyük bir məqalənin mövzusudur. Allah o günləri bir daha xalqımıza yaşatmasın. Çox keçməz 5 il öncə həsrətlə baxdığım Xudafərinin körpüsünün görüşünə gedərəm. Amma əsas bilirsiniz nədi, əzəli və əbədi torpaqlarımıza sahibik. Bu gün, ya sabah oralara gedə bilməsəm də olar, amma bilirəm ki, torpaqlarımız etibarlı əllərdədir.скачать dle 10.6фильмы бесплатно
29-12-2021, 13:00
Baxıs: 48 760
Reyting: