“Meymunçiçəyi pandemiyaya çevrilməyəcək”

“Meymunçiçəyi ilə koronavirusu müqayisə etmək tamamilə yanlışdır”.

Bunu “Report”a açıqlamasında dünyanın yeni epidemiya və ya pandemiya ilə üzləşib-üzləşməyəcəyi ilə bağlı sualı şərh edən həkim-terapevt Zaur Orucov deyib.

“Koronavirus pandemiyası illərində insanlarda istənilən infeksiyaya qarşı psixoloji travma yaranıb və indi bütün xəbərlər çox böyük ajiotaj doğurur. Meymunçiçəyi xəstəliyi tez-tez olmasa da, bəzən ölümlə nəticələnə bilməsinə görə təhlükəlidir. Ölüm hallarına ən çox Afrikanın yoxsul kənd əhalisi arasında rast gəlinir. Meymunçiçəyi çiçək xəstəliyinin yüngül formasıdır, xəstəliyin daha ağır forması olan qaraçiçək isə peyvəndlə məğlub edilib”, - o bildirib.

Z.Orucov həmçinin vurğulayıb ki, insanlar mediada öz şərhlərini formalaşdırarkən tibbi hissədən başqa hər şeydən danışırlar: “İndi ən əsası sakitləşmək, ayıq başla düşünməyə başlamaq və məsələni tibb nöqteyi-nəzərindən dərindən öyrənməkdir.

Meymunçiçəyi insandan insana çox çətin keçir, gərək çox yaxın təmas, cinsi əlaqə olsun və ya heyvanlarla, gəmiricilərlə və meymunlarla yaxın təmasda olmaq tələb olunur. Hərçənd meymundan keçmək ehtimalı çox aşağıdır, baxmayaraq ki, xəstəlik meymunçiçəyi adlanır. Çiçək xəstəliyini koronavirusdan və qripdən fərqləndirən əsas cəhət də budur, o, insandan insana çox çətin ötürülür”, -

Həkim söyləyib ki, meymunçiçəyinin simptomları digər yoluxucu xəstəliklərə bənzəyir - inkubasiya dövründə bədənin istiliyi artır, qızdırma, ağrılar olur, sonra isə səpgilər və limfadenit - limfa düyünlərinin böyüməsi baş verir: “Ümumiyyətlə, KİV-ə simptomları aktiv şəkildə təsvir etməyi məsləhət görməzdim, çünki bir çox xəstəliklərin oxşar simptomları var və insan onları özündə tapanda panika yaranır. Bu, vəziyyəti yaxşılaşdırmır”.

Z.Orucov bunu endemik zonada yaşayan insanların yoluxma riski zonasına aid edir: "Bu kateqoriyaya həmçinin artıq yoluxmuş insanlarla yaxın təmasda olan insanlar da daxildir. Ehtiyat tədbirlərinə gəlincə, əgər Afrikadasınızsa, bişməmiş ətə, meymunçiçəyi xəstəliyinin daşıyıcısı ola biləcək müxtəlif heyvanlara toxunmamaq daha yaxşı olardı. Həmçinin gigiyena qaydalarına əməl etmək, simptomları olan insanlarla daha az təmasda olmaq lazımdır ki, bunlar da standart karantin tədbirləridir”.

Həkim qara çiçək peyvəndinin meymunçiçəyinə qarşı təsirli olduğunu hesab edir, eyni zamanda, bildirir ki, bu xəstəliyə qarşı çox uzun müddətdir məcburi peyvəndlənmə olmadığını, bu səbəbdən də ildən-ilə qara çiçək xəstəliyindən qorunan insanların sayının azaldığını nəzərə almalıyıq.

“Meymunçiçəyinin yayılmaq imkanı var, lakin bu xəstəlik ikinci pandemiyaya qədər gəlib çatmayacaq”, - Z.Orucov fikrini yekunlaşdırıb.скачать dle 10.6фильмы бесплатно
25-05-2022, 17:12
Baxıs: 31 520
Reyting: