allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan məqsədinə çatır - Xankəndi təhvil veriləcək, son hazırlıqlar... » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan məqsədinə çatır - Xankəndi təhvil veriləcək, son hazırlıqlar...

Azərbaycan məqsədinə çatır - Xankəndi təhvil veriləcək, son hazırlıqlar...


Ermənistan Baş naziri Nikol Paşinyan Ədliyyə naziri Rüstəm Badasyanın Qarabağa ezamiyyətə getməsini tapşırıb. Erməni nazirin separatçı rejimin başçısı Arayik Arutunyanla görüşü də nəzərdə tutulub. Bu artıq neçənci erməni nazirinin Azərbaycan ərazisinə qanunsuz səfəridir. Bəs Paşinyan özü niyə Qarabağa səfər etmir? - Ermənistanın baş nazirinin mətbuat katibi bu suala cavabında "Belə səfər planlaşdırılmayıb, mənə belə suallar verməyin" deyib. Əslində cavabdan məlum olur ki, Paşinyanın nazirlərini Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsinə qanunsuz səfərlərə göndərməsi təxribatdan daha çox Ermənistan cəmiyyətinin və müxalifətin başının altına yastıq qoymaqdır. Serj Sarkisyan və Robert Köçəryan keçmişdən və Dağlıq Qarabağdan danışqdıqları halda baş nazir Nikol Paşinyan gündəmi dəyişməyə çalışır. Paşinyanın proqramı müharibədən sonra tamamilə dəyişdi. Bir vaxtlar işğal altında olan ərazilərə tez-tez səfərləri ilə diqqət çəkən N.Paşinyan indi Ermənistanın müxtəlif rayonlarına gedərək iqtisadi proqramlardan, iş yerlərindən və yolların çəkilişindən danışır. Vaxt keçdikcə isə Dağlıq Qarabağla bağlı az danışır. Çünki danışılası nəsə yoxdur, müharibədə məğlub olub, gənclərini və hərbi texnikasını itirib, hələ də meyitləri toplayırlar. Ermənistan erməniləri daha müharibə istəmir, müharibədən əvvəlki həyata qayıtmaq istəyirlər. Paşinyan da eynisini istəyir.

Kimisi Paşinyanın gedişi qadağa qoyulan Azərbaycan torpaqlarına tez-tez nümayəndələrini göndərməklə həm əhalini hər şeyin istədikləri kimi getdiyinə inandırmaq istədiyi, kimisi də rəqibləri onu ittiham etməsinlər deyə, hər həftə əsabələrini Xankəndinə göndərir kimi şərh edir. Amma əsl məqsəd başqadır. Bu, noyabrın 10-da imzalanan üçtərəfli bəyanat və 11 yanvarda baş tutan Moskva görüşündəki müddəları icra etmək üçün maneələrlə qarşılaşmamaq məqsədilə atılan addımdır. Belə olmasaydı yanvarın sonunda Ağdamda Türkiyə hərbiçilərinin də iştirakı ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başladığı ilk saatlarda Dağlıq Qarabağa getmək istəyən Fransadan bir qrup jurnalist, ictimai xadim peşiman geri dönməzdilər. Belə ki, Qarabağ klanının iki əsas üzvündən biri Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın son açıqlaması həm erməni cəmiyyəti üçün, həm də Azərbaycandakı narazı qruplara vəziyyətin nə yerdə olduğunu göstərdi. M.Minasyan "Bir neçə gün əvvəl Ermənistana Dağlıq Qarabağa getmək və orada baş verənlərə öz gözləri ilə baxmaq üçün keçmiş merlərdən birinin başçılığı ilə Fransadan bir qrup jurnalist, ictimai xadim, fikir liderləri gəlmişdi. Onları rəsmi olaraq akkreditə etdilər və onlar Stepanakertə (Xankəndi) yola düşdülər. Laçında onları sülhməramlılar saxlayıb və hara getdiklərini soruşub. Jurnalistlər "Stepanakert" deyəndə və akkreditə olunduqlarını göstərdikdə, sülhməramlılar onlara girişi qadağan edib və deyiblər ki, siz Azərbaycan ərazisinə daxil olursunuz və Ermənistanda edilən akkreditə keçərli deyil. Əgər daxil olmaq istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin. Nümayəndə heyəti Yerevana - Fransa səfirinin yanına qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyan ilə əlaqə saxlayır və nə baş verdiyini başa düşməyə çalışır. Nikol isə ona cavabında deyir ki, yanvarın 11-də biz razılığa gəlmişik ki, beynəlxalq media Azərbaycanda akkreditasiyadan keçməlidir, və ümumiyyətlə, onlar bu işlərə qarışmasa daha yaxşıdır. Conatan Lakota susmaqdan başqa heç nə qalmır" deməklə erməni cəmiyyətini real mənzərə il tanış etməyə çalışıb. Aydın olur ki, bununla da Paşinyan rejimi Xankəndinin də Azərbaycana verilməsi üçün son hazırlıqların ictimailəşməsindən qorumaq və mümkün təhlükəni önləmək məqsədi ilə belə bir addım atıb.

Qeyd edim ki, bu hadisə məhz Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra qeydə alınıb. Sual yaranır, Paşinyan Ermənistanın himayədarlarından biri olan, 44 günlük müharibə müddətində onlara hər cür dəstək verən, Azərbaycana qarşı düşmənçilik mövqeyindən bəyanatlar səsləndirən Fransa kimi ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən birinə qarşı rəsmi İrəvandan Dağlıq Qarabağa səfərlə bağlı belə bir reaksiya verdiyi halda öz nazirlərini niyə Qarabağa səfərlərdən çəkindirmir? Məncə bu müqayisə özü çox qaranlıq məqama aydınlıq gətirmək üçün yetərlidir. Amma son açıqlamaların üzərində dayanmaq da yerinə düşər.

Belə ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı dövlət başçıları Qarabağdakı Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə ediblər. Ərdoğan Ağdamda fəaliyyət göstərən Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən razılığını ifadə edərək, öz vəzifəsini uğurla icra etdiyini vurğulayıb. Ərdoğan Tvitter hesabında bu telefon danışığı ilə bağlı paylaşım edərkən "Qiymətli qardaşım, Rusiya Dövlət Başçısı Vladimir Putin" ifadəsindən istifadə edib. Bu, Dağlıq Qarabağda davam edən proseslərin hər iki ölkənin, xüsusən də Türkiyənin ürəyincə olduğu anlamına gəlir. Nəzərə alsaq ki, Türkiyə Azərbaycanın müttəfiqi, qardaş ölkədir, proseslərin Azərbaycanın xeyirinə davam etdiyini düşünə bilərik. Ümumiyyətlə Rusiya və Türkiyə prezidentləri nə qədər çox aralarında Qarabağı müzakirə etsələr, bizim üçün bir o qədər yaxşıdır. Ruslar ermənilərə də anlatmağa başlayıblar ki, 44 günlük müharibədən sonra Türkiyəsiz keçinmək mümkün olmayacaq, atılan və atılacaq addımlar Ankara ilə razılaşdırılmalıdır.

Vəziyyətin hər ötən gün daha çox Azərbaycanın xeyrinə dəyişdiyinin növbəti təsdiqi kimi erməni siyasi şərhçi Tevos Arşakyanın narahatlığını göstərmək olar. Onun sözlərinə görə, "artsax kuklaları" (Araik Harutyunya, Vitali Balasnyan) kənardan idarə olunurlar. Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan isə bildirir ki, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdı. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.

Həqiqətən də 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Paşinyan ayağını Xankəndinə qoymayıb, oradakı xunta başçısı Araik Aryuntunyanla görüşməyib, əksinə, "dqr" rəhbəri özü görüş üçün İrəvana getməli olub.

Əgər Paşinyan Azərbaycan torpağına gəlmirsə, dolayısı ilə ərazilərin bizə aid olduğunu təsdiqləyirsə, o zaman Araik və dəstəsinin hələ də Dağlıq Qarabağda niyə qaldıqları aydın olur. Nəzərdə tutulan qərarların icrası üçün orada görülməli olan bəzi məsələlərin həlli istiqamətində fəaliyyəti nəzərə alınaraq Arayik Arutunyanın Qarabağda sərbəst hərəkəti üçün bir maneə yaradılmayıb. Dağlıq Qarabağdakı prosesləri Ermənistanın daxili siyasi vəziyyətini nəzərə alaraq ictimailəşdirməməyi qarşılarına əsas vəzifə qoyan erməni hərbi-siyasi rəhbərliyi də bilir ki, bunun da sonuna az qalıb...

12:40
Baxıs: 1360
Reyting: