allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Onlayn tədrisdən sonra kağız üzərində imtahan - Nə qədər doğrudur? » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Onlayn tədrisdən sonra kağız üzərində imtahan - Nə qədər doğrudur?

Onlayn tədrisdən sonra kağız üzərində imtahan - Nə qədər doğrudur?

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzi sanitar-epidemioloji vəziyyəti nəzərə almaqla müəyyən bölgü əsasında aprel ayında tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilməsini nəzərdə tutur. Belə ki, 11-ci siniflərin imtahanı apreldə, 9-cu siniflərin imtahanı isə iyulda olacaq.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə imtahanların şəhər və rayonlar üzrə qrafikə uyğun olaraq keçiriləcəyini bildirdi:

“Sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanların vaxtında dəyişiklik ola bilər. Mərkəz tərəfindən 11-ci sinif üzrə buraxılış imtahanlarının aprelin 15-i, 16-sı, 22-si, 23-ü, 29-u və 30-da keçirilməsi nəzərdə tutulur. Biz qrafiki rayonlar üzrə vermişik. Bu isə o deməkdir ki, təhsil aldığınız məktəb hansı rayonun ərazisindədirsə, siz həmin gün imtahan vercəksiniz. Ola bilsin ki, siz Yasamal rayonunda yaşayırsınız, məktəbiniz isə Xətai rayonunda yerləşir. Bu, o deməkdir ki, siz Xətai rayonunda imtahan günü imtahan verəcəksiniz. Bunu nəzərə almaq lazımdır”.

Qeyd olunan tarixlər cari ilin məzunları üçün nəzərdə tutulub. “Bəs, əvvəlki illərin məzunları ilə bağlı qərar nə vaxt veriləcək” sualını isə mətbuat katibi bu cür cavablandırdı:

“Əvvəlki illəri məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsi, eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu ilə bağlı mart ayının sonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən məlumat veriləcək. Əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsinin may ayında təşkil olunması nəzərdə tutulur”.

X.Xanlarzadə onu da qeyd etdi ki, şagirdlər Dövlət İmtahan Mərkəzinin dim.gov.az elektron ünvanına daxil olaraq imtahan qrafikləri ilə tanış ola bilərlər:

“Buraxılış imtahanlarında şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil üzrə qiymətləndiriləcək. Şagirdlərə ümumilikdə 85 test tapşırığı veriləcək”.

Nəzərə alsaq ki, 9-cu və 11-ci sinif şagirdləri bir ildir, ənənəvi tədrisdən uzaqdır, təbii ki, bu da şagirdlər üçün müəyyən çətinliklər yaradacaq. Mütəxəssislər də ənənəvi qaydada kağız üzərində keçiriləcək imtahanların şagirdlər üçün müəyyən çətinliklər yaradacağını deyirlər. Təhsil eksperti Kamran Əsədov hesab edir ki, onlayn qaydada keçirilən dərslərin qiymətləndirilməsi də elə onlayn formada aparılmalıdır:

“Bir ildən artıqdır ki, dəsrləri onlayn qaydada olan şagirdlərin imtahanları ənənəvi qaydada kağız üzərində olacaq. Halbuki hesab edirəm ki, mövcud vəziyyətdə biz onlara dərsi onlayn qaydada keçməyi etibar edib inanırıqsa, deməli, qiymətləndirmə meyarları da onlayn qaydada olmalıdır. Çünki həmin uşqlar bir ildir ki, kağız daşıyıcıları üzərində imtahan vermirlər”.

Şagirdlərin qeydiyyatda olduğu rayonlar üzrə imtahan verdiyini nəzərə alaraq ekspert eyni zamanda bu və ya digər səbəbdən yaşayış yerini tərk edən məktəblilərə də xüsusi güzəştlərin olmasını təklif etdi:

“Bilirsiniz ki, müharibə dövründə zərər çəkmiş kifayət qədər evlər var. İndi həmin şagirdlər o ərazilərdə yaşamırlar. Bu amilin də nəzərə alınmasını məqsədəuyğun hesab edirəm. Bu və ya digər səbəbdən yaşayış yerini tərk etmiş şəxslərə də imtahanda iştirak etmək imkanı yaratmaq lazımdır. Çünki bu imtahan bir dəfə olacaq prosesdir”.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi isə ənənəvi imtahan verəcək şagirdlər üçün istər suallarda, istərsə də yaşayış yerini dəyişməsi ilə bağlı hər hansı çətinliyin olmayacağı bildirdi:

“Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər isə bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verəcəklər. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin mütəxəssisləri hazırkı vəziyyəti bir daha təhlil edərək tapşırıqların formasını daha da sadələşdirib. İmtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. Kodlaşdırıla bilən, seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq”.
07:28
Baxıs: 4800
Reyting: