allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İnternetsiz kəndlər, kompütersiz şagirdlər, susan nazirlik, pul qazanan işbazlar: - AKTUAL » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İnternetsiz kəndlər, kompütersiz şagirdlər, susan nazirlik, pul qazanan işbazlar: - AKTUAL

Pandemiyanın zərbə vurduğu sahələrdən biri də təhsildir.

Mövcud durumda Azərbaycan təhsili distant, o cümlədən də onlayn dərslərin səviyyəsindən asılı vəziyyətə düşüb.

Bəs onlayn dərslər necə keçirilir? Azərbaycanın bütün bölgələrində, o cümlədən də kəndlərdə onlayn dərslərin təşkili üçün imkanlar, genişzolaqlı internet şəbəkəsi və texniki resurslar varmı?

İnternetsiz kəndlər, kompütersiz şagirdlər, susan nazirlik, pul qazanan işbazlar: - AKTUAL

Arazxeber.Az məsələni araşdırmaq üçün öncə rayon təhsil şöbələri arasında sorğu keçirib. Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev bildirib ki, rayon mərkəzində və kəndlərdəki bütün məktəblərdə onlayn dərslər təşkil olunub:

“Bütün kəndlərdə internet şəbəkəsi var, amma bütün şagirdlər onlayn dərslərə qoşula bilmir. Çünki hamının telefon, kompüter və müvafiq telefonları yoxdur”.

Bərdə Rayon Təhsil Şöbəsindən bildirilib ki, şagirdlərə onlayn və “Votsap” üzərindən dərslər keçirilir:

“Bütün kəndlərdə keçirilir. Amma şagirdlərdən qoşulan da var, qoşulmayan da. Buna imkanı olmayanlar da var, elə yerlər var ki, orada internet zəifdir”.

Tərtər Rayon Təhsil Şöbəsindən bildirilib ki, rayonda onlayn dərslər təşkil olunub, amma elə kəndlər var ki, ümumiyyətlə, orada internet yoxdur.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Arazxeber.Az-a açıqlamasında bildirib ki, dərslər müxtəlif formalarda təşkil olunur:

“Yerli müəllimlər onlayn formada dərslər keçirir, eyni zamanda teledərslər formatı var. Hansı resursa əlçatanlıq varsa, ondan istifadə olunur”.

Ümumiyyətlə, internetlə təmin olunmayan və dərslərdən kənarda qalan şagirdlərimiz varmı?

Nazirlik sözcüsü bu suala cavabında bildirib ki, belə olduqda teledərslər layihəsindən istifadə olunur ki, bütün ölkədə bu əlçatandır:

“Teledərslərlə onlayn dərslər arasında fərqlər yoxdur”.

Bununla belə Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyinin səlahiyyətində olmadığına görə, Azərbaycanda ümumiyyətlə, internet şəbəkəsi olmayan kəndlərin mövcud olub-olmadığını bilmir:

“Harada internet təminatı var, harada yoxdur, harada əlçatanlıq var, mən bu məsələni araşdırmamışam”.

Media məsələləri üzrə mütəxəssis Azər Həsrət Cebhe.info-ya açıqlamasında deyib ki, şəxsən ona da məsələ ilə bağlı müraciətlər olur:

“Deyə bilərəm ki, problem kifayət qədər ciddidir. Bütün ailələrdə interenet, həm də internetə daxil olmaq üçün kompüter və ya digər qurğular yoxdur. Bəzi hallarda isə xidmət elə bir vəziyyətdə olur ki, ondan yararlanmaq belə çətinlik yaradır. Bizim Xaçmaz rayonunun Dədəli kəndində, hətta bir tələbə internet bağlantısı kəsildiyinə görə imtahandan kəsilmişdi. Buna görə də onun təqaüdü də kəsildi. Belə hallar müşahidə edilir”.

Azər Həsrət pandemiya başlanan zaman təkliflərlə çıxış etdiyini xatırlatdı:

“Təklif etdik ki, Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə kənd yerlərinə internetin çəkilməsi üçün tədbirlər görsün. Təəssüflər olsun ki, təkliflərimiz eşidilmədi. Nəinki Azərbaycanın rayonlarından, hətta Bakının infrastrukturu olan böyük kəndlərindən də internet çəkdirə bilməmələri ilə bağlı müraciət edirlər. Buna görə də onlayn dərsin tam keyfiyyətli formada keçilməsi haqqında danışmaq olmaz”.

Mütəxəssis təəssüflə qeyd etdi ki, bəzən müəllimlərin də bir qismi yaranmış vəziyyətdən sui-istifadə edir:

“Müxtəlif bəhanələrlə onlayn dərs keçmir, bəzən keyfiyyətsiz keçir, bəzən isə internet, işıq kəsilməsi kimi bəhanələr gətirirlər. Müəllimlərin də məsələyə daha məsuliyyətlə yanaşmasının vacib olduğunu düşünürəm. Amma problemin kökündən çözülməsi üçün müvafiq qurumlar kənd yerlərində internetin çəkilməsini təmin etməli idilər. Dədəli kəndində evlərə internet çəkilməsi üçün imkanlar var, amma qiyməti çox bahadır, 200-300 manat hələ bunun çəkilmə xərcidir. İnternet çəkənlər qəbz də vermirlər ki, bunun qanuni olub-olmadığını biləsən. Haramzadəlik edən adamlara da fürsət yaranıb. Adamın evində qurğular yoxdursa, internet çəkdirmək də kifayət etmir. Hər şeyi pandemiyanın üzərinə yıxırıq. Amma düşünürəm ki, müasir dövrdə onlayn dərs keçmək elə də çətin olmamalı idi”.

Ümumiyyətlə, internet şəbəkəsi olmayan və bu səbəbdən də onlayn dərslərə qoşulmaq imkanından məhrum olan kəndlər varmı?

Azər Həsrət bildirib ki, ümumi əhaliyə nisbətdə az görünsə də, belə kəndlər var:

“Elə kəndlər var ki, orada 50 ev var. Adicə telefon xətti ora gedib çıxmayıbsa, təbii ki, internet də çəkdirmək olmayacaq. Məsələn, Dədəli kəndində “Aztelekom”un xətti var, amma internetin çəkilməsi üçün onlara müraciət edən vətəndaşlara bildirirlər ki, bizim əlavə xətt ayırmaq üçün tutumumuz yoxdur. Bu baxımdan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu prosesi nəzarətə götürməli idi. Özü təşəbbüs etməli idi ki, bütün kəndlərə internet çəkilsin, ucuz qiymətə məktəb şəbəkəsi yaradılmalı idi. Mən ümumiyyətlə, nazirliyin təklifini də eşitməmişəm ki, vəziyyətdən necə çıxaq. Bu adamların nə işlə məşğul olduğunu anlamıram”.
08:38
Baxıs: 1600
Reyting: